18/11/2018 06:28
728 x 90

Rusiya, Qırğızıstan, Xorvatiya – Azərbaycanın çoxvektorlu diplomatiyasının təntənəsi...

Azərbaycan Qərb dünyasında mövqelərini gücləndirir

img

Azərbaycan xarici siyasətinin təhlili ölkənin dünyanın müxtəlif bölgələrində mövqelərinin getdikcə daha güclü hala gəlməkdə olduğunu aydın şəkildə nümayiş etdirir. Bu xüsusda ekspertlər diqqəti Azərbaycan Prezidentinin Rusiya, Qırğızıstan və Xorvatiyaya son səfərlərinə yönəldərək, bunu Bakının çoxvektorlu siyasətinin təntənəsi kimi qiymətləndirir.

Faktdır ki, dünyanın hazırda geosiyasi, geoiqtisadi planda ən nəhəng dövlətlərindən biri olan Rusiyaya Prezident İlham Əliyevin səfəri zamanı çox  mühüm yeni sənədlər imzalanıb. Ekspertlər hesab edir ki, artıq onların bir çoxu ikitərəfli münasibətlərin yol xəritəsi adlandırıla bilər. Qırğızıstana səfər isə türkdilli ölkələr arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi məqsədinə xidmət göstərir. O fonda ki, Azərbaycan həyata keçirdiyi bir çox transmilli layihələrdə türkdilli ölkələri yaxından iştiraka dəvət edir.

Bu fonda daha bir mühüm məqam Azərbaycanın Avropa ilə əməkdaşlığını daha da dərinləşdirməsidir. Faktdır ki, artıq Şərqi və Mərkəzi Avropa ölkələrinin Xəzər regionuna olan marağı getdikcə artır. Xəzər regionunda isə əsas həlledici qüvvələrdən birinin Azərbaycan olduğu da həqiqətdir. Elə bu səbəbdən Avropa ölkələri Azərbaycanla əməkdaşlığa xüsusi önəm verir.  Bunu İlham Əliyevin Xorvatiya səfəri fonunda daha aydın müşahidə etmək mümkün oldu. Belə məlum oldu ki, Xorvatiya Azərbaycanla əməkdaşlığı daha da dərinləşdirməyi düşünür və bu, Azərbaycan üçün mühüm məqam sayılır. Belə ki, Xorvatiya 2009-cu ildən NATO-nun, 2013-cü ildən isə Avropa İttifaqının üzvü olduğundan, Azərbaycanın bu qurumlarla əməkdaşlığının genişlənməsində müsbət rol oynaya bilər. Keçmiş maliyyə naziri Fikrət Yusifov isə bildirir ki, Azərbaycan Avropada öz mövqelərini getdikcə daha da möhkəmləndirir. Bu da ölkəmizə Avropa evinə inteqrasiyanı dərinləşdirməyə imkan verir. Sabiq nazir qeyd edib ki, Xorvatiya-Azərbaycan münasibətləri son bir neçə ildə özünün yüksək inkişaf səviyyəsinə çatıb: “Artıq ölkələrimiz bir-birini strateji müttəfiq kimi qəbul edir. Bu isə o deməkdir ki, Avropa evində sözümüzü deyən və bizi dəstəkləyən daha bir dost ölkə qazanmışıq. Azərbaycanın xarici siyasətinin bu istiqamətə köklənməsi müsbət haldır. Avropa İttifaqı və NATO üzvü olan, Azərbaycanla tam səmimi münasibət quran bir ölkə ilə münasibətlərin bu səviyyəsindən ancaq məmnunluq ifadə edə bilərik. 2013-cü ildə Azərbaycan Prezidentinin Xorvatiyaya rəsmi səfəri, 2016-cı ildə Xorvatiya prezidentinin Azərbaycana gəlməsi və nəhayət, 5 sentyabrda ölkə başçımızın bu ölkəyə təkrar səfəri iki ölkə arasında strateji əməkdaşlığa verilən qiymətdir”.

İqtisadçı iki ölkə arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsinin vacib olduğunu bildirib: “Ticarət dövriyyəmiz 2017-ci ildə 176 milyon dollar olsa da, bunun 98,8%-dən çoxunu Azərbaycandan Xorvatiyaya satılan neft məhsulları təşkil edib. Hazırda Azərbaycanla Xorvatiya arasında iqtisadi əməkdaşlıqla bağlı qarşılıqlı komissiya fəaliyyət göstərir. Bu komissiyanın məqsədi iki ölkə arasında iqtisadi əlaqələri, ticarət dövriyyəsini genişləndirmək və onun strukturunu optimallaşdırmaqla bağlı təkliflər paketi işləyib hazırlamaqdır. Hər iki ölkə bir çox sahələrdə, xüsusilə də dərman preparatlarının istehsalında birgə layihələr həyata keçirmək niyyətindədir”. F.Yusifovun sözlərinə görə, Xorvatiya Azərbaycan hökumətinin reallaşdırdığı və Avropanın bir çox ölkələrinin ərazisindən keçən qaz boru kəməri layihəsində iştirak etməkdə çox maraqlıdır: “Bütün bunlar deməyə əsas verir ki, yaxın illərdə iqtisadi və ticarət əlaqələrimiz arzuolunan səviyyəyə çatacaq. Xorvatiyanın coğrafi mövqeyi kifayət qədər əlverişlidir. Xorvatiya Avropanın cənubuna TAP xətti vasitəsilə çatdırılan Xəzər qazından yararlanmaqda maraqlıdır. “Cənub Qaz Dəhlizi“ boru kəməri vasitəsilə gələcəkdə Avropaya göndəriləcək qazın həcminin həm ölkəmizin daxili imkanları, həm də qonşu ölkələrin qaz ehtiyatlarının bu xəttə qoşulması hesabına artırılması layihədə nəzərdə tutulandan bir neçə dəfə çox qaz nəql etməyə imkan verəcək. Belə olan halda Xorvatiya kimi bir dost ölkə Xəzər hövzəsindən gələcək qazdan istifadə edə biləcək. Bu isə hər iki tərəfin maraqlarına tam uyğundur. Təsadüfi deyil ki, Azərbaycan Xorvatiya ilə bu sahədə əməkdaşlığa böyük önəm verir. Son 4 ildə Bakıda ardıcıl olaraq keçirilən “Cənub Qaz Dəhlizi“nin Məşvərət Şurasının toplantılarında Xorvatiya yüksək səviyyədə təmsil olunub”. Sabiq nazir əlavə edib ki, Azərbaycan Avropa İttifaqı ilə əlaqələrini dərinləşdirməkdə davam edir: “Azərbaycanın Avropa evində özünə daha yaxın dostlar tapması və yaxşı münasibətdə olduğu ölkələrlə əlaqələri strateji müttəfiqlik səviyyəsinə yüksəltməsi ölkəmizin siyasi meydanda çəkisini kifayət qədər artırır. Ölkəmizin Dağlıq Qarabağ kimi ciddi bir ərazi problemini nizamlamaq yolunda bütün resurslardan yararlanmağa çalışdığı bir dönəmdə Avropada özünə yaxın tərəfdaşların sayını artırması tədqirəlayiqdir”. Digər ekspertlər də hesab edir ki, Azərbaycanın Xorvatiya kimi Avropa İttifaqı ölkələri ilə qurulan strateji əlaqələri Avropa İttifaqı-Azərbaycan əməkdaşlığının uğurla inkişaf etməsinə öz təsirini göstərəcək. Bütün bunlar, öz növbəsində, Azərbaycanın Avropada mövqelərinin daha da güclənməsinə xidmət edir.

Tahir TAĞIYEV

Son xəbərlər