19/11/2018 07:52
728 x 90

İsfəndiyar Vahabzadədən gözləməzdik - naziri tənqid başqa, dövlətçiliyi təhlükəyə atmaq başqa...

img

Son zamanlar sosial şəbəkə vasitələri və bəzi internet portallarında Azərbaycan Respublikasının Pakistan, Moldova və Belarusda səfiri olmuş professor İsfəndiyar Vahabzadənin yayımaladığı müsahibələri müzakirə predmeti olub.

“Milli yanğı, milli közərtidən başlayan diplomatiyadan” bəhs edən səfirimiz bu müsahibələrdə xarici siyasət orqanımıza rəhbərlik edən şəxsləri millətimizə bağlı olmamaqda açıq ittiham edir. Öz fikrini əsaslandırmaq üçün İ.Vahabzadə bir sıra misallar gətirir, diplomatik xidmətin fəaliyyətinə aid və geniş ictimaiyyətə bəlli olmayan bəzi dırnaqarası məqamları açıqlayır.

Dünyada və regionda cərəyan edən son dərəcə mürəkkəb  siyasi proseslər, Azərbaycan Prezidenti İlham Əliyevin apardığı dinamik və çoxvektorlu siyasət, o cümlədən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində son günlər müşahidə olunan canlanma fonunda səfirimizin müsahibələri bir çoxları tərəfindən çaşqınlıq və təəccüblə qarşılanır. Bəyanatların məhz Azərbaycan səfiri tərəfindən verilməsi, müəllifin müasir Azərbaycan poeziyasının banilərindən olan və milli azadlıq yolunda əvəzolunmaz xidmətləri ilə seçilən bir şəxsin soyadını daşımasının oxucular arasında millət vəkillərinə, xarici siyasət orqanına və ümumilikdə xarici siyasətimizə tuşlandığını nəzərə alaraq, keçmiş səfirimizin müsahibələrinə, qısa da olsa, fikir bildirmək qərarına gəldik.

Müsahibələrin birində Azərbaycan, Türkiyə və Ermənistan xarici işlər  nazirlərinin görüşünə toxunan İsfəndiyar Vahabzadə,  nədənsə, Azərbaycanın ağrılı məsələsi olan Dağlıq Qarabağ probleminin həlli istiqamətində indiyə qədər atılan müsbət addımları deyil, məhz görüş iştirakçısı olan nazir Məmmədyarovun guya dediyi sözləri diqqət mərkəzində saxlayır. Axı danılmaz faktdır ki, ölkə Prezidentinin rəhbərliyi ilə yürüdülən xarici siyasət, ordu quruculuğu və iqtisadiyyatda islahatlar nəticəsində Dağlıq Qarabağ məsələsinin həlli üçün aparılan danışıqlarda Azərbaycan daha güclü mövqelərdən çıxış edir və nəticə etibarı ilə bütün dünya ölkələri Dağlıq Qarabağın Azərbaycanın ərazisi olduğu və Ermənistan tərəfindən işğal olunduğu faktını qəbul edir. Və o da danılmazdır ki, xarici siyasətin düzgün formalaşması və idarə olunması nəticəsində Azərbaycan BMT Təhlükəsizlik Şürasının qeyri-daimi üzvü seçilib, bir sıra mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edib, öz ardıcıl və öngörülə bilən siyasəti ilə beynəlxalq arenada etibarlı tərəfdaş kimi tanınıb. 

Daha sonra səfirimiz Milli Məclisdə, Xarici İşlər Nazirliyində, xüsusi xidmət orqanlarında  erməni mənşəlli şəxslərin olduğunu vurğulayır, lakin nədənsə, onların adlarıını çəkməkdən boyun qaçırır. Həmçinin, həmin qurumlarda digər millətlərə mənsub olan insanların çalışdığını bildirir və sözügedən orqanlarda yalnız titul millətə mənsub şəxslərin çalışması vacibliyini ön plana çəkir. Multikulturalizm ideyalarını ali tutan, bütün etnik və dini qrupların bərabər hüquqlara malik olması ilə fəxr edən bir ölkənin, xalqın səfiri tərəfindən bu kimi fikirlərin səsləndirilməsi təəccüb doğurur.

Bütün bunlarla yanaşı,  öz müsahibələrində Azərbaycan diplomatiyasının səriştəsizliyi barəsində bəhs edən İsfəndiyar müəllim dediklərini şəxsi təcrübəsinə aid  və mövzudan kənar faktları göstərməklə sübuta yetirməyə çalışır. Həmin faktların birində dost Pakistanda fəaliyyətinin təəsuratlarını bölüşən, “Səfir hər şeyi bilir” şuarı ilə çıxış edən İ.Vahabzadə söhbət etdiyi şəxsin hərbçi olduğunu, nədənsə, görüşdən əvvəl deyil,  yalnız görüşün sonunda bildiyini vurğulayır. Öz açıqlamalarında səfirimiz xaricdə yaşayan  azərbaycanlıları mühacirət təşkilatı adlandırır. Bu, Azərbaycan dövlətçiliyinin, azərbaycançılıq ideyasının təşviq və təbliğ edilməsi, iqtisadiyyatımızın güclənmısi yolunda fədakarlıq göstərən, şaxtalı havada “Xocalıya Ədalət” aksiyalarında oturaq nümayiş keçirən on minlərlə soydaşlarımıza qarşı  hörmətsizlikdir.

İsfəndiyar müəllimin millətimizə, dövlətimizə sadiq olduğunu şübhə altına qoymaq fikrindən uzağıq.  Lakin səfirin diplomatik xidmətə aid olan bəzi incə məqamları, o cümlədən hansı məxfi, şifrəli, qulaq asıla bilinməyən və sair kanallar vasitəsilə mərkəzi aparatla əlaqə saxlanılması barədə açıqladığı faktlar şəxsən bizim üçün bir yenilik oldu. Və bəlkə də təkcə bizim üçün deyil, coxları üçün bu kimi fikirlər inandırıcı görünmür. Bunların böyük təcrübəyə mailk səfirimiz tərəfindən açıq mətbuatda bildirilməsinin diplomat etikası, təhlükəsizlik öhdəliklərinə nə dərəcədə cavab verməsi də sual doğurur. Digər tərəfdən, Azərbaycan xarici diplomatik missiyalarında birinci katib vəzifəsinin guya sırf xüsusi xidmət orqanları ilə bağlı olduğuna işarə edən İsfəndiyar müəllim, yanlışlığa yol verməklə yanaşı, xaricdə çalışan və sözügedən vəzifənin daşıyıcısı olan diplomatların fəaliyyətində əngəllər yarada və bu kimi yanlış məlumatlar onları xarici ölkələrin müvafiq orqanlarının diqqət mərkəzinə cevirə bilər.

Yayımlanan müsahibələrin təəssüf doğuran tərəfi həm də ondan ibarətdir ki, bütün bu açıqlamalar İsfəndiyar müəllimin vəzifədə olduğu zaman deyil, məhz 17 il səfir kimi fıaliyyət göstərməsindən sonra baş verir. Hər hansı bir qurum və ya qurum rəhbərinin müdafiəsinə qalxmaq və ya kimisə ittiham etmək fikrindən uzaq və eyni zamanda dövlətçilik ənənələrinə sadiq olaraq, İsfəndiyar müəllimin bu kimi həssas mövzuda verdiyi açıqlamaları qərəzli sayır, ümummilli məqsədlərimizə xidmət etmədiyini hesab edirik.

Tahir TAĞIYEV

Son xəbərlər