22/10/2018 21:16
728 x 90

Yezidi kürdlər Ermənistanda öz dövlətlərini yaratmağa başlayır, məsələyə Tramp da cəlb olunur

img

Qasım Hacıyev:Mənə belə gəlir ki, yezidi kürdləri assimilyasiya edən Ermənistan hökuməti buna razılıq verməyəcək”
Əli Orucov:...Perspektiv görünmür”
Arzu Nağıyev: “Yezidi kürdlərə Ermənistanda hər hansı bir muxtariyyət verilməsi inandırıcı görünmür”
Akif Nağı: “Dünya birliyi bu məsələyə diqqət yetirməlidir”

 

Günü-gündən Ermənistanda siyasi böhran dərinləşir. Bir tərəfdən erməni xalqının mövcud hakimiyyətə etimadsızlığı, inamsızlığı, səngiməyən etirazları, küçə mitinqləri müşahidə olunur, digər tərəfdən də burada yaşayan azsaylı yezidi-kürdlər muxtariyyət tələbi irəli sürürlər. Uzun illərdir Ermənistan hakimiyyəti tərəfindən bütün milli hüquqları tapdanan, dilindən, dinindən, milli kimliyindən məhrum edilən yezidi kürdlər artıq buna dözmək istəmirlər.

Məlum olduğu kimi, Ermənistandakı yezidi kürdləri ölkənin yeni rəhbərliyindən muxtariyyət tələbilə ayağa qalxıblar.

Baki-xeber.com-un xəbərinə görə, onlar ilkin mərhələdə yaşadıqları region üçün muxtariyyət tələb edir, perspektivdə isə müstəqilləyə ümid edirlər.

Məsələ burasındadır ki, bu günlərdə Vaşinqtondakı yezidi kürdlərinin “sultanı” Kelaş ABŞ Prezidenti Donald Trampa məktub yazaraq, Ermənistanın tərkibində yaşadıqları ərazidə Yezidistan dövləti yaratmaq niyyətində olduqlarını bildirib və bu dövlətin Vaşinqtonun himayəsi altında yaradılmasını istədiklərini bəyan edib. Onun sözlərinə görə, yezidi dövlətinin yaradılması ideyası əslində G7 dövlətlərindən gəlib. Belə ki, Kelaşın sözlərinə görə, beş min ildir yaşadıqları ərazilərdən ermənilər tərəfindən sıxışdırılaraq çıxarılan on min nəfər yezidi kürdü Avropa ölkələrinə, Rusiyaya və ABŞ-a üz tutmalı olub və beləliklə də bu ölkələrin gündəminə gəlib.

“Euroasia News”un xəbərinə görə, dünya yezidlərinin lideri deyib ki, “Yezidistan dövləti”nin yaradılması ilə Ermənistan kürdlərinin maraqlarını qorumaq niyyətindədir. Eyni zamanda o, həmin ərazinin Birləşmiş Ştatların administrativ ərazisi kimi tanınmasını istədiklərini bəyan edib. Ekspertlər isə baş verənləri ABŞ-ın Yaxın Şərqdə kürdlərə verdiyi hərtərəfli dəstəyin nəticəsi adlandırır.

Beləliklə, ermənilərin 90-cı illərdə monoetnik dövlət yaradarkən bir qisim erməniləşmiş kürdü, əslində, türklərə qarşı alət etmək məqsədilə ölkədə saxlaması indi onların öz başında çatlayır.

Yezidi kürdlərin mövcud Ermənistan hakimiyyətindən muxtariyyət tələbinin perspektivləri necə görünür? Ermənistan ərazisində Yezidistan dövləti yaradıla bilərmi?

Azərbaycan Milli Elmlər Akademiyasının Qafqazşünaslıq İnstitutunun ermənişünaslıq şöbəsinin müdiri, professor Qasım Hacıyev bizimlə söhbətində bildirdi ki, Ermənistanda Yezidistan dövlətinin yaradılması olduqca ziyanlı tendensiya ola bilər. O hesab edir ki, yezidi kürdlərə muxtariyyət verilərsə, bu, Azərbaycana və Türkiyəyə qarşı böyük zərbə sayıla bilər. Ümumilikdə, Ermənistan hökumətinin yezidi kürdlərə muxtariyyət verəcəyinin inandırıcı görünmədiyini vurğulayan Q.Hacıyevin bildirdiyinə görə, ermənilər özləri hazırda Azərbaycan torpaqlarında yaşayırlar: “Yezidi kürdlərin muxtariyyət tələbinin reallaşacağına inanmıram. Mənə belə gəlir ki, yezidi kürdləri assimilyasiya edən Ermənistan hökuməti buna razılıq verməyəcək. Ümumiyyətlə, Ermənistan hökuməti yezidi kürdlərə qarşı olduqca amansızlıqlar edib. Onlar dillərindən məhrum edilib, milliyyətləri erməni yazılır.

Hesab edirəm ki, Ermənistanda Yezidistan dövlətinin yaranmasının Türkiyəyə və Azərbaycana zərəri dəyə bilər. Bu gün Ermənistanda vəziyyət onsuz da gərgindir. İnanmıram ki, bu şəraitdə yezidi kürdlərə muxtariyyət verilməsi məsələsi reallaşsın. Ermənistan özü işğalçı dövlətdir. Bunu bütün dünya bilir”.

AMİP yetkilisi, politoloq Əli Orucov da “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, yezidi kürdlərin muxtariyyət tələblərinin gerçəkləşməsi inandırıcı görünmür: “Ermənistan 1988-ci ildə orada yaşayan aborigen xalqın-Azərbaycan türklərinin son deportasiyasından sonra monoetnik dövlət oldu. Əhalinin 99 faizi ermənilərdən ibarətdir. Digər azsaylı xalqlar da ya assimilyasiyaya uğradılıb, ya da tədricən köçüb gediblər. Azərbaycanlılar deportasiya olunarkən kürdlər də deportasiya edildi və onlar da Azərbaycana pənah gətirdilər. Yezidi kürdlər çox az saydadırlar və əsasən də Ermənistanın qərb hissəsində, Naxçıvana yaxın ərazilərdə məkunlaşıblar, çoxu da köçəri həyat sürür. Əsasən də heyvandarlıqla məşğuldurlar. Onların muxtariyyət tələbləri çətin ki, gerçəkləşsin. “Ermənistan ancaq ermənilər üçündür” tezisi bü gün də Ermənistan hakimiyyətinin yürütdüyü milli-etnik siyasətin ana xəttini təşkil edir. Ona görə də perspektiv görünmür. Amma bundan siyasi alver kimi istifadə edilə bilər. Xüsusən də Türkiyədəki kürdlərin diqqətini çəkmək üçün”.

Politoloq Arzu Nağıyevin fikrincə, Ermənistanın Azərbaycanın başına gətirdiyi oyunlar indi öz başına gəlir: “Düşünürəm ki, hər bir xalqın öz müqəddəratını həll etmək prinsipindən çıxış edən Ermənistanın öz başına gələn hadisələrdir. Paşinyan hakimiyyətə gəldikdən sonra belə rəy yaratmaq istəyir ki, guya burada ermənilər dominant millət deyil, başqa xalqlar da yaşayırlar. Hətta bu barədə mitinqlərdə də demişdi. Yezidi kürdlər də ilk dəfə deyil ki, öz torpaqlarının qaytarılması, özlərinə müəyyən şərait yaratmaları ilə bağlı müraciət edirlər. Deyim ki, hətta bir müddət əvvəl Ermənistanda yezidi kürdlərə qarşı total mübarizələr də başlamışdı, onları vəzifələrdən çıxarırdılar, onların dilində mətbuat orqanlarının nəşr olunmasının əleyhinə idilər. Sadəcə olaraq, Sarkisyan rejimində bunu etmək mümkünsüz idi. Paşinyan hakimiyyətə gəldikdən sonra indi onlar bu prinsipə əl atıblar. Son vaxtlar Ermənistanın içəridən parçalanması, eyni zamanda yeni-yeni qeyri-hökumət təşkilatları Qərbin maliyə dəstəyilə orada müəyyən belə prosedurlar həyata keçirmək istəyirlər. Müəyyən xüsusi xidmət orqanlarının bunda marağının olduğu artıq görünməkdədir. Bu, həmçinin, Rusiyaya qarşı atılan bir addımdır”.

A.Nağıyev qeyd etdi ki, Ermənistanı bütün istiqamətlərdə daxildən parçalmaq üçün belə bir prinsiplərdən istifadə edirlər. Onun sözlərinə görə, ABŞ-da yaşayan və özünü yezidi kürdlərin rəhbəri elan edən şəxslərin yardım göstərməsi üçün Konqresə müraciət etməsi də gündəmə gətirilir və bu barədə bəyanatlar verilir. “Yezidi kürdlərə Ermənistanda hər hansı bir muxtariyyət verilməsi inandırıcı görünmür. Lakin bu, Ermənistanın daxildən parçalanmasına atılan addımların ən mühümlərindən biridir. Düşünürəm ki, bunun perspektivi olmasa da, artıq ilk siqnallar var ki, belə bir məsələ ola bilər. Bunun da qarşısını almaq üçün Paşinyan həm yezidi kürdlərlə görüşməli, həm də parlament seçkilərində yezidi kürdlərə yer verilməlidir. Ermənistanda əvvəlcə onların siyasətlə məşğul olmasına qarşı çıxırdılar və demək olar ki, parlamentə ermənilərdən başqa heç kimi buraxmırdılar. Avqust ayının 17-də Ermənistanda mitnq olmalıdır, Paşinyan hakimiyyətə gəlişinin yüz günlüyünü qeyd etməlidir. O burada məsələ ilə bağlı müəyyən cavablar verməlidir. Ona görə də bu məsələ həddən artıq qızışmaqdadır”-deyə A.Nağıyev bildirdi.

Qarabağ Azadlıq Təşkilatının rəhbəri, politoloq Akif Nağının sözlərinə görə, hər hansı bir ölkənin tərkibində milli azlıqların hüquqlarına hörmətlə yanaşılmalıdır. O hesab edir ki, azsaylı xalqların müxtəlif formalarda muxtariyyət tələbinin yerinə yetirilməsi normaldır, bu, dünyada qəbul olunan prosesdir: “Sadəcə, o hərəkatların separatizm hərəkatına çevrilməsinin həmişə əleyhinə olmuşuq.  Bu, prinsipial mövqedir və bu, dünyada da belə qəbul olunur. Yezidi kürdlərin Ermənistandan müxtariyyət tələb etməsi bumeranq qayıdıb Ermənistanın özünə dəyir anlamına gəlir. Dünya ölkələrində separatçılıqla bağlı problemlər var. Ona görə də separatçılıq heç kəsin maraqlarına cavab vermir. Çox təəssüf ki, Azərbaycan 25 ildən çoxdur erməni separatizmindən əziyyət çəkir, amma Azərbaycanın vəziyyətini başa düşmək istəmirlər. Bu gün Ermənistanda yezidi kürdlər muxtariyyətlə bağlı tələblərini ortaya qoyurlarsa, buna onların haqqı var. Dünyada Ermənistan kimi  ikinci bir ölkə yoxdur ki, orada milli azlıqlara qarşı çox sərt assimilyasiya siyasəti həyata keçirilmiş olsun. Bilirsiniz ki, Ermənistanda bu siyasət yürüdülür. Birincisi, orada qeyri-millətlərin hamısı qovulub çıxarılıb, o cümlədən də azərbaycanlılar öz tarixi torpaqlarından deportasiya ediliblər. Orada hər hansı bir muxtariyyət statusu almağa ilk növbədə oradan deportasiya edilən azərbaycanlıların haqqı var. Bu məsələ də dəfələrlə Azərbaycan cəmiyyətində qaldırılıb ki, 250 mindən çox azərbaycanlı öz torpaqlarına qaytarılmalı və onların statusu müəyyənləşməlidir. Biz təklif də vermişdik ki, azərbaycanlılar Ermənistana öz dədə-baba yurdlarına qaytarılmalıdır və onlara hansı status veriləcəksə, Dağlıq Qarabağdakı ermənilərə də eyni status verilə bilər. Yəni Ermənistanda o proses başlanarsa, buna ən çox azərbaycanlıların haqqı var ki, muxtariyyət alsınlar. Yezidi kürdlərə qarşı ermənilər hədsiz dərəcədə sərt assimilyasiya siyasəti həyata keçiriblər. Onların soyadları erməniləşdirilib, milliyyətləri erməni kimi yazılır, dillərində heç bir mətbuat orqanı yoxdur, dilləri nə təhsildə, nə də başqa yerlərdə təmsil olunmur, dilləri tamam öldürülüb. Ona görə də yezidi kürdlərin bu məsələni bu şəkildə qaldırması haqlı bir mövqedir. Təbii, Ermənistan dünya birliyi ilə hesablaşmayacaq. Bu gün Ermənistanda çox qəddar siyasi rejim mövcuddur. Onlar hətta öz vətəndaşları ilə belə hesablaşmırlar. Yəqin ki, Ermənistan hakimiyyəti yezidi kürdlərin bu tələbini qan içində boğacaq. Amma dünya birliyi bu məsələyə diqqət yetirməli və orada yezidi kürdlərin haqları bərpa olunmalıdır. Çünki onların haqları çox pozulub. Onlar müxtəlif yerlərdə, Rusiya ərazisində, bəzi kəndlərdə kompakt şəkildə yaşayırlar. Bildiyimə görə, Rostovda onların icmaları var. Onlar Ermənistan hakimiyyətinin repressiyalarından qaçaraq ora sığınıblar. Onlar orada çalışırlar ki, dillərini, mədəniyyətlərini qoruyub saxlasınlar. Bu çox ciddi bir hadisədir. Bu proseslərin başlanması Ermənistan hakimiyyətinin mahiyyətini açıb ortaya qoyur, insanlara qarşı kütləvi repressiyalar təşkil etməsini meydana çıxarır. Ermənistan artıq monoetnik bir dövlətə çevrilib.Buna görə də onlar hər şeyə cavab verməlidir. Gec-tez haqq öz yerini alır. Ümid edirəm ki, bu həm də Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasətini dəstəkləyən dövlətlər, beynəlxalq təşkilatlar üçün bir dərs olamalıdır. Baxıb nəticə çıxarsınlar ki, Ermənistan Azərbaycana qarşı irəli sürdüyü ərazi iddiaları ilə bağlı nə qədər haqsızdır. Ermənilərin təkcə Azərbaycana qarşı deyil, Türkiyəyə, Gürcüstana, İrana qarşı ərazi iddiaları var. Hesab edirəm ki, bu məsələnin bu cür qabardılması bir çox məqamların ortaya çıxmasına səbəb olacaq. Görək hadisələr hansı istiqamətdə inkişaf edəcək”.

İradə SARIYEVA

Son xəbərlər