16/11/2018 22:48
728 x 90

Türk-İslam Ordusu Bakını azad etməsəydi... Yarımçıq saxlanmış qanlı erməni-bolşevik planları...

Firdovsiyyə Əhmədova: “Bakının Qafqaz İslam Ordusu tərəfindən daşnak-bolşevik hərbi qüvvələrindən azad olunması eyni zamanda azərbaycanlıların, eləcə də Cənubi Qafqaz müsəlmanlarının bir daha soyqırıma məruz qalmaqdan xilas edilməsi demək idi”

img

“Bakısız Azərbaycan, faktiki olaraq, Azərbaycan dövlətinin mövcud olmaması demək idi”
“... Bakının Azərbaycan xalqının əlində olmasına, Azərbaycan dövlətinin paytaxtı olmasına qarşı idi”

 

Bakı bütün dövrlərdə nəinki qonşu dövlətlərin, eləcə də bizimlə coğrafi baxımdan çox-çox uzaqlarda yerləşən ölkələrin maraq dairəsində olub. Sözsüz ki, bu maraqlar heç də həmişə müsbət mənada olmayıb.

Qafqazın qan damarı olan Bakıya sahiblənmək istəyən erməni daşnakları və bolşeviklər 1918-ci ildə paytaxtımızda amansız qırğınlar törədib, şəhərimizi yandırıb yaxıblar. Daşnak və bolşevik hərbi birləşmələrinin Bakıda törətdiyi qırğınların izləri hələ də Bakının yaddaşından silinməyib. Məlumdur ki, Bakını daşnak və bolşevik birləşmələrindən Qafqaz İslam Ordusu azad edib. Sentyabr ayının 15-də Qafqaz İslam Ordusu tərəfindən Bakının bolşevik və daşnak hərbi birləşmələrindən azad edilməsinin 100 ili tamam olur.

Qafqaz İslam Ordusu Bakını azad etməsəydi, Bakının taleyi necə olacaqdı?

Tarix üzrə fəlsəfə doktoru, tanınmış tarixçi-alim Firdovsiyyə Əhmədova “Bakı-Xəbər”ə bildirdi ki, bu mühüm hadisə baş verməsəydi, Bakı hazırda müstəqil Azərbaycanın paytaxtı ola bilməyəcəkdi. F.Əhmədovanın sözlərinə görə, Bakını məkrlə, qırğınlar törətməklə ələ keçirmiş olan qüvvələr şəhərimizi azərbaycanlılardan təmizləmək və nefti, eləcə də digər resursları ələ keçirmək niyyəti güdürdülər. “Təbii ki, Bakının 1918-ci il sentyabr ayının 15-də Qafqaz İslam Ordusu tərəfindən azad edilməsi tariximizdə çox mühüm hadisədir. Bilirsiniz ki, 1918-ci ildə eser-menşevik, daşnak hərbi qüvvələrinin, eyni zamanda da onların dəvət etdiyi ingilislərin Bakını işğal etməsinə qarşı mübarizədə Azərbaycanın və Osmanlı hərbi birləşməsinin qələbə çalması və Bakını azad etməsi 1918-ci il mayın 28-də elan edilən Azərbaycanın istiqlaliyyəti qədər mühüm bir hadisə idi. Çünki həmin dövrdə Bakı Azərbaycanın təkcə sənaye, iqtisadi mərkəzi deyil, eyni zamanda da Qafqaz müsəlmanlarının milli siyasi fikir mərkəzi idi. Bu baxımdan, Bakısız Azərbaycan, faktiki olaraq, Azərbaycan dövlətinin mövcud olmaması demək idi. Təsadüfi deyil ki,, İstanbul konfransına yola düşən Azərbaycan nümayəndə heyətinin sədri Məhəmməd Əmin Rəsulzadə bütün diplomatik səylərinə baxmayaraq, belə qənaətə gəlmişdi ki, diplomatik yolla Bakının azad edilməsi mümkün deyil. Yəni, faktiki olaraq, bütün dövlətlər Bakının Azərbaycan xalqının əlində olmasına, Azərbaycan dövlətinin paytaxtı olmasına qarşı idi. Bir tərəfdən vahid, bölünməz Rusiya tərəfdarı olan daxildəki siyasi qüvvələr, digər tərəfdən Bakı uğrunda rəqabət aparan böyük dövlətlər Bakının yerli, əzəli sahiblərinin əlinə keçməsinə razı deyildilər. Belə bir məqamda Bakının bolşevik, daşnak  və digər birləşmələrdən xilas olunması hərbi müdaxilədən asılı idi. Rəsulzadənin dediyi kimi, bütün düşmənləri fakt qarşısında qoymaq lazım idi. Ona görə də hətta Osmanlı dövləti öz müttəfiqi olan Almaniyanın Qafqaza doğru irəliləyən türklərin qarşısını ciddi şəkildə almaq istəyinə baxmayaraq, Bakının azad olunması uğrunda mücadiləni davamlı olaraq apardı. Bakının daşnak, bolşevik hərbi qüvvələrindən azad edilməsində Qafqaz İslam Ordusunun tərkibində yenicə formalaşmaqda olan Azərbaycan Ordusu qüvvələri, Azərbaycan hərbi hissələri, könüllülər  də iştirak edirdilər. Bakının işğaldan azad edilməsi böyük bir mübarizədən keçib. Bakı məsələsi böyük beynəlxalq bir məsələ idi. Ona, sadəcə, Cənubi Qafqaz, yaxud Azərbaycan səviyyəsində yanaşmaq olmaz. Bakı həm geostrateji mövqeyinə, həm də təbii sərvətlərinə görə çox mühüm bir statusa malik idi” - deyə bildirən F.Əhmədovanın sözlərinə görə, bu baxımdan Bakının daşnak-bolşevik, eləcə də başqa xarici qüvvələrin işğalı altında qalmasında maraqlı olan qüvvələr çox olub.

Alim bildirdi ki, Sovet Rusiyası ilə Almaniya arasındakı sövdələşməyə görə, Sovet Rusiyasının Bakı neftinin dörddə birini Almaniyaya verməsi şərtilə Almaniya Osmanlı qüvvələrinin Bakıya doğru irəliləməsinin qarşısını almalı idi. “Yəni Bakı məsələsi bu dərəcədə beynəlxalq məzmun kəsb edirdi. Qafqaz İslam Ordusu Bakını azad etdikdən və işğalçı qüvvələr üzərində zəfər çaldıqdan sonra Qarabağın azad edilməsi uğrunda da mübarizə apardı. O, hətta Dağıstan hərəkatında da iştirak etdi. Dağıstan hərəkatı da Azərbaycan dövlətinin təhlükəsizliyinin təmin olunması baxımından çox əhəmiyyətli, cahanşümul bir hadisə idi. Ona görə də 1919-cu il sentyabrın 15-də Bakının daşnak-bolşevik qüvvələrindən azad edilməsi tarixinin ildönümü qeyd edilərkən bu mübarizədə şəhid olan insanların xatirəsinə abidə kompleksi ucaldılması barədə qərar verilib və qərarın icrasına başlanıb. Həmin kompleksin eskizi hazırlansa da, təməli qoyulsa da, Azərbaycanın Sovet Rusiyası tərəfindən işğal edilməsi sözügedən layihənin icrasına imkan vermədi. Yalnız Azərbaycan müstəqilliyə qovuşduqdan sonra Şəhidlər Xiyabanında Bakı uğrunda şəhid olan, azərbaycanlıların soyqırıma məruz qalmasının qarşısının alınmasında öz canlarını əsirgəməyən şəhidlərin xatirəsinə kompleks ucaldıldı. 1918-ci il 15 sentyabr tarixində Bakının Qafqaz İslam Ordusu tərəfindən daşnak-bolşevik hərbi qüvvələrindən azad olunması eyni zamanda azərbaycanlıların, eləcə də Cənubi Qafqaz müsəlmanlarının bir daha soyqırıma məruz qalmaqdan xilas edilməsi demək idi. Bu məsələ də xüsusi olaraq diqqəti çəkir” - deyə F.Əhmədova bildirdi.

İradə SARIYEVA 

Son xəbərlər