24/09/2018 04:27
728 x 90

Azərbaycan Avropa ilə islam dünyası arasında mədəni və siyasi körpüyə necə çevrildi...

“Azərbaycan həqiqətən də Avropa ilə müsəlman dünyası arasında körpü rolunu oynayır”

img

Seyid Camal Əzimbəyli: “Hesab edirəm ki, bundan sonra da bu yöndə ölkənin önəmi daha da artacaq”

 

“Əsrlər boyu Azərbaycan sivilizasiyaların bir araya gəldiyi məkan olub. Bizim coğrafi yerləşməmiz və xalqımızın tarixi irsi Azərbaycanda xüsusi ab-hava yaradıb. Azərbaycan Avropa və Asiya arasında təbii coğrafi körpüdür. Əminəm ki, Azərbaycan hazırda Avropa ilə müsəlman dünyası arasında mədəni və siyasi körpü rolunu oynayır. Bizim cəmiyyətdə multikulturalizm ənənələri dərin köklərə malikdir. Siyasi quruluşdan asılı olmayaraq, Azərbaycanda müxtəlif millətlərin, dinlərin və etnik azlıqların nümayəndələri hər zaman sülh və ləyaqət şəraitində yaşayıblar. Müstəqil olandan sonra Azərbaycan bu səbəbdən dünya multilkulturalizm mərkəzlərindən birinə çevrilib”.

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin yenicə çapdan çıxmış 68-ci kitabında yer alan bu fikirləri dövlət başçısı 2015-ci il aprelin 28-də III Qlobal Bakı Forumunun rəsmi açılış mərasimindəki nitqində söyləyib. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin 68-ci kitabındakı materiallar 2015-ci ilin martından may ayınadək olan dövrü əhatə edir.

O da məlumdur ki, Azərbaycanın tarixi inkişafının xüsusiyyətləri, coğrafi mövqeyi, əhalisinin etnik tərkibi burada müxtəlif dinlərin mövcudluğuna şərait yaradıb. Ancaq Azərbaycan islam dininə, islam mədəniyyətinə mənsub bir ölkədir. İslam Azərbaycanda VII əsrin ikinci yarısından etibarən dərin kök salıb. Eyni zamanda, insanların davranışına, düşüncəsinə, mənəviyyat və mədəniyyətinə müəyyənedici təsir göstərib. Bu təsir o qədər güclü olub ki, onilliklər boyu xalqı öz milli-mədəni köklərindən ayırmaq cəhdləri heç bir nəticə verməyib. Dövlət müstəqilliyini qazanandan sonra Azərbaycan yenidən islama, bu dinin mənəvi-mədəni ənənələrinə üz tutub. Bununla yanaşı, Avropa ilə müsəlman dünyası arasında körpü rolunu oynayıb.

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən şərqşünas Seyid Camal Əzimbəylinin sözlərinə görə, Prezident İlham Əliyevin bununla bağlı səsləndirdiyi fikirlər tamamilə doğru yanaşmadır: “Reallıq ondan ibarətdir ki, Azərbaycan həqiqətən də Avropa ilə müsəlman dünyası arasında körpü rolunu oynayır. İstər siyasi-iqtisadi, istərsə də mədəni müstəvidə bu özünü daha qabarıq formada göstərir. Xüsusən də Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət sayəsində son illər bu tendensiya daha da güclənib. Bununla yanaşı, Azərbaycanın multikultural ideyalara sadiq olması bu yöndə daha möhtəşəm nailiyyətlərin əldə olunmasına öz müsbət təsirini göstərir. Məlum olduğu kimi, son illər Azərbaycan bir sıra böyük beynəlxalq tədbirlərə evsahibliyi edib. Son illər Azərbaycan ilk Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, Dünya Şahmat Olimpiadası, 17 yaşadək futbolçular arasında Avropa Çempionatı, Bədii Gimnastika üzrə Dünya Kuboku, “Formula 1” kimi beynəlxalq yarışlara uğurla evsahibliyi edib.

Həmçinin, ölkədə bir sıra digər mədəni və humanitar məzmunlu tədbirlər keçirilib. Bütün bunlar əlbəttə ki, Avropa ilə müsəlman dünyası arasında əlaqələrin daha da genişlənməsinə öz müsbət təsirini göstərir. Bu məsələ də Azərbaycanın önəmini artırır. Ona görə də Prezident İlham Əliyevin sözügedən məsələdə səsləndirdiyi fikirlər tutarlı arqumentlərə əsaslanır. Hesab edirəm ki, bundan sonra da bu yöndə Azərbaycanın önəmi daha da artacaq”.

Vidadi ORDAHALLI

Son xəbərlər