22/10/2018 21:18
728 x 90

Ermənilərin işğal altındakı torpaqlarımızda törətdikləri yanğınlar təcavüzün başqa bir formasıdır…

img

Telman Zeynalov:Burada təkcə torpaq məhv olmur, həm də işğal altında olan rayonlarımızın flora və faunası ciddi zərər görür”
Pərvanə Qaraxani: “Ermənilərin torpaqlarımızda törətdikləri yanğınlardan həm ekoloji, həm iqtisadi, həm də mənəvi cəhətdən bizə böyük ziyan dəyib”
Vüqar Bayramov: “İşğal altında olan ərazilərimizin ermənilər tərəfindən yandırılması ilə bağlı konkret hesablamalar olmasa belə, bu, Azərbaycan iqtisadiyyatına ciddi ziyan vurur”

 

Ermənistan silahlı qüvvələri Azərbaycan torpaqlarını işğal etməklə, maddi mədəniyyət abidələrimizi yerlə-yeksan etməklə kifayətlənməyib, həm də torpaqlarımızda davamlı olaraq yanğınlar törədirlər. Ermənistan tərəfindən işğal edilən Azərbaycan torpaqlarında ardıcıl olaraq yanğın təxribatlarının törədilməsi həm erməni tapdağında olan, həm də işğal edilmiş ərazilərimizlə sərhəd olan rayonların, yaşayış məntəqələrinin ekologiyasına, iqtisadiyyatına, kənd təsərrüfatına ciddi ziyanlar vurur.

İşğalçı Ermənistan qəsb etdiyi torpaqlarımızda ərazilərin yandırılması kimi qanunsuz, insanlığa sığmayan əməllərini davam etdirməklə, əslində, öz iç üzünü açıb ortaya qoyur. Ekspertlər bildirirlər ki, ümumiyyətlə, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və ətraf rayonların Ermənistan silahlı qüvvələri tərəfindən yandırılması burada təbiətə ciddi ziyan vurur. Demək olar ki, onların bu təxribatı nəticəsində əkinə yararlı olan torpaqlar yararsız hala salınır.  

Məlum olduğu kimi, indiqə qədər Ermәnistan silahlı qüvvələri işğal altında olan Ağdam, Füzuli, eləcə də digər rayonlarımızın ərazisində güclü yanğınlar törədiblər. Bunun nəticəsində də alov təmas xəttini keçərək ordumuzun nəzarəti altında olan ərazilərə də keçib. Ermənistan silahlı qüvvələri havaların istiləşməsilə əlaqədar yanğınları davam etdirirlər. Yanğın nəticəsində yaranan tüstü təmas xəttinə yaxın olan ərazilərimizə də yayılır. Son illər cəbhənin Tərtər istiqamətindəki işğal altında olan ərazilərdə baş verən irimiqyaslı yanğınlar əhaliyə bütün mənalarda ağrı-acı yaşadır. Xatırlayırsınızsa, keçən il Ağdamın işğal altında olan Baş Qərvənd kəndi ərazisində ermənilər tərəfindən törədilən yanğın havanın küləkli olması üzündən daha da genişlənərək qoşunların təmas xəttindəki neytral əraziyə keçmişdi. Bundan başqa, yanğın minalanmış sahələrdən də yan keçməmişdi.

Tanınmış ekoloq Telman Zeynalov bizimlə söhbətində bildirdi ki, təcavüzkar Ermənistan torpaqlarımızın iyirmi faizini işğal etməklə, bir milyondan çox soydaşımızı doğma yurd-yuvasından didərgin salmaqla kifayətlənməyərək, işğal etdiyi Azərbaycan ərazilərində ekoloji təxribatlar həyata keçirir və bunun nəticəsində də təbiətə, torpağa, flora və faunaya ciddi zərər dəyir. Ekspert qeyd etdi ki, ermənilər şəhər və kəndlərimizin ərazisində yanğın törədir, xüsusən də əkin sahələrini, otlaq əraziləri od vurub yandırırlar. Ermənilərin həyata keçirdiyi yanğın təxribatları zamanı meşələrimizin, otlaqlarımızın qəsdən yandırıldığını deyən T.Zeynalovun sözlərinə görə, düşmən yalnız vətəndaşlarımıza qarşı deyil, təbiətimizə də təcavüz edir, ona qarşı vandalizm törədir. “Erməni silahlı qüvvələri tərəfindən işğal edilən ərazilərimizdə ermənilərin qəsdən törətdiyi yanğın təxribatları bütün dünyanın gözü qarşısında baş verir. Onlar qəsdən otlaq sahələrinə, vaxtilə əkin əkilən sahələrə od vururlar, bunun nəticəsində də əkin üçün yararlı olan torpaqlar məhv olur.  Burada təkcə torpaq məhv olmur, həm də işğal altında olan rayonlarımızın flora və faunası ciddi zərər görür. Onların törətdiyi yanğınlar üzündən vəhşi heyvanlar, eləcə də ilan və əqrəb, digər canlılar təmas xəttinə doğru yön alır, bu tərəfə keçir. Görürsünüz ki, son zamanlar cəbhəyanı rayonlarda, kəndlərdə ilan sancma, əqrəb sancma kimi hallar geniş yayılıb. Yanğınlar nəticəsində nə qədər heyvan, bitki məhv olur. Kənd təsərrüfatına da ziyan dəyir. Yay aylarında təmas xəttinin o tayında böyük yaşıl ərazilərimizin yandırılması erməni vandalizminin iç üzünü göstərir”.

Ekspert qeyd edir ki, yaşıllıqlara düşmən kəsilən ermənilər qəsdən bütün yaşıllıqları yandırıb məhv edirlər. Bütün bunlar artıq təbiətimizdə ekoloji kataklizmlər yaradır. T.Zeynalov vurğulayır ki, ermənilərin məqsədi həm də təbiətin düzənini pozmaq, ekoloji tarazlığı laxlatmaqdır. Ermənistanın törətdiyi ekoloji təxribatlardan ölkəmizin böyük zərər çəkdiyini deyən ekspertin sözlərinə görə, onların bu cinayətləri işğal altında saxladıqları torpaqlarımızda həyata keçirməsi lap dəhşətlidir.

Qeyd edək ki, ermənilərin törətdikləri ekoloji təxribat nəticəsində Tovuz, Tərtər, Ağdam və digər rayonlardan keçən çaylarla insan cəsədlərinin, minaların, zəhərli maddələrin, məişət tullantılarının axıdılması faktlarının sayı-hesabı yoxdur. Ekspertlər qeyd edirlər ki, həm işğal altında olan ərazilərimiz, həm də qoşunların təmas xətti boyunca yerləşən rayonlarımızın meşələri, biçənəkləri, bağları, bir sözlə, bütün yaşıllıqlarının yanıb külə dönməsində Ermənistanın rolu böyükdür.

Biologiya üzrə fəlsəfə doktoru, Qarabağ florası üzrə mütəxəssis, tanınmış botanik-alim Pərvanə Qaraxani bizimlə söhbətində bildirdi ki, Ermənistan silahlı qüvvələrinin işğal ərazilərində törətdikləri yanğınlar, ekoloji təxribatlar Azərbaycanın flora və faunasına, sözün əsl mənasında, divan tutur. P.Qaraxani bildirdi ki, təcavüzkar Ermənistan hərbçilərinin yandırdığı ərazilərimiz hektarlarladır. O qeyd edir ki, bəzi hesablamalara görə, onlar tərəfindən 110 min hektardan artıq  otlaqlarımız, biçənəklərimiz, meşə massivlərimiz yandırılaraq yararsız hala salınıb. Botanikin sözlərinə görə, terror nəticəsində torpaqlarımız öz münbitliyini itirib, ətraf mühitə və canlı təbiətə ciddi ziyan dəyib. O qeyd etdi ki, davam edən yanğınlar nəticəsində təxmini hesablamalara görə, Azərbaycana 500 milyon manatdan artıq ziyan vurulub, yanğınlar nəticəsində canlı aləm ya tələf olur, ya da başqa ərazilərə köç edir: “Ermənilərin işğal etdikləri Azərbaycan ərazilərində həyata keçirdikləri vandalizm hərəkətlərinin dünyada analoqu yoxdur. Sən həm Azərbaycan torpaqlarını ilhaq edib onu uzun illərdir işğalda saxlayasan, bununla kifayətlənməyib həm də təbiətimizə divan tutasan, bu böyük cinayətdir. Ermənilər uzun illərdir torpaqlarımızı yandırır, otlaq sahələrinə, meşələrə od vurur, yanğın isə bütün ətrafa yayılır, bundan isə biz zərər çəkirik. Ermənilərin torpaqlarımızda törətdikləri yanğınlardan həm ekoloji, həm iqtisadi, həm də mənəvi cəhətdən bizə böyük ziyan dəyib. Hesab edirəm ki, bütün bu zərərlər hesablanmalı və beynəlxalq qurumların diqqətinə çatdırılmalıdır”.

Dağlıq Qarabağ ərazisində törədilən yanğınların, torpaqlarımıza radioaktiv maddələrin basdırılmasının da böyük fəsadlar törətdiyini qeyd edən alimin sözlərinə görə, bu təxribata görə Ermənistan böyük məsuliyyət daşıyır.  

Ermənistanın ekoloji cinayətlərinin saysız-hesabsız olduğunu vurğulayan alimin sözlərinə görə, yanğınlar zamanı torpaq korroziyaya uğrayır.  

Qeyd edək ki, bir müddət əvvəl “Azərkosmos” ASC Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə “Azersky” peyki vasitəsilə Ermənistan tərəfindən törədilmiş yanğınların monitorinqini aparmışdı. Həmin monitorinq zamanı məlum olmuşdu ki, yanğınlar əsasən cəbhənin Ağdam rayonu istiqamətində baş verib. 29 iyun 2018-ci il tarixində Ağdam rayonunun işğal altından olan yaşayış məntəqələri üzrə ümumilikdə 280 hektar ərazinin yandığı aşkar edilmişdi.

Erməni silahlı qüvvələrinin torpaqlarımızı yandırması nəticəsində cəbhəyanı ərazilərdə yaşayan sakinlərimizin əkin sahələrinə, taxıl zəmilərinə də yanğın düşür. Ermənilərin törətdikləri yanğın təxribatı nəticəsində gəmiricilərin təmas xəttinə yaxın kəndlərə, tarlalara, əkin sahələrinə ziyan vurması faktları da var.

Ekspertlər bildirirlər ki, erməni vəhşiliyindən heyvanlar, sürünənlər, gəmiricilər də böyük zərər çəkir. Ermənilərin həyata keçirdikləri bu vandalizm aktlarını da beynəlxalq qurumların diqqətinə çatdırmalı olduğumuzu vurğulayan ekspertlər hesab edirlər ki, bu məsələyə beynəlxalq hüquq müstəvisində qiymət verilməlidir.

Qeyd etdiyimiz kimi, işğal altında olan torpaqlarımızda Ermənistan silahlı qüvvələri tərəfindən törədilən yanğın iqtisadiyyatımızdan da yan ötməyib. Ümumilikdə, hələ bu zərər tam olaraq hesablanmasa da, iqtisadçıların verdikləri bilgiyə görə, ermənilərin qəsdən törətdikləri bu yanğınlar iqtisadiyyatımıza ciddi zərər vurub.

Tanınmış iqtisadçı-ekspert Vüqar Bayramov bizimlə söhbətində bildirdi ki, Ermənistan silahlı qüvvələrinin işğal altında olan torpaqlarımızda törətdikləri yanğın zamanı iqtisadiyyatımıza dəyən ziyan hələ tam hesablanmayıb. Bununla belə, V.Bayramovun sözlərinə görə, dəyən iqtisadi ziyan böyükdür: “Bütövlükdə, işğal altında olan ərazilərimizin ermənilər tərəfindən yandırılması ilə bağlı konkret hesablamalar olmasa belə, bu, Azərbaycan iqtisadiyyatına ciddi ziyan vurur. Burada söhbət işğal olunmuş Azərbaycan ərazilərinin yandırılmasından gedir. Azərbaycan torpaqlarının yandırılması potensial olaraq gələcəkdə o torpaqlar işğaldan azad edildikdən sonra onlardan istifadə edilməsinə də birbaşa təsir göstərəcək. Bu amilin torpaqlarımıza hərtərəfli mənfi təsiri var. Hesab edirəm ki, bununla bağlı Azərbaycan hökumətinin beynəlxalq hüququn imkan verdiyi şərtlər daxilində beynəlxalq müstəvidə məsələ qaldırmasına ehtiyac var. Çünki hadisələrin baş verməsi və davam etməsi həm işğal altında olan ərazilərə, həm də cəbhəyanı ərazilərimizə zərər vurur. Bu baxımdan məsələnin beynəlxalq hüquq müstəvisində qaldırılmasına və bu prosesin dayandırılmasına nail olmaq lazımdır”.   

İradə SARIYEVA

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.

Son xəbərlər