19/11/2018 07:52
728 x 90

Ermənistanda dövlətçilik rəzaləti – ilginc sirlər sosial şəbəkələrdə…

img

Ermənistan daxilində baş verən son proseslər bu ölkədə yeni ciddi siyasi böhranın başlanmaq üzrə olduğunu göstərir. Xüsusən də yayılan məxfi səs yazılarından sonra hökumət özünə təhlükə hesab etdiyi şəxsləri daha sürətlə sıradan çıxarmaq üçün hərəkətə keçib.

Xatırladaq ki, Ermənistanın Xüsusi İstintaq Xidmətinin rəhbəri Sasun Xaçaturyan onunla Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanetsyan arasında telefon danışığının dinlənilməsi, səs yazısının internetdə yayılması ilə bağlı təcili mətbuat konfransı keçirib. Telefon danışığına əsasən, Vanetsyan müstəntiqlərin KTMT baş katibi Yuri Xaçaturovun barəsində həbs qətimkan tədbiri seçməyə hazırlaşdığını eşidəndə Sasun Xaçaturova deyir: “Bircə bu Xaçaturovu yox, KTMT rəhbəridir, tam biabır olarıq”. Vanetsyan Xaçaturovun məsələsinin “siyasi problem” olduğunu deyir və Rusiya ilə hansısa “razılaşmadan” danışır.

Səs yazısında Vanetsyan təklif edir ki, rusların qəzəbinə səbəb olmamaq üçün Xaçaturovun məsələsinə ciddi yanaşsınlar və onun əvəzinə sabiq müdafiə naziri Seyran Ohanyanı həbs etsinlər. O, həmçinin Xaçaturovun müavini, yəni general-leytenant Haykaz Bağmanyanın işinə baxılmasını xatırladır. Tərəflərin danışığında hətta Ohanyana qarşı ciddi ittihamların olduğu və onun da həbs ediləcəyi barədə fikir mübadiləsi aparılır. Sasun Xaçatryan qeyd edir ki, Ohanyanın əhalini təhdid edərək qoşun yeridəcəyi barədə xəbərdar etməsinə dair tutarlı dəlillər var. Bununla belə o, Xaçaturovun həbsini baş nazirlə müzakirə etməyi də Vanetsyan məsləhət bilir: “Görürsən ki, mən artıq həbs barədə elan etmişəm”.

“Yaxşı, mən ona elə indi zəng edərəm”-Vanetsyan Paşinyana zəng vuracağını deyir. Daha sonra səs yazısından bəlli olub ki, KTMT baş katibi Yuri Xaçaturovun barəsində həbs qətimkan tədbirinin seçilməsinin göstərişini şəxsən Nikol  Paşinyan özü verib. Vanetsyan onu da bildirir ki, keçmiş prezident Robert Köçəryanın işinə baxan hakim bir az qorxub. Amma Xüsusi İstintaq Komitəsinin rəhbər hakimə Köçəryanın həbs edilməli olduğunu tapşırdığını deyir: “Ona dedim ki, məni maraqlandırmır sən bunu istəyirsən ya yox, həbs barədə qərar çıxarmalısan”. Bütün bunlar Ermənistanda son həbslərin siyasi sifariş əsasında həyata keçirildyini təsdiq edir və səs yazısının həqiqət olması da artıq təsdiqini tapıb. Telefon danışığının kim, yaxud hansı ölkə tərəfindən qeydə alınıb sızdırıldığı hazırda qızğın müzakirə mövzusudur. Əksər ekspertlər, sosial şəbəkə istifadəçiləri bunu Rusiya Baş Kəşfiyyat İdarəsinin işi hesab edir. Onu da bildirək ki,  səs yazısı hələ avqustun 5-də həmin gün açılmış “YouTube“ kanalında yerləşdirilib, lakin fayl baş nazir Nikol Paşinyanın Moskvaya səfərindən sonra aktivləşdirilib.

Məsələ ilə bağlı Artur Vanetsyan keçirdiyi mətbuat konfransında bildirib ki, telefon danışığını 99,99 faiz ehtimalla onun başçılıq etdiyi strukturda yazmayıblar. Amma Vanetsyan hansısa xarici dövlətə də eyham vurmayıb, bunun keçmiş hakimiyyət nümayəndələri tərəfindən edilməsi ehtimalına daha çox üstünlük verdiyini nümayiş etdirib.

Sasun Xaçaturyan isə telefon danışığının yayılmasını 2008-ci il 1 mart hadisələrinə dair istintaqa mane olmaq cəhdi adlandırıb. Bildirib ki, şəxsin icazəsi olmadan onun barəsində məlumatların toplanması, yayılması cinayətdir: “Biz xalqa oğurlanmış milyardları qaytarmağa çalışırıq, qatilləri və onların sponsorlarını məsuliyyətə cəlb etmək istəyirik. Onlar nə edə bilər? Bu bizi dayandırmağa yönəlmiş miskin cəhddir, amma inanın ki, biz dayanan deyilik və öz işimizi görəcəyik”. Xüsusi İstintaq Komitəsinin rəhbəri təsdiq edib ki, baş nazir Paşinyanı KTMT baş katibi Yuri Xaçaturovun həbsi barədə məlumatlandırıb: “Baş nazir dəfələrlə deyib ki, hansısa şəxsin təsqirləndirilən qismində istintaqa cəlb edilməsinə siyasi əngəl ola bilməz. Bu planda bəli, mən cənab baş naziri Xaçaturovun və digərlərinin barəsində qətimkan tədbirinin seçilməsi barədə məlumatlandırmışam”. Bununla belə, yuxarıda qeyd olunduğu kimi, səs yazısında Xaçaturovun həbsi barədə siyasi sifariş aydın eşidilir.

Baş verənlərə Paşinyan artıq qəzəbli reaksiya verib. O, bu məsələdə əsas etibarıilə keçmiş hakimiyyət təmsilçilərini ittiham edir. İrəvanda keçirdiyi mitinqdə çıxışı zamanı Paşinyan konkret hədələr səsləndirib. İlk növbədə bildirib ki, Nikol Paşinyana nəsə olsa, o zaman xalq küçələrə çıxacaq və potensial qatil hesab etdiyi şəxslər üzərində məhkəmə quracaq: “Potensial qatillərə nə olacağını təsəvvür edirsinizmi? Mən xalqın mandatı və razılığı ilə antikorrupsiya mübarizəsi aparıram. Başıma nəsə gəlsə, xalq küçələrə çıxacaq və potensial qatillər üzərində məhkəmə quracaq. Məhz xalq mənim təhlükəsizliyimin zəmanətçisidir. Mən özümün və ailəmin təhlükəsizliyindən narahat deyiləm. Bu mübarizə sona qədər davam edəcək. Əgər mən korrupsiyaya bulaşsam, o zaman məni Respublika meydanında asın”. O, Serj Sarkisyanın qardaşı Aleksandr Sarkisyanın bank hesabları məsələsinə də toxunub. Paşinyanın sözlərinə görə, təkcə bir bankda onun 30 milyon dolları var və bu dondurulub:“Saşik Sarkisyana çağırış edirəm ki, bir həftə ərzində 30 milyon dolları dövlət büdcəsinə qaytarsın. Biz imkan verməyəcəyik ki, kimsə xalqla məzələnsin”.

Baş nazir məlum telefon söhbətinin audioyazısının yayımlanmasına münasibət bildirərək deyib: “Bu təxribatdır, bu, Ermənistan dövlətçiliyinə qarşı cinayətdir, mən bu təxribatın təşkilatçılarını aşkar edərək ən ciddi məsuliyyətə cəlb edilmələrini tapşırmışam. Mən hamını – oliqarxları, cangüdənləri tərksilah etməyi tapşırıram. Robert Köçəryan və Serj Sarkisyan, siz erməni xalqına qarşı çıxmağa qərar verdiniz, bir dayanın! 1 martda insanların qətlində günahkar olanların hamısı məhkəmə qarşısında cavab verəcək. Xalqdan oğurladıqlarının hamısını xalqa qaytaracaqlar - Robert Köçəryan, Serj Sarkisyan, Ovik Abramyan, Manvel Qriqoryan, Taron Markaryan, Qaqik Xaçatryan… Müxtəlif kalibrli məmurlar bunu hiss edirlər və bilirlər ki, bu vaxt gəlir. Və onlar buna mane olmaq üçün hər cür vasitəyə əl atırlar". Artıq Paşinyanın bu çıxışından sonra Ermənistanın hüquq-mühafizə orqanları Robert Köçəryana qarşı yeni cinayət işinə başlayıblar. Bu dəfə Köçəryan maliyyə maxinasiyalarında və pulların yuyulmasında ittiham edilir. Artur Vanetsyan bununla bağlı bildirib: “Söhbət yüzlərlə milyon dollardan gedir. Biz kimin nə qədər varidatının olması barədə faktları dərc edəcəyik. İrəvandakı “Konqress” mehmanxanasının 6 milyon dollar rüşvətlə necə alındığını dərc edəcəyik. Köçəryanın ailıəsinin bu mehmanxanaya yiyələnmıəsinin sxemi mövcuddur”.  

Robert Köçəryan isə Milli Təhlükəsizlik Xidməti və Xüsusi İstintaq Xidməti rəhbərlərinin yayılan gizli səs yazısı, həmçinin, maliyyə maxinasiyaları və pulların yuyulmasında ittiham olunaraq özünə qarşı yeni cinayət işlərinin açılmasına münasibət bildirib. Köçəryan xüsusi xidmət orqanlarının bu davranışını cinayət adlandırıb. Onun sözlərinə görə, səs yazısı ictimaiyyətə yayılandan sonra Ermənistan baş naziri Nikol Paşinyanın və MTX ilə XİX rəhbərlərinin açıqlaması sadəcə əhalinin diqqətini yayındırmaq və öz cinayətlərini ört-basdır etməyə hesablanmış uğursuz cəhdlərdir: "Bu səbəbdən də, guya onların korrupsiya ilə “qəhrəmancasına” mübarizə aparmalarına mane olmaq üçün bu səs yazısının üzə çıxarıldığını iddia etmək sadəcə absurddur”.
Sabiq prezidentin fikrincə, Paşinyanın və səs yazısındakı şəxslərin sözlərindən aydın olur ki, saxta yollarla onu həbs edə və siyasi meydandan uzaqlaşdıra bilməyəcəklərini başa düşən Ermənistan rəhbərliyi yeni metoda əl ataraq, Köçəryanın ailəsini pulların yuyulmasında ittiham edir. Bu mənada, Köçəryan ona qarşı yeni siyasi təqibin başladığını bəyan edib.  Xalqa müraciət edən sabiq prezident Ermənistanın diletantların idarə etdiyi və siyasi repressiyaların həyata keçirildiyi ölkəyə çevrilməsinə yol verməməyə çağırıb. Bu mənada, Köçəryana görə, Nikol Paşinyan saxta ittihamlarla öz rəqiblərini və onunla eyni fikri bölüşməyənləri aradan götürən bolşevikdir. 

Lakin görünən odur ki, Ermənistanda sabiqlərə qarşı cinayət işi dayanmayacaq. Bunun nəticəsidir ki, MTX direktorunun sözlərinə əsasən, tezliklə Köçəryanın prezident postundakı xələfi Serj Sarkisyanın qardaşı Aleksandrın maliyyə maxinasiyaları haqqında məlumat dərc olunacaq. Sasun Xaçaturyan isə bildirir ki,  2008-ci il martın 1-2-dəki hadisələrə dair istintaq yeni detallar aşkarlayıb: “2008-ci ilin fevralında 0038 saylı xüsusi qriflə “tam məxfi” əmr olub. Araşdırma zamanı məlum olub ki, həmin əmrlə əsasən mobil güc qrupları yaradılıb. Robert Köçəryanın vəkili bildirib ki, ordunu siyasətə qarışdırmamaq üçün onu müdafiə nazirnin müavinləri Qaqik Melkonyan və Manvel Qriqoryan yaradıb. Bu dəlil, ən azından, qeyri-ciddidir”. Xaçaturyan hərbçilərə pul paylayan şəxslərin adların açıqlamayıb. Bildirib ki, adlarını açıqlasa, onlar ölkədən qaçacaq. Bütün bunlar yaxın tezlikdə Ermənistanı yeni həbs dalğası bürüyəcəyini və Rusiyanın narazılığına rəğmən, Moskvaya bağlı şəxslərin, o cümlədən sabiq prezidentlərin həbsinin qaçılmaz olduğunu göstərir. Belə vəziyyətdə Rusiyanın İrəvana qarşı daha açıq fəaliyyətə keçməsi də qaçılmaz sayılır.

Digər tərəfdən, Ermənistan parlamentinin vitse-spikeri, Ermənistanın AŞPA -dakı nümayəndə heyətinin rəhbəri Arpine Ovannisyan bildirib ki, baş verənləri AŞ PA da araşdıracaq. Ermənistan Milli Təhlükəsizlik Xidməti və Xüsusi İstintaq Xidməti rəhbərlərinin yayılan gizli səs yazısı da qızğın müzakirələrə səbəb olub. Bütün bunları nəzərə alaraq, AŞPA-nın siyasi məsələlər və demokratiya üzrə komissiyası qanunun aliliyinin və qanunverici və məhkəmə hakimiyyətinin müstəqilliyinin təmin olunmasını yoxlamaq, o cümlədən siyasi təqiblərlə bağlı Ermənistanda monitorinq keçirmək barədə qərar qəbul edib və bununla bağlı rəsmi İrəvana məktub göndərilib. 

Tahir TAĞIYEV

Son xəbərlər