25/09/2018 21:48
728 x 90

Paşinyan Rusiya ilə Ermənistanın qaz satışı tariflərini tənzimləyə bilmədi...

“Hesab edirəm ki, bundan sonra Paşinyanın özünü necə aparmasından çox şey asılı olacaq”

img

Ramil Hüseynov: “Ermənistanın hazırkı hakimiyyəti Qərbə yönəlik siyasətini genişləndirəcəksə, o zaman Rusiya güzəştli şərtlərlə bu ölkəyə qaz ixracını dayandıra bilər”

 

Xəbər verildiyi kimi, Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyaya səfər edib. Onun Moskva səfəri çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə görüşü gərgin ab-havada keçib. Baxmayaraq ki, Paşinyan müxtəlif vasitələrlə bunu gizlətməyə çalışır.  

Rusiya Prezidenti Vladimir Putin ölkəsinin Ermənistanda əsas investor olduğunu, bu ölkəyə kubu cəmi 150 dollara ucuz qaz verdiyini, habelə atom və istilik enerjisi sahəsini də dəstəklədiyini xatırladıb. Necə deyərlər, V.Putin bu açıqlamasıyla Ermənistan iqtisadiyyatının 75 faizinin Rusiya kapitalının təşkil etdiyinə eyham vurub. Həmçinin, qazın kubunu ucuz qiymətə satdıqlarını bildirməsi onu göstərir ki, bu, Rusiyaya sərf etmir. Rusiyanın Ermənistana ixrac etdiyi qazın qiymətinə yenidən baxılması dəfələrlə bu ölkədə gündəmə gəlib.  

Bu arada Paşinyan qaz məsələsi ilə bağlı mətbuata açıqlamasında iddia edib ki, guya bu məsələdə bəzi şeyləri Putin bilmir: “O, güzəştli qiymətlə qazın istehlakçılar tərəfindən deyil, "Qazprom Ermənistan" tərəfindən alındığını bilmirdi. Hesab edirəm ki, bu məlumat Putin üçün yeni idi. Buna görə biz razılığa gəldik ki, qazın qiyməti və onun tədarükü üçün bütün müqavilələri ətraflı öyrənəcəyik. Bundan sonra biz qərara gələcəyik”.

Görünən odur ki, bundan sonra Ermənistana güzəştli şərtlərlə qaz ixrac olunması məsələsi öz həllini tapmayıb. Rusiya bununla bağlı növbəti dəfə Ermənistana güzəşt etməyə tələsmir. Ümumilikdə, bununla bağlı Rusiya ilə Ermənistan arasında hansı problem var?

Məsələyə münasibət bildirən Vətəndaş və İnkişaf Partiyasının sədr müavini Ramil Hüseynovun sözlərinə görə, problemin kökündə siyasi məsələlər dayanır: “Məsələ ondadır ki, Rusiya forpostu olan Ermənistana uzun illərdir güzəştli şərtlərlə qaz ixrac edir. Ötən 20 il ərzində Emənistana rəhbərlik edən Robert Köçəryanla Serj Sarkisyanın prezidentliyi dönəmlərində bununla bağlı hər hansı bir problem yaşanmayıb. Ona görə ki, sözügedən şəxslər Rusiyanın sözündən çıxmırdılar. Ən başlıcası isə Ermənistanda Qarabağ klanını Rusiya hakimiyyətə gətirmişdi və onlar Moskvaya daha sadiq idilər. Ermənistanda məlum “məxməri inqilab”dan sonra isə situasiya müəyyən qədər dəyişib. Düzdür, istər o vaxt, istər indi Ermənistan iqtisadi baxımdan əhəmiyyətli dərəcədə Rusiyadan asılıdır. Hələlik bu yöndə ciddi dəyişiklik yoxdur. Ancaq iş ondadır ki, Paşinyanın açıq və gizli Qərbə meyllənməsi, müəyyən məsələlərdə Avropa təsisatları ilə yaxınlaşmaq istəkləri Kremli narahat edir. Xüsusən də əvvəlki hakimiyyəti təmsil edən şəxslərə qarşı hüquq müstəvisində atılan bir sıra addımlar Moskvanın ürəyincə deyil. Bu səbəbdən Rusiya müxtəlif vasitələrlə Paşinyana təzyiq göstərir. Ermənistana əvvəlki qiymətlərlə qazın ixrac olunması məsələsinin hələlik açıq qalması məhz bununla bağlıdır. Hesab edirəm ki, bundan sonra Paşinyanın özünü necə aparmasından çox şey asılı olacaq. Yəni Ermənistanın hazırkı hakimiyyəti Qərbə yönəlik siyasətini genişləndirəcəksə, o zaman Rusiya güzəştli şərtlərlə bu ölkəyə qaz ixracını dayandıra bilər. Yox, Moskvanın dediyini edərsə, o zaman əvvəlki şərtlərlə bu ölkə qazla təmin olunacaq”.

Vidadi ORDAHALLI

Son xəbərlər