24/09/2018 08:29
728 x 90

Erməni təcavüzünə qarşı haqlı müharibədə Azərbaycana hərbi dəstək verən ölkələrin sayı artır…

Almaniya və Fransa şirkətləri də prosesə qoşulur

img

Bu gün Azərbaycanın malik olduğu böyük maliyyə imkanları, həmçinin uğurlu beynəlxalq əlaqələr ölkəmizə hərbi müstəvidə də böyük üstünlüklər qazandırır.  Belə ki, Azərbaycanla, digər sahələrlə yanaşı, hərbi sferada da əməkdaşlıq etmək istəyən ölkələrin sayı artır. Bura hətta bir vaxtlar Azərbaycana silah embarqosu tətbiq edən dövlətlər də daxildir. Real vəziyyətin təhlili artıq həmin ölkələrin mövqeyində ciddi dəyişikliklərin olmasını üzə çıxarır. Bura Avropanın ən aparıcı ölkələri də daxildir.

Digər tərəfdən daha bir önəmli məqam budur ki, Avropanın, ümumiyyətlə, Qərbin aparıcı şirkətləri Azərbaycana təkcə silah satmaq yox, həm də ölkəmizlə hərbi sektorda birgə istehsal sahələri qurmaqda da maraqlı tərəf kimi çıxış edirlər.  Məsələn, məlumdur ki, bir müddət əvvəl Avropanın hərbi texnika və silah istehsalı ilə məşğul olan ən iri konserni “Rheinmetall” Azərbaycanla müqavilə imzalamaq niyyətini açıqlayıb.  Almaniyaya məxsus bu konsern  Azərbaycanla əməkdaşlıq imkanlarının öyrənilməsi üçün artıq fəaliyyətini genişləndirir. Qeyd olunub ki, “Rheinmetall” konserni ilk növbədə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının embarqo qoymadığı sahələrdə Azərbaycana hərbi xidmətlər göstərəcək. 

Avropanın ən iri hərbi şirkətinin Azərbaycana silah və hərbi texnika satmaq perspektivi İrəvanda ciddi təşviş yaradır. Ermənistan parlamentinin təmsilçisi Armen Aşotyan bildirir ki, “Rheinmetall” kimi iri həcmdə hərbi texnika istehsal edən şirkətin Azərbaycanla əməkdaşlığı münaqişə zonalarına hərbi texnika göndərilməsilə bağlı Almaniya qanunvericiliyini pozur və Berlinin beynəlxalq öhdəliklərinə ziddir. Bu əməkdaşlığın Cənubi Qafqazda hərbi balansı növbəti dəfə Azərbaycanın xeyrinə pozacağından narahat olan Aşotyan Bundestaqın diqqətini bu məsələyə yönəltməli olduğunu bildirir. Amma məsələ bundadır ki, Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələr Ermənistanın mövqeyini qətiyyən nəzərə almır. Çünki İrəvanın daim qeyri-obyektiv bir mövqedə olduğunu yaxşı bilirlər. Elə bunun nəticəsidir ki, Fransanın müdafiə sənayesi şirkətləri də Azərbaycan silahlı qüvvələri ilə əlaqələr yaratmağa çalışır. Qeyd edək ki, uzun müddət Ermənistanla hərbi münaqişəni əsas gətirərək Azərbaycana müdafiə təyinatlı məhsulların satışını yasaqlayan Fransa hərbi şirkətlərinə Azərbaycana satış icazəsi verib. Artıq bu ölkənin şirkətləri Azərbaycanla bağlı marketinq işlərinə başlayıb. Onu da bildirək ki, sentyabr ayında Bakıda keçiriləcək ADEX-2018 beynəlxalq müdafiə sərgisinə Fransanın müdafiə sənayesindən çox sayda şirkətin qatılması gözlənilir. Builki ADEX-də Fransa müdafiə sənayesini “MBDA Systems”, “CİFAL Group”, “Naval Group”, “Airbus Defense”, “Etienne Lacroix”, “Nexter Systems”, “Proengin”, “Thales” və digər şirkətlər təmsil edəcək.

Ümumiyyətlə, sentyabr ayının 25-dən 27-dək Bakı şəhərində keçiriləcək ADEX-2018 sərgisi bu dəfə müəyyən məqamları baxımından xüsusi diqqət cəlb edir. Builki sərgi iştirakçı coğrafiyasının genişliyinə görə əvvəlki iki sərgidən fərqlənir. Belə ki, budəfəki sərgidə maraqlı nüanslardan biri də son illər Azərbaycana regionda güc balansını dəyişən silah sistemlərinin satışını həyata keçirmiş şirkətlərin və silah embarqosunu aradan qaldıran ölkələrdən istehsalçıların qatılmasıdır. Cari ildə Azərbaycana LORA operativ-taktiki raket komplekslərinin, eləcə də əvvəlki illərdə “Heron” PUA və “Harop” kamikadzelərinin və LAHAT raketlərinin satışını həyata keçirən İsrailin “İsrael Aerospace İndustry”, ötən il “SpGH Dana” özüyeriyən haubitsaların və RM-70 “Vampir” yaylım atəşli reaktiv sistemlərin satışı ilə Ermənistanı şoka salan Çexiyanın “Excalibur Army”, “Polonez” raket sistemlərini istehsal edən Belarusun Dəqiq Elektromexanika Zavodu, “Sand Cat” zirehli avtomobillərinin istehsalçısı olan “Plasan” şirkəti ADEX-2018 sərgisində təmsil olunmaqla, özlərinin yeni məhsullarını da Azərbaycanın hərbi qurumlarına tanıdacaq.

KTMT üzvü olmaqla yanaşı, Azərbaycanın əsas hərbi tərəfdaşlarından olan Belarusu sərgidə son illərdə Azərbaycana radiolokasiya, radioelektron mübarizə sistemləri və ZRK-lərinin satışını həyata keçirən “Radar KB” ASC, “OKB TSP”, “558 nömrəli Aviasiya Təmiri Zavodu” ASC və digər şirkətlər təmsil edəcək. KTMT-nin digər üzvü Qazaxıstanı isə sərgidə 3 şirkət təmsil edəcək. "AzeriDefence" portalının məlumatına görə də, builki sərgidə Azərbaycana silah embarqosunu aradan qaldıran Fransa müdafiə sənayesinin geniş qatılımı gözlənilir. ADEX-2018 sərgisində Fransa ilə yanaşı, NATO və Avropa Birliyi ölkələrindən İtaliya, İspaniya, Litva, Latviya, Bolqarıstan, Çexiya və Niderlandın hərbi şirkətləri  Azərbaycan Silahlı Qüvvələrinə müxtəlif məhsulların təqdimatlarını keçirəcək. Bütün bunlar o deməkdir ki, Azərbaycan Silahlı Qüvvələri üçün Qərb texnikasının da yolu açılır.

Ümumiyyətlə, Qərbdən alınan texnika olmasa da, Azərbaycan öz ordusunu kifayət qədər yüksək səviyyədə hərbi texnika ilə təchiz edirdi. Bu da əsgəri müstəvidə Azərbaycanın Ermənistan üzərində üstünlüyünü daha da artırırdı. Elə bu səbəbdən İrəvan üçün ən böyük qorxulardan biri Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həllidir. Düşmən ölkə bilir ki, məsələnin güc yolu ilə çözümü onun acı məğlubiyyəti ilə sonuclanacaq. Çünki Azərbaycan Silahlı Qüvvələri düşmənlə müqayisədə kifayət qədər böyük imkanlara və döyüş qabiliyyətinə malikdir. İndi belə bir vaxtda Azərbaycan Silahlı Qüvvələrinin silahlanmasına Qərbdən gələn texnikanın da daxil olmasının gözlənilməsi Ermənistanın əndişəsini daha da artırır.  Xatırladaq ki, bundan əvvəl Azərbaycanın təkcə Çexiyadan silah almaq faktının üzə çıxması İrəvanda böyük hay-küyə səbəb olmuşdu.  Söhbət Çexiya istehsalı olan “DANA” özüyeriyən artilleriya qurğularından gedir və bu silah hazırda ermənilərin ən çox qorxduğu hərbi texnikarlardan biridir. Bu da səbəbsiz deyil. Avtomatik rejimdə “DANA” 7 dəqiqə ərzində 30 mərmi ata bilər, bir saat ərzində isə 90 atış həyata keçirir. Qurğunun döyüş komplekti 60 mərmidir. Qurğu cəmi 2 dəqiqə ərzində atəş mövqeyi tuta, atəşi başa vurandan sonra bir dəqiqə ərzində mövqeyini tərk edə bilər. İndi yeni məlumatlara görə, Çexiya Azərbaycana artilleriya qurğuları ilə yanaşı, daşınabilən raketlər və yaylım atəşi açan reaktiv sistemlər də satmağa hazırlaşır. Erməni şərhçi Tevos Arşakyan isə bunun ölkəsi üçün böyük təhdid olduğunu vurğulayır.  Onun iddialarına görə, silahlar Azərbaycana Qarabağ məsələsini hərbi müstəvidə həll etmək üçün yeni imkanlar yaradır:  “Danışıqların nəticə vermədiyini görən Bakı ərazilərin azad olunması üçün müharibəyə hazırlaşır: Belə olmasaydı, çoxsaylı silahlar alınmazdı. Görünür, güc variantı boş söz yox, real siyastdir”.

Belə bir vaxtda Azərbaycanla əməkdaşlıq etmək istəyən Qərbin hərbi şirkətlərinin sayının artması, aydındır ki, Ermənistanın daha böyük narahatlığına yol açacaq. Burada daha bir məqam budur ki, Qərb şirkətləri Azərbaycana silah satışını reallaşdırıcağı təqdirdə Rusiya onlarla rəqabətə girməli olacaq. Bu isə o deməkdir ki, Azərbaycan kimi bir bazarı itirməmək üçün Rusiya ölkəmizə satdığı silahların qiymətini ucuzlaşdırmalı olacaq. Dünya silah ticarətində ABŞ-dan sonra ikinci yeri tutan Rusiya üçün hazırda Azərbaycan ən əsas bazarlardan biridir.

Bununla yanaşı, görünən odur ki, Azərbaycanın silah alma coğrafiyası olduqca genişdir və bura artıq Qərb dövlətləri də daxil olur. Bundan əlavə, Azərbaycanın özünün hərbi-sənaye kompleksi də mövcuddur. 2005-ci ildə yaradılan Müdafiə Sənayesi Nazirliyi qısa zamanda müasir hərbi texnika, silah və döyüş sursatları istehsal etməklə yanaşı, silah idxalı asılılığını da azaldıb. Azərbaycanda 30-a yaxın hərbi zavod fəaliyyət göstərir ki, burada 1200 adda hərbi təyinatlı məhsullar istehsal edilir. Bu da ölkəmizin hərbi istiqamətdə dünya miqyasında layiqli yer tutmasına imkan verir. Ermənistan isə bütün bu imkanlardan məhrumdur. Ölkə yalnız Rusiyadan silah alır ki, onun da çoxu köhnədir. Elə Ermənistanın ekspert dairələrində də tez-tez erməni hərbi arsenalının köhnəliyindən, Rusiyadan əldə etdiyi silahların istifadə müddətinin bitməsindən narazılıq ifadə olunur. Erməni mətbuatı indinin özündə də Rusiyanın ayırdığı kredit müqaviləsinə əsaslanaraq yazır ki, Ermənistana satılmış silahların bir çoxu köhnədir.  Nümunə üçün, “Lragir.am” nəşri aydınlaşdırıb ki, ən yeni alınmış silah növü “Solntsepek” və “Smerç” yayılım atəşli raket sistemləridir: “Birincisi  “Buratino” sisteminin 1987-ci il nümunəsinin 2001-ci il modifikasiyasıdır. İkincisi də  1987-ci il sistemi olsa da, Ermənistana 2004-cü il modifikasiyalı 9M531 raketləri satılıb. Bununla yanaşı, Azərbaycana satılan “Solntsepek”lər isə tamamilə yenidir, dağlıq ərazilərdə keçmək imkanına sahibdir. Belə ki, bu raketlər T-90 tanklarının bazasında istehsal edilib. Ermənistana satılanlar isə T-72 köhnə tanklarının bazasında edilib”.

Həmçinin erməni tərəfinə satılmış hava müdafiə sistemi “İqla-S” və passiv radar sistemi “Avtobaza-M” həmin illərin istehsalıdır. Qalan silahlar isə daha köhnədir. Misal üçün, tankəleyhinə vasitə “Konkurs” 1974-cü ilin istehsalıdır və sonuncu dəfə 1991-ci ildə yenilənib. Eləcə də Ermənistana göndərilən B-84 tank mühərrikləri 1966-cı il,  BMP UTD-20 mühərrikləri isə 1984-cü il istehsalıdır. Həmçninin “Pansir-S”, S-300-PMU2 “Favorit”, tankəleyhinə “Xrizantema” və “Kornet”, özüyeriyən artilleriya sistemləri “Msta-S” və “Vena” və ya M-17, M-35 vertolyotları da yeni deyil. Özü də bu hərbi texnikanın çoxu Rusiyanın hərbi anbarlarında çoxdan çürüyüb və bu cür məhsulların satılması Rusiya tərəfi üçün olduqca uğurlu sövdələşmədir. Müqayisə üçün qeyd edək ki, Rusiya Azərbaycana son illər 150 tank satıb ki, bunlardan 94-ü T-90S-lər ən yeniləridir. Həmçinin ölkəmizə Rusiya tərəfindən yeni növ BTR-80 və BMP-3 də satılıb. Ermənistanda isə belə silahlar yoxdur və yaranmış vəziyyət Azərbaycanın düşmən üzərində üstünlüyünü davamlı şəkildə artırır.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.

Son xəbərlər