18/11/2018 06:30
728 x 90

Moskva böyük Qarabağ gedişinə hazırlaşır – 5 rayonun qaytarılması gündəmdə...

img

Ermənistanda bu ilin may ayından etibarən hakimiyyətə sırf Qərbyönümlü adamların gəlməsi barədə fikirlərin reallıqda öz əksini tapması Moskvanın İrəvanla bağlı daha sərt siyasətə keçməsinə rəvac verməkdədir. Bu fonda real vəziyyətin təhlili göstərir ki, Kreml Ermənistanda yeni hakimiyyət dəyişiklyində maraqlıdır və ölkədə hansı yeni qüvvələrə stavka edəcəyini də müəyyən edib. Söhbət Rusiyanın dəstəyilə sabiq prezident Robert Köçəryanın rəhbərliyi ilə formalaşan yeni müxalifətdən gedir. Ermənistan parlamentində təmsil olunan “Daşnaksütyun” və Respublika partiyaları da sabiq prezidentə tam dəstək verir.

Artıq “Daşnaksütyun” partiyası ölkədə siyasi gərginliyin artmasından narahat olduğunu bəyan edib. Partiyanın parlament fraksiyasının rəhbəri Armen Rustamyan bildirib ki, Robert Köçəryana və ətrafına qarşı məhkəmə prosesləri ədalətli aparılmalıdır. Onun sözlərinə görə, əks halda, qərəzli məhkəmələr normaya çevrilə bilər və bu da, öz növbəsində, ziddiyyətlərin daha da artdığı cəmiyyətin yaranmasına gətirib çıxaracaq. Rustamyan əlavə edib ki, öz ölkəsində düşmən axtarmaq lazım deyil və sabiq prezidentlərin siyasi səhnədə yerini qorumaq hüquqları var. Respublika Partiyasının parlament fraksiyası da baş nazir Nikol Paşinyanın əleyhinə bəyanatlar səsləndirməkdə davam edir. Bu partiyanın təmsilçisi, parlamentin vitse-spikeri Eduard Şarmazanov bildirib ki, əvvəlki hökuməti “hakimiyyət hərisliyində” təqsirləndirən yeni baş nazir bütün vasitələrdən istifadə edərək öz postunu qorumağa can atır. Onun sözlərinə görə, Paşinyan məhz bu məqsədlə Konstitusiyaya dəyişikliklər etməyi tələb edir: “Konstitusiyada baş nazirin istefaya getməsi ilə eyni vaxtda parlamentin buraxılması maddəsinin təsbit edilməsi əsas qanunun məntiqinə və parlamentin icra hakimiyyəti üzərində nəzarəti prinsipinə ziddir. Mən və partiyamızın üzvləri bunun əleyhinəyik”. Ermənistan parlamentində təmsil olunan partiyalar isə növbədənkənar parlament seçkilərinin keçirilməsi haqqında baş nazirin təklifinə qarşı çıxıb. Onlar hesab edirlər ki, hazırkı siyasi vəziyyətdə ictimai əhval-ruhiyyə istənilən an kəskin şəkildə dəyişə bilər. Belə bir vaxtda Robert Köçəryan da hakimiyyət əleyhinə sərt açıqlamalarla yenidən gündəmə gəlib. O, yeni hökuməti Qərbin əlaltısı olmaqda ittiham edib: “Ermənistanda hakimiyyətə gələn adamlar uzun illər Rusiyaya qarşı, Ermənistanın Avrasiya İttifaqında iştirakına qarşı çıxıblar, burada Rusiya hərbi bazasının əleyhinə olublar. Təsəvvür etmək çətindir ki, bütün bunları bir günə necə dəyişmək olar”. Köçəryan bildirib ki, Nikol Paşinyan və komandası tamamilə qərbyönümlüdür: “Komanda, demək olar ki, keçmişdə tamamilə başqa geosiyasi yanaşmalara sadiq adamlardan ibarətdir. Onların, demək olar ki, hamısı Qərb strukturları, qrantları ilə bağlıdır”. Köçəryana görə, Rusiyadan üz döndərmək istəyənlərin yanaşması təhlükəlidir. Çünki regionda təhlükəsizlik sahəsində Rusiyadan daha çox imkanlara malik ikinci ölkə yoxdur: “Kimin rıçaqları, təsiri, hərbi imkanları böyükdür? Hesab edirəm ki, sualın cavabı aydındır. Artıq formalaşmış münasibətlərdən imtina etmək olmaz. Ona görə də Brüsselə tərəf boylananlar yanılır”.  Həqiqətən də Paşinyan komandası əsas etibarı ilə Qərbə bağlı insanlardan təşkil olunub. Məsələn, xarici siyasət üzrə müşaviri Arsen Xaratyan indinin özündə də Soros Fondunun Gürcüstan nümayəndəliyinin və Amerikanın NED təşkilatının maliyyə dəstəyi ilə fəal təşviqat işləri ilə məşğuldur. Antirusiya mitinqlərinin koordinatoru David Sanasaryan isə Ermənistanın Dövlət Nəzarət Xidmətinin rəisi vəzifəsini tutur. Diaspora nazirinin müavini Babken Ter-Qriqoryan Soros Fondunun İrəvanda ən iri proqramlarını koordinasiya edib. Təhsil və elm naziri Araik Arutyunyan həmin Soros Fondu tərəfindən maliyyələşən “Helsinki assosiasiyası” və “Transparency International” təşkilatlarında işləyib. Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da uzun müddət Amerikanın “Counterpart International” və “Transparency International” təşkilatlarında çalışıb. Baş nazirin birinci müavini Ararat Mirzoyan Amerikanın məşhur IFES təşkilatının koordinatoru olub, kənd təsərrüfatı naziri Artur Xaçatryan Amerikanın USAID hökumət təşkilatının proqramlarını idarə edib. Seçki islahatları üzrə xüsusi komissiyanın katibi Daniel İonisyan yeganə məqsədi Rusiyanın inteqrasiya layihələrinə qarşı təşviqat aparmaq üçün yaradılmış “Məlumatlı vətəndaşlar ittifaqı” təşkilatının lideridir. Ölkənin Mədəniyyət Nazirliyinin başına Amerikanın Sülh korpusunun keçmiş əməkdaşı Lilit Makunts keçib. O, Ermənistanda rus dilinin məhdudlaşdırılması üzrə kampaniyanın təşəbbüskarı və əsas təbliğatçılarından biridir. Səhiyyə naziri Arsen Torosyan da keçmiş Amerika QHT-çisidir. Ədliyyə naziri Artak Zeynalyan isə USAID-də “doğma”lardan olub. Təbiətin mühafizəsi naziri Erik Qriqoryan “Amnesty International”dan siyasi partiyaların inkişafı üzrə “Civil Contract” adlı layihə üçün kifayət qədər böyük – 274 min dollarlıq qrant alıb. Paşinyan başda olmaqla, bütün bu ictimai xadimləri vahid antirusiya platforması və Rusiya siyasi rəhbərliyinə qatı nifrət birləşdirir. Bütün bunlar Robert Köçəryan tərəfindən də açıq vurğulanır. Bu fonda o, Rusiyadan dəstək almaqla ölkəsində Moskvaya qarşı olan qüvvələrin iqtidarına son qoymağı düşünür. Köçəryan bu məqsədlə seçkilərə qatılmağı da düşünür: “Əgər siyasətə qayıtdığımı bəyan etmişəmsə, onda təbii ki, müvafiq olaraq bu seçkilərdə iştirak edəcəyəm”. 
O, seçkilərdə hansı formatda iştirak edəcəyini açıqlamayıb. Elektoral bazasına gəldikdə isə, bildirib ki, onun seçiciləri Nikol Paşinyan hökumətinin yürütdüyü siyasətlə razılaşmayanlar, eyni zamanda, onun öz prezidentliyi dövründə ölkə üçün gördüyü işləri və qazanılan nailiyyətləri xatırlayanlar və ümumiyyətlə “alternativ baxış” sahibləri olacaq.  Köçəryan hesab edir ki, Paşinyan hökuməti əleyhinə ciddi müxalif mərkəzlərdən biri ola bilər. Lakin gələcək siyasi mübarizəsində ona hansı siyasi dairələrin dəstək verəcəyini deməkdə çətinlik çəkib. Bununla belə, Köçəryan Respublika və “Çiçəklənən Ermənistan” partiyalarının onun mübarizəsinə qoşulacağını istisna etməyib. Bura həmçinin  “Daşnaksütyun” da daxildir. Beləliklə, qeyd edilənlərdən aydın görünür ki, Rusiya Ermənistanı cəzalandırmaqda israrlıdır. Amma təkcə hakimiyyətə qarşı təzyiqləri artırmaqla yox. Moskva Dağlıq Qarabağ münaqişəsi ilə ilgili də İrəvana qarşı müəyyən addımlar atmağı düşünür. Bunu “Beynəlxalq Avrasiya Hərəkatının lideri, Rusiyanın tanınmış geosiyasi analitiki Aleksandr Duqin də təsdiq edir. O vurğulayır ki, Ermənistanda hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq, Moskva Dağlıq Qarabağ ətrafında işğal olunmuş 5 rayonu Azərbaycana verməkdə qəti qərarlıdır. Duqin “Moskva-Bakı” portalına müsahibəsində bildirib ki, Dağlıq Qarabağ amilindən Ermənistanda hakimiyyətə gəlmək, yaxud mövcud hakimiyyətini qorumaq istəyən hər bir kəs istifadə etməyə çalışır. Onun fikrincə, on illərdir Ermənistandakı sosial-iqtisadi uğursuzluqlar məhz Qarabağ münaqişəsinin ayağına yazılır, bəhanə kimi İrəvan həmişə Qarabağ amilini göstərir. Lakin Duqinin fikrincə, Qarabağ klanının üzvü olan Robert Köçəryanın siyasətə qayıtdığını bəyan etməsinə baxmayaraq, Moskva  Ermənistanın daxili vəziyyətinə hələ çox da qarışmır və hesab etmək olmaz ki, Ermənistan siyasi səhnəsində Rusiyanın hansısa sevimli namizədi var: “Moskva üçün hər şeydən əvvəl elə bir siyasətçi maraqlı olacaq ki, o, Ermənistanın əvvəlki geosiyasi kursunun varisi kimi çıxış etsin. Bu zaman həmin siyasətçinin demokrat, yaxud millətçi olmasının Rusiya üçün heç bir önəmi yoxdur. Və hazırda, nə qədər ki vəziyyət kritik səviyyəyə çatmayıb, Rusiya sadəcə prosesləri izləyir”.
Duqin müsahibəsində bir məsələni xüsusilə vurğulayıb ki, vəziyyət nə olursa-olsun, Moskva Qarabağ məsələsində İrəvana güzəşt etməyəcək: “Ermənistanla Moskvanın münasibətlərində olduqca prinsipial məsələ var. Rusiya Ermənistan Silahlı Qüvvələrinin Dağlıq Qarabaq ətrafında işğal etdiyi rayonlardan 5-ni Azərbaycana qaytarmaqla münaqişənin nizamlanmasının birinci mərhələsini reallaşdırmaqda qəti qərarlıdır. Bu istiqamətdə Serj Sarkisyanla ciddi irəliləyişlərə nail olunmuşdu. Bu gün regiondakı növbəti çətinliklərin bloklanması üçün bu vacib şərtdir. Ermənistanda hansı qüvvənin hakimiyyətdə olmasından asılı olmayaraq, bu məsələdə Moskva güzəştsiz davranacaq. Ermənistan rəhbərliyinə kim gəlirsə-gəlsin, Dağlıq Qarabağ məsələsində o, əvvəlki rəhbərliklə və regionunun əsas güc mərkəzlərilə əldə olunmuş razılaşmalara əməl etməlidir. 5 rayonun Azərbaycana geri qaytarılmasına Qərb də qarşı çıxmır, yəni bu, hər kəsi qane edərdi”.
Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağ separatçılarının danışıqlar masası arxasına əyləşməli olduğuna dair bəyanatını şərh edən Duqin Paşinyanın sözlərini absurd adlandırıb: “Qarabağın müstəqilliyini heç Ermənistanın özü də tanımayıb. Paşinyanın bu cür bəyanatlarına ciddi yanaşmaq lazım deyil. Hamı çox gözəl bilir ki, Qarabağ məhz Ermənistanın, xüsusən də Qərbdəki və Rusiyadakı erməni diasporasının hesabına ayaqda qala bilir. İrəvan özü Dağlıq Qarabağa güclə kömək edir, çünki Ermənistanın özündə vəziyyət ağlamalıdır. İstənilən halda, Qarabağ yox, Ermənistan subyektdir. Və Azərbaycanın işğal olunmuş ərazilərinin gələcək taleyi barədə danışıqlar yalnız Ermənistanla aparılmalıdır. Qarabağ – subyekt deyil. Fikrimcə, Paşinyan bu cür bəyanatla açıq şəkildə bildirir ki, Qarabağ məsələsini həll etməyə hazır deyil və konkret aydın proqramı yoxdur”. Duqin onu da vurğulayıb ki, Paşinyan, Rusiya olmasa, özünün də hakimiyyətdə ola bilməyəcəyini tezliklə dərk edəcək. 

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.

Son xəbərlər