24/09/2018 04:34
728 x 90

Prezident Əliyevin Avropa ilə əməkdaşlıqların gücləndirilməsi səylərinə daha bir proqressiv reaksiya – Avropa Komissiyasının açıq niyyəti...

“Aİ və Azərbaycan arasında imzalanması nəzərdə tutulan strateji saziş, əlbəttə, Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu xarici siyasətinin əlaməti kimi qəbul edilə bilər”

img

Yeganə Hacıyeva: “Hər iki tərəf danışıqlarda irəliləyişə sadiq olduğunu nümayiş etdirib və tərəflər yaxın zamanlarda baş tutacaq növbəti mərhələnin icrası gözləntisindədir”

 

Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında yeni hərtərəfli saziş barədə danışıqlar davam edir və həm Bakıda, həm də Brüsseldə daimi əsasda keçirilir. Bu barədə Avropa Komissiyasından bildiriblər: “Bizim niyyətimiz danışıqların tez bir zamanda başa çatdırılmasıdır. Hər iki tərəf danışıqlarda irəliləyişə sadiq olduğunu nümayiş etdirib və biz səbrsizliklə yaxın zamanlarda baş tutacaq növbəti mərhələni gözləyirik”.

Avropa Komissiyasından bildiriblər ki, müzakirələr konstruktiv məcrada davam edib və hər iki tərəf 1996-cı ildə əldə olnmuş sazişi əvəz edəcək yeni sazişin imzalanması üçün güclü iradə nümayiş etdirir: “Yeni saziş fundamental dəyərlər və prinsiplər üzərində qurulmuş münasibətlərimizi daha da genişləndirəcək və dərinləşdirəcək. Saziş siyasi, ticarət-iqtisadi və digər sahələr üzrə münasibətləri əhatə edəcək”.

Komissiyada vurğulayıblar ki, əsas diqqət Aİ ilə Azərbaycan arasında cari əməkdaşlığı, Azərbaycanın Avropa İttifaqı üçün vacib tərəfdaş olmasını əks etdirən və tərəflərə öz potensiallarını reallaşdırmağa imkan verəcək bu sazişin imzalanmasına ayrılır.

Bununla belə, təşkilatdan bildiriblər ki, yeni sazişin adı hələlik müəyyən edilməyib: “Yeni sazişin imzalanması Aİ ilə Azərbaycan arasında tərəfdaşlıq prioritetlərinin reallaşdırılması ilə yanaşı, ikitərəfli gündəliyimizdə əsas prioritetlərdən biridir”.

Göründüyü kimi, Avropa İttifaqı Azərbaycanla əlaqələrin maksimum dərəcədə tez və səmərəli qurulmasında maraqlıdır. Qeyd edək ki, son zamanlar Azərbaycan Prezidentinin də iş qrafikində Avropa ölkələri ilə münasibətlərə xüsusi önəm verilir. Bu baxımdan ölkə başçısının Fransa və Xorvatiyaya səfərlərini, Almaniya Kansleri Angela Merkeli Bakıda qəbul etməsini xüsusi qeyd etmək olar. Avropa Birliyinin son açıqlamasını Azərbaycanın Avropaya doğru atdığı addımların intensivləşməsinə verilən müsbət reaksiyanın təzahürü saymaq olarmı?

Politoloq Yeganə Hacıyeva qəzetimizə bildirdi ki, Aİ üçün Azərbaycanla imzalanması nəzərdə tutulan strateji sazişın mühümlüyü bu il keçirilən erkən seçkilərdə Azərbaycan Prezidenti İlham Əliyevə prezident seçilməsi münasibətilə müxtəlif Avropa qurumları və dövlətləri, habelə  beynəlxalq təşkilatların rəhbərlərindən gələn təbrik məktublarında ifadə olunub: “11 aprel növbədənkənar prezident seçkilərindən sonra Avropa Şurasının baş katibi Torbyorn Yaqland , Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk, Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker, Avropanın aparıcı iqtisadi və siyasi nəhəngi olan Almaniyanın  Prezidenti Frank-Valter Ştaynmayer İlham Əliyevi seçkilərdə qələbə qazanması münasibətilə təbrik məktublarında Aİ və Azərbaycanla mövcud münasibətlər və onların inkişafı prioritetləri haqqında gözləntiləri ifadə edib. Həmin təbrik mətnlərinin ana xəttini Avropa İttifaqı və Azərbaycan arasında münasibətlərin dərinləşdirilməsi arzusu, siyasi və iqtisadi maraqlarımıza söykənən daha əhatəli yeni ikitərəfli strateji tərəfdaşlıq sazişi üzrə aparılan danışıqların yekunlaşdırılması istəyi, Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin daha da gücləndirilməsi və ikitərəfli əlaqələrin daha da inkişaf etməsi arzusu təşkil edirdi. Qlobal siyasi və iqtisadi maraqlara əsaslanan yeni geniş ikitərəfli saziş üzrə aparılan danışıqlar vasitəsilə Azərbaycan və Avropa İttifaqı arasında münasibətlərin daha da dərinləşəcəyinə inam ifadə olunurdu.

Qeyd edim ki, 2016-cı ilin noyabrında Aİ Avropa Komissiyasına Azərbaycanla hərtərəfli saziş əsasında Aİ və üzv ölkələr adından danışıqlar aparmaq üçün mandat verib və həmin ilin sentyabrından Aİ ilə Azərbaycan arasında mövcud əməkdaşlıq mexanizmləri çərçivəsində fəaliyyət kimi Azərbaycan və Aİ komissiyalarının alt komitələrində birgə fəaliyyətə start verildi. Bu fəaliyyət münasibətlərin beş əsas istiqamətini - qanunvericilik, nəqliyyat, struktur dəyişikliyi, enerji və mübadilə və s. proqramları əhatə edirdi. Qeyd edim ki yeni saziş 1996-cı ildə qəbul olunmuş tərəfdaşlıq və əməkdaşlıq barədə sazişi əvəz etməlidir”.

Politoloqun sözlərinə görə, bu ilin iyul ayında Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun da iştirakı ilə Avropa İttifaqı (Aİ) və Azərbaycan arasında tərəfdaşlıq prioritetlərinin müəyyənləşdirilməsi mərhələsi yekunlaşdırılıb və bu sənəd Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Aİ-nin xarici əlaqələr üzrə ali komissarı Federika Mogerini tərəfindən paraflanıb.

Hazırda Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında yeni hərtərəfli saziş barədə danışıqlar davam edir və həm Bakı, həm də Brüsseldə daimi əsasda keçirilir və tərəflərin niyyəti  danışıqların tez bir zamanda başa çatdırılmasıdır. Hər iki tərəf danışıqlarda irəliləyişə sadiq olduğunu nümayiş etdirib və tərəflər yaxın zamanlarda baş tutacaq növbəti mərhələnin icrası gözləntisindədir.

Avropa Komissiyasının da bu günlərdə bəyan etdiyi kimi, Aİ üçün əsas diqqət Aİ ilə Azərbaycan arasında cari əməkdaşlığı, Azərbaycanın Avropa İttifaqı üçün vacib tərəfdaş olmasını əks etdirən və tərəflərə öz potensiallarını reallaşdırmağa imkan verəcək bu sazişin imzalanmasına yönəlib.

Aİ və Azərbaycan arasında imzalanması nəzərdə tutulan strateji saziş, əlbəttə, Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü uğurlu xarici siyasətin nümayişi kimi qəbul edilə bilər”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər