24/09/2018 04:30
728 x 90

Ermənistanda yeni hökumətə qarşı “əksinqilabçı qruplaşma” sürətlə təşkilatlanır

img

Ermənistanın baş naziri Nikol Paşinyanın verdiyi bütün nikbin açıqlamalara rəğmən, onun Rusiya səfərinin ciddi fiasko ilə nəticələndiyi birmənalı həqiqətdir. Bunu erməni mediası da açıq yazır. Məsələn, açıq şəkildə qeyd olunur ki, Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya səfəri zamanı Bakı və Moskva arasında iqtisadi, siyasi münasibətləri daha da dərinləşdirən çoxsaylı sənədlər imzalansa da, Paşinyanın səfəri fonunda yaddaqalan hansısa belə sənəd imzalanmadı.

Digər tərəfdən narahatlıq yaradan başlıca problemlərdən biri də budur ki, Rusiyanın narazılığına baxmayaraq, İrəvan Moskvaya bağlı bir sıra sabiq məmurlara qarşı təqib siyasətini davam etdirir. Bu fonda isə Moskvanın razılığı ilə müəyyən qüvvələrin Ermənistan daxilində yeni çevriliş edəcəyi istisna olunmur və artıq Paşinyan özü də bundan açıq şəkildə narahatlığını büruzə verir.

Amma o da maraqlıdır ki, rəsmi İrəvan 2008-ci ilin 1 mart hadisələri üzrə açılan cinayət işi çərçivəsində həbslərin davam edəcəyini və Rusiyanın narazlığının nəzərə alınmayacağını bəyan edib. Nikol Paşinyan bununla bağlı fikirlərini “Kommersant” nəşrinə müsahibəsində də bildirib. “2008-ci ilin 1 mart hadisələri üzrə açılan cinayət işi çərçivəsində Rusiya prezidenti Vladimir Putinin kifayət qədər yaxın dostu hesab edilən eks-prezident Robert Köçəryana, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Yuri Xaçaturova qarşı cinayət işi açıldığı zaman Moskva aydın şəkildə bildirdi ki, bu onun xoşuna gəlmir. Siz bu mövzuları Putinlə müzakirə etdinizmi? Nəzərə alsaq ki, Vladimir Putin Robert Köçəryanı avqustun 31-də ad günü münasibətilə telefonla təbrik etdi” sualına Paşinyan cavab verib: “Vladimir Putin insani əlaqələri və münasibətləri yüksək qiymətləndirən şəxsdir. Bunu şərh etmək və bundan böyük siyasi nəticələr çıxarmaq lazım deyil. Demək istəyirəm ki, Ermənistanda cinayət işi konkret şəxslərə qarşı deyil, cinayət məcəlləsinin pozulması faktı ilə açılır. Ermənistanın bütün vətəndaşları qanun qarşısında bərabərdir və cinayət məcəlləsinin pozulması faktı varsa, cinayət işi açılır və açılacaq da”. Bununla Paşinyan Rusiya qarşısında geri çəkilmək niyyətində olmadığını göstərir. Amma maraqlıdır ki, Paşinyanın bu mövqeyindən sonra ona qarşı olan qüvvələr daha da fəallışıb. Nikol Paşinyan bu xüsusda narahatlığını ifadə edərək bildirir ki, bəzi siyasi qüvvələr özlərini inqilabın müdafiəçisi kimi təqdim edərək, Respublika Partiyası ilə gizli razılığa girməyə və inqilabı məhv etməyə çalışır: “Bu qüvvələr parlamentdə, restoranlarda respublikaçılarla danışıqlar aparır, onlardan resurslardan istifadə edərək seçkini saxtalaşdırmalarını istəyirlər. Onlar seçkidə qalib gəlsələr, elə edəcəklər ki, növbədənkənar seçki baş tutmasın. İnqilabdan sonra bizə qoşulan qüvvələr özlərini inqilabçı elan etdilər. Əvvəllər onlar bunun əleyhinə çıxır, Serj Sarkisyana yaxşı deyirdilər. İndi isə onlar respublikaçılarla danışıqlar aparır. Bu qüvvələrin hədəflərinə çatması təhlükəlidir”.

Qeyd edək ki, artıq Ermənistanda əsas siyasi qüvvələrdən sayılan “Daşnaksütyun“ Partiyası, eləcə də “Tsarukyan bloku“nun rəhbəri Qagik Tsarukyan hökuməti 1 mart qırğınları ilə bağlı açdığı bəzi cinayət işlərinə görə tənqid edib. Ermənistan mətbuatı isə onların gizli şəkildə Robert Köçəryanla danışıqlar apardığını yazıb. Bu arada o da bəlli olub ki, Ermənistanın keçmiş baş naziri Ovik Abramyana qarşı da 2008-ci ilin 1 mart hadisələrilə əlaqədar açılan cinayət işi çərçivəsində ittiham irəli sürülüb. Onun barəsində, ilkin qətimkan tədbiri kimi, ölkəni tərk etməməsinə dair qərar verilib.  Məhkəmənin və Ermənistan hüquq-mühafizə orqanlarının bu qərarından hiddətlənən Abramyan baş verənləri özünə qarşı təxribat adlandırıb. Keçmiş baş nazirin sözlərinə görə, bir ay əvvəl maskalı şəxslər ona və qohumlarına məxsus evlərə basqın edərək axtarış aparıb. Lakin əməliyyat nəticəsində qanunsuz heç nə aşkarlamayıblar. Əvəzində kobud şəkildə onun pasportunu götürüblər. Həmçinin, Mxçyanda guya ona məxsus olduğu iddia edilən mexanika zavodunda da axtarış keçirilib və oradan tapılan silahları 2008-ci ilin 1 mart hadisələrilə əlaqələndirməyə çalışıblar. Lakin ekspertizanın nəticələri heç bir əlaqənin olmadığını üzə çıxarıb. Abramyana görə, baş verənləri ictimai formada tənqid etdiyinə görə onu Xüsusi İstintaq Xidmətinə aparıblar və artıq başqa cinayət işi üzrə şahid qismində dindirməyə başlayıblar. Amma Abramyan bildirib ki, dindirilmə zamanı qəfildən əsassız sübutlarla ona qarşı ittiham irəli sürülüb və ölkəni tərk etməyəcəyinə vəd verməsilə bağlı imzası alınıb. Bu mənada, keçmiş baş nazir Paşinyanı saxta sübutlarla əvvəlki hökumət üzvlərinə qarşı qisasda günahlandırıb. Ovik Abramyan həm də  vəzifədə olduğu müddətdə öz səlahiyyətlərindən sui-istifadə etməkdə və küllü miqdarda maliyyə fırıldaçlığı ilə məşğul olmaqda ittiham edilib. Qagik Tsarukyan isə bəyan edir ki, Ovik Abramyan 1 mart hadisələrində günahkardırsa, o zaman qoy onu meydanda güllələsinlər. Onun sözlərinə görə, Abramyanın özü də meydanda güllələnməyə hazırdır. Xatırladaq ki, Ovik Abramyan Respublika Partiyasının üzvüdür. O, Ermənistanda Robert Köçəryanın yaxın adamlarından sayılır. İndi bu və digər şəxslər Rusiyanın dəstəyi ilə Paşinyanı devirmək üçün daha çevik fəaliyyətə keçib və yaxın tezlikdə Ermənistanda vəziyyətin daha da gərginləşməsi gözlənir.

Nahid SALAYEV 

Son xəbərlər