25/09/2018 21:55
728 x 90

ATƏT baş katibinin Bakıya gəlişinin ilginc pərdəarxası – Ermənistana təzyiq xarakterli yeni ideyalar gündəmdə... (?)

ATƏT-in baş katibi özü isə Bakı səfərinin məqsədinə belə izah verib...

img

Məhəmməd Əsədullazadə:Münaqişənin alovlanması ATƏT üçün arzuolunan deyil”
“O üzdən, qurumun baş katibi hərəkətə keçib

 

Məlum olduğu kimi, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) baş katibi Tomas Qreminger Azərbaycana səfərə gəlib. Baş katib ölkə rəsmiləri, eləcə də XİN-də görüşlər keçirib. Həmçinin, baş katib Azərbaycanla ATƏT arasında əməkdaşlıq məsələlərini müzakirə edib.

Prezident İlham Əliyev ATƏT-in baş katibi T.Qremingeri qəbul edib. T.Qremingerin səfəri zamanı müzakirə ediləsi məsələlərin gündəliyinin geniş olduğunu deyən dövlət başçısı bildirib ki, əsas məsələlərdən biri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlıdır. Bu baxımdan, Prezident İlham Əliyev qeyd edib ki, Ermənistanın yeni baş nazirinin fəaliyyətə başladığı ilk günlərdən münaqişənin həlli ilə əlaqədar verdiyi ziddiyyətli bəyanatlar ən azı təəccüb doğurur: “Xüsusilə “Azərbaycan qondarma “Dağlıq Qarabağ Respublikası” ilə danışıqlar aparmalıdır” tezisi qəbuledilməzdir. Bu onu göstərir ki, Ermənistan rəhbərliyi danışıqları pozmaq istəyir. Azərbaycanın işğal edilmiş rayonlarının guya qondarma “Dağlıq Qarabağ Respublikası”nın tərkib hissəsi olması kimi bəyanatları da Azərbaycan qətiyyətlə rədd edir və Azərbaycan ATƏT-i bu təhlükəli bəyanatlara reaksiya verməyə çağırır”.

O da məlumdur ki, bəzi gözləntilərə rəğmən, Nikol Paşinyan baş nazir seçiləndən sonra Dağlıq Qarabağla bağlı ritorikanı dəyişməyib. O, münaqişənin həlli ilə bağlı tamamilə absurd, qeyri-konstruktiv mövqe sərgiləməkdədir. Onun bununla bağlı verdiyi açıqlamalar beynəlxalq hüquqa tamamilə ziddir. Paşinyanın bu günlərdə Moskvada səfərdə olarkən Dağlıq Qarabağla bağlı səsləndirdiyi fikirlər bunu bir daha sübut etdi. Ancaq Azərbaycanın beynəlxalq aləmdə nüfuzu get-gedə artır. Eyni zamanda, sözügedən məsələdə beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. Ermənistanın baş nazirinin sərgilədiyi mövqe isə müharibənin alovlanmasına xidmət edir. Ehtimal ki, ATƏT-in baş katibi Paşinyanın məlum açıqlamaları fonunda müharibənin yenidən başlamasından ehtiyat etdiyi üçün aktivləşib. O da ola bilər ki, Ermənistana təsir etmək üçün fəallaşıb. Ən incə təxminlərdən biri budur ki, ATƏT Ermənistana təzyiq xarakterli yeni ideyaları və bunun əsasında yeni mexanizmləri işə salmaq niyyətindədir. Görünən odur ki, qurum təmas xəttində eskalasiyanın baş verməsini istəmir.

Bütün bu deyilənlərin fonunda maraqlıdır, bəs ekspertlər sözügedən prosesləri necə dəyərləndirirlər?

Məsələyə münasibət bildirən politoloq Məhəmməd Əsədullazadə buna bir neçə kontekstdən yanaşdı: “ATƏT-in baş katibi regiona səfəri çərçivəsində bundan əvvəl Ermənistanda oldu. Burada erməni rəsmləri ilə görüşdə Dağlıq Qarabağ konfliktinin həlli istiqamətində danışıqlar apardı. Qeyd edim ki, Ermənistanın baş naziri Nikol Paşinyan münaqişənin həllinə zərbə vuracaq açıqlamalarını ilk gündən qeyd edirdi. Təbii ki, sülhü və konfliktin həllini mümkünsüz edə biləcək bu açıqlamalar ATƏT-i də narahat etməyə bilməz. Putinlə görüşdən sonra Paşinyanın bəyanatı birbaşa danışıqları pozmaq cəhdidir. Hesab edirəm ki, ATƏT-in baş katibinin ölkəmizə səfərində rəsmi İrəvanın yanlış mövqeyi baş katibin nəzərinə çatdırılıb. Erməni tərəfi öz diplomatik bəyanatlarında sərt ritorikanı davam etdirərsə, rəsmi Bakı güc siyasətinə əl ata bilər. Münaqişənin alovlanması ATƏT üçün arzuolunan deyil. O üzdən, qurumun baş katibi hərəkətə keçib. Qeyd edim ki, ATƏT Ermənistanın işğalçı siyasətinə qarşı birmənalı siyasət ortaya qoymalı, Minsk Qrupunun tərkibi dəyişməlidir. Çünki eyni formatla münaqişənin sülh yolu ilə həlli dalana dirənib. Bundan əlavə, ATƏT sədrinin ölkəmizə səfərində atəşkəsin qorunması və danışıqların davam etdirilməsi müzakirə olunub. Azərbaycan bir daha baş katibə Ermənistanla bağlı axırıncı xəbərdarlığı etməlidir. Sülh, ya da müharibə. Sülh istəyirlərsə, danışıqlar substantiv mərhələdə aparılmalıdır. Göründüyü kimi, erməni baş nazirin son açıqlamaları müharibə variantını masaya gətirir. Danışıqların aparılması üçün mümkün variantların üstündən xətt çəkir”.

Qeyd edək ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşü sentyabrın 4-cü həftəsində Nyu Yorkda baş tuta bilər. ATƏT-in baş katibi Tomas Qreminger Bakıda jurnalistlərə açıqlamasında belə deyib. O qeyd edib ki, iki ölkənin xarici işlər nazirlərinin görüşü planlaşdırılır.

"Biz ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı fəaliyyətini dəstəkləyirik". Bunu da ATƏT-in baş katibi Tomas Qreminger Bakıda jurnalistlərə açıqlamasında deyib.

Baş katib qeyd edib ki, vasitəçilər münaqişənin nizamlanması üçün səy göstərir: "Bununla belə, münaqişə tərəflərinin siyasi iradəsi olmalıdır ki, problemin həlli istiqamətində irəliləyiş əldə olunsun".

T.Qreminger bildirib ki, Bakıya səfərinin məqsədi Azərbaycanla ATƏT arasında əlaqələrin daha da inkişaf etdirilməsi potensialını araşdırmaqdır: “Azərbaycan ATƏT-in fəal üzvüdür, təşkilatın fəaliyyətinə, o cümlədən dialoqun qurulmasına, siyasi və hərbi məsələlərə mühüm töhfələr verir. Biz bunu yüksək qiymətləndiririk və hesab edirik ki, əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün potensial mövcuddur”.

Vidadi ORDAHALLI

Son xəbərlər