25/09/2018 21:50
728 x 90

Azərbaycanın Avropaya inteqrasiyası üçün Xorvatiya mühüm vasitə ola bilər

img

Azərbaycan Prezidenti İlham Əliyevin Xorvatiyaya rəsmi səfəri iki ölkə arasında müxtəlif sahələri əhatə edən münasibətlərin inkişafı baxımından olduqca mühüm əhəmiyyətə malikdir. Bunu Trend-ə Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, səfər çərçivəsində keçirilən görüşlər zamanı səsləndirilən fikirlər deməyə əsas verir ki, strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-Xorvatiya münasibətləri uğurla inkişaf edir və tərəflər arasında çox fəal siyasi dialoq mövcuddur: "Səfər zamanı müxtəlif sahələrdə əməkdaşlığa dair sənədlər imzalandı və hər iki ölkənin əməkdaşlığı dərinləşdirmək niyyətində olduğu ifadə edildi. Azərbaycanla Xorvatiya arasında kənd təsərrüfatının inkişafı, informasiya texnologiyaları, gəmiqayırma, yeyinti məhsullarının emalı sahələrində də əlaqələrin dərinləşdirilməsi olduqca aktual olmaqla mühüm əhəmiyyətə malikdir. Bundan başqa, iki ölkə arasında energetika sahəsində əməkdaşlıq da diqqət mərkəzindədir. Azərbaycanın strateji tərəfdaşı olan Xorvatiya daim ölkəmizin Avropa İttifaqı ilə əməkdaşlığını dəstəkləyir. Ümumiyyətlə, Azərbaycan Avropaya uğurla inteqrasiya edir, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında iştirak edir. Bununla yanaşı, Avropanın digər iqtisadi institutlarına inteqrasiya Azərbaycan üçün olduqca vacibdir və bu, əsas etibarilə, qeyri-neft sektorunda daha aktualdır".

H.Babaoğlu qeyd edib ki, Qərb dövlətlərinin artıq oturuşmuş iqtisadi münasibətləri və qəlibləşmiş standartları var, ona görə də keçmiş sovet sisteminə daxil olan ölkələrin Qərbə inteqrasiyasında iqtisadi maraqların və sistemlərin uzlaşdırılması tələb olunur: "Bu prosesdə Şərqi Avropa ölkələri əhəmiyyətli təcrübə qazanmağa və müəyyən model əldə etməyə nail olublar. Bu baxımdan Xorvatiya Qərb iqtisadi institutlarına ən uğurlu inteqrasiya etmiş dövlətlərdən biridir. Ona görə də Azərbaycanın Avropaya inteqrasiyası üçün Xorvatiya mühüm vasitə ola bilər. Cənubi Qafqazda isə Azərbaycan Xorvatiyanın ən mühüm tərəfdaşlarından biridir. Qarşılıqlı maraqlar bundan sonrakı mərhələdə də Xorvatiya-Azərbaycan münasibətlərinin inkişafını şərtləndirir və bu, hər iki ölkənin milli maraqları baxımından zəruridir".

Son xəbərlər