25/09/2018 21:47
728 x 90

Moskvadan istədiyini ala bilməyən Paşinyanın xarici siyasətdə yeni davranışları...

“Paşinyan baş nazir olandan sonra onsuz da bu ölkə Qərbə meyllənib”

img

Aydın Mirzəzadə: “Rusiya Ermənistan üçün etdiklərinin əvəzini istəyə bilər”

 

Məlum olduğu kimi, sentyabrın 8-də Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyanın görüşü baş tutub. Görüşdən sonra Paşinyanın verdiyi bir-birindən sərsəm bəyanatlar onun öz destruktiv sələflərindən nəinki fərqlənmədiyini, hətta daha aqressiv olduğunu sübut etdi.

Ən başlıca məqam ondan ibarətdir ki, Paşinyanın Moskva səfəri uğursuz olması ilə yadda qaldı. Görüşdən sonra Paşinyanın Rusiya ilə münasibətlərin parlaq olmasına dair səsləndirdiyi fikirlər elə Ermənistanın özündə də birmənalı və ciddi qarşılanmır. Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov Paşinyanın görüşsonrası təlxəkliyini daha konkret ifadələrlə dilə gətirib. Şarmazanov hesab edir ki, Ermənistanla Rusiya arasındakı münasibətlər həqiqətən “parlaq” olsaydı, Paşinyan Putinlə görüşdə “daxili işlərə müdaxilə etməməsi ilə” bağlı danışmamalıydı. Ermənistanın baş naziri Paşinyanın xarici siyasət sahəsində səriştəsi kifayət qədər deyil. Paşinyanın təkcə Ermənistan-Rusiya münasibətlərində və xarici siyasətdə deyil, daxili siyasətin yürüdülməsində də səriştə problemi var. Paşinyanın Moskva səfəri zamanı Prezident Putinlə və erməni iş adamları ilə görüşündən sonra mövcud narahatlıqlar nəinki həllini tapmadı, daha da böyüdü. Görüşdən əvvəl Paşinyan deyib ki, ölkələr arasında sual doğuran məsələlər var. Daha sonra Putinlə görüşdə daxili işlərə müdaxilə olunmaması ilə bağlı bəyanat verdi. Hər şey yaxşıdırsa, Paşinyan niyə daxili işlərə qarışmamaqla bağlı narahatlığını ifadə edir?

Beləliklə, ermənilər özləri Paşinyanın Rusiyaya növbəti səfərinin müxtəlif aspektlərdən uğursuz alındığını nəinki etiraf, hətta tənqid edirlər. Reallıq ondan ibarətdir ki, Rusiya gah Qərbə meyllənən, gah da Rusiyaya sədaqət andı içən Ermənistana inanmır.

Bütün bu deyilənlərin fonunda, Paşinyanın uğursuz Moskva səfərindən sonra Ermənistanın xarici siyasət prioritetlərində hansısa yeni təzahürlər ola bilərmi?

Məsələyə münasibət bildirən millət vəkili Aydın Mirzəzadə bununla bağlı bir sıra məqamlara toxundu: “Əvvəla Paşinyanın xarici siyasət kursunda başlıca çatışmayan element ancaq Dağlıq Qarabağ məsələsi idi. Uzun müddət o bu barədə açıqlama vermək istəmirdi. Ancaq Moskva səfərində öz mövqeyini açıq şəkildə bəyan etdi. Nəticədə məlum oldu ki, Ermənistan rəhbərlərinin əvvəlki biabırçı sonluğundan Paşinyan nəticə çıxarmayıb. Onun Dağlıq Qarabağla bağlı mövqeyi naşılığı və eyni zamanda ölkə üçün təhlükə yaradacaq yolun seçilməsi oldu. Onun Azərbaycan ərazisinin bir hissəsini Ermənistan ərazisi hesab etməsi beynəlxalq hüququn kobud şəkildə pozulması idi. Eyni zamanda, bu, Azərbaycana müharibə elan edilməsi anlamına gəlir. Şübhəsiz ki, belə olan halda, danışıqlar davam edə bilməz və Azərbaycan problemin digər effektli həlli üçün ciddi düşünəcək. Ermənistanın xarici siyasət prioritetlərinə gəldikdə isə, Paşinyan baş nazir olandan sonra onsuz da bu ölkə Qərbə meyllənib. Ancaq Paşinyan unudur ki, küçə çıxışları ilə real hakimiyyət tamam başqa-başqa şeylərdir. Bu gün Rusiyadan ucuz qaz, ucuz silah almaq, Rusiyanın gücü ilə sərhədlərini qorumaq, orada işləyən 500 minədək erməni vətəndaşının vəsaiti hesabına büdcəni doldurmaq heç də uzun müddət ola bilməz. Yəni Rusiya  Ermənistan üçün etdiklərinin əvəzini istəyə bilər. Eyni zamanda, bu gün qonşu dövlətlərlə düşmən vəziyyətdə olan və heç bir resursa malik olmayan ölkə gərək imkanlarına görə siyasət yeritsin. Ancaq Paşinyan bu gün çalışır ki, 2 stolda eyni vaxtda otursun. Bu da, əlbəttə ki, mümkün olan bir şey deyil. Bir zamanlar Ermənistanda ardıcıl olaraq Köçəryan, Sarkisyan problemi vardısa, indi də Paşinyan problemi yaşanır. Bu onu göstərir ki, təsadüfən müstəqillik qazanmış bir dövlətin heç bir inkişaf perspektivi ola bilməz”.

Vidadi ORDAHALLI 

Son xəbərlər