18/11/2018 06:30
728 x 90

Qarabağ separatçılarının yeni saxtakarlığı – turizmdə…

“95 ölkədən olan vətəndaşların turist kimi Dağlıq Qarabağa səfər etməsi inandırıcı görünmür”

img

Fikrət Yusifov: “Müharibə vəziyyətində olan zonaya heç bir turist səfər etməz”

 

Erməni mətbuatı yazır ki, bu ilin birinci yarısında Dağlıq Qarabağa səfər edən turistlərin sayı ötən illə müqayisədə 41 faiz artıb. Ermənistanın Mədəniyyət və Turizm Nazirliyinin yaydığı məlumatda bildirilir ki, 95 ölkədən minlərlə turist Dağlıq Qarabağa səfər edib: “Turist sayının artmasının səbəbi Dağlıq Qarabağda infrastrukturun yaxşılaşdırılması, tarixi abidələrin bərpa olunması ilə bağlıdır. Eyni zamanda, Şuşada baş verən infrastruktur dəyişikliyi turistlərin ora səfər etməsinə səbəb olub”.

Ötən illə müqayisədə Dağlıq Qarabağa səfər edən turistlərin sayının artması mümkün deyil. Nəzərə almaq lazımdır ki, Azərbaycan XİN Dağlıq Qarabağa xarici vətəndaşların səfər etməməsi ilə bağlı müntəzəm iş aparır. Görülən işlər müsbət nəticəsini göstərir. O üzdən, Dağlıq Qarabağa turistlərin səfər etməsi barədə deyilənlərin əsası yoxdur.

Eyni zamanda, onu da qeyd edək ki, beynəlxalq turizm sorğularında qeyd olunan yerə turistlərin daha çox üz tutduğu turistik ərazi kimi rast gəlinmir. Bu səbəbdən erməni mediasının yaydığı məlumat inandırıcı görünmür.

İqtisadçı-ekspert Fikrət Yusifov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Dağlıq Qarabağa xarici turistlərin səfər etməsi mümkün deyil: “Nəzərə almaq lazımdır ki, Dağlıq Qarabağın “müstəqilliyi” ölkələr tərəfindən tanınmır. Qarabağın Azərbaycan ərazisi olması BMT tərəfindən də qəbul olunub. Onların qondarma dövlət yaratmaq cəhdi baş tutmayacaq. Bu səbəbdən də 95 ölkədən olan vətəndaşların ora turist kimi səfər etməsi inandırıcı görünmür”.

Həmsöhbətimiz hesab edir ki, Dağlıq Qarabağa media nümayəndələri, iş adamlarının səfəri qanundan kənardır. Çünki Azərbaycan Hökumətinin icazəsi olmadan Dağlıq Qarabağa səfər edilir. Dağlıq Qarabağa qanunsuz səfər edənlərin Azərbaycana girişi qadağan olunub.

F.Yusifov onu da əlavə etdi ki, müharibə vəziyyətində olan zonaya heç bir turist səfər etməz. Hər zaman o ərazidə atəş səsləri eşidilə bilər: “Aprel döyüşləri yaxın zamanda baş verib. Bu səbəbdən də turistlərin müharibə bölgəsinə səfər etməsi mümkün deyil. Turistlər adətən sakit, onların həyatı üçün hər hansı bir təhlükə baş verməyəcək ölkəyə üz tuturlar”.

Günel CƏLİLOVA

Son xəbərlər