11/12/2018 02:52
728 x 90

Sarkisyan qondarma Qarabağ rejimini Ermənistanın əleyhinə qaldırır...

img

Ermənistanda keçmiş prezident Robert Köçəryanın həbsi Azərbaycanın işğal olunmuş torpaqlarında Ermənistan tərəfindən yaradılan qondarma rejimlə İrəvanın hərbi-siyasi rəhbərliyi arasında qarşıdurmaya səbəb olub.

Söhbət ondan gedir ki, Köçəryanın həbsi Qarabağ separatçıları arasında ciddi narazılıq yaradıb və onlar keçmiş prezidentin azadlığa çıxmasını tələb edir. Məlumatlara görə, separatçı rejimin “parlamentinin” 40-a yaxın “deputatı” Ermənistanın baş prokuroruna Robert Köçəryanın azadlığa çıxması üçün müraciət etsə də, rədd cavabı alıb.

Digər önəmli nüans isə budur ki, elə Ermənistanın öz parlamentinin deputatlarının da analoji xahişinə rədd cavabı verilib. Erməni siyasi şərhçi Sarkis Artsruni yazır ki, Köçəryan barəsində həbs qətimkan tədbirini dəyişmək haqqında Baş Prokurorluğa zəmanəti Ermənistan parlamentinin 46 üzvü, o cümlədən, parlament sədri və onun üç müavinindən ikisi imzalayıb. Onların 42-si Serj Sarkisyanın rəhbərlik etdiyi keçmiş hakim Ermənistan Respublika Partiyasının, üçü “Daşnaksütyun” və bir nəfəri “Tsarukyan” parlament fraksiyalarının təmsilçiləridir. Amma Baş Prokurorluq buna da rədd cavabı verib. Sarkis Artsruni qeyd edir ki, məsələnin narahatlıq doğuran tərəfi Qarabağdakı rejimlə İrəvan arasında yaranan fikir ayrılığıdır: “Köçəryanın bağışlanması xahişi İrəvanın siyasi rəhbərliyində qəzəblə qarşılanıb. İrəvan Qarabağdakı “deputatların” xahişini qəbul etməyəcək. Ümumiyyətlə, Qarabağ rejimi bir şəxsə görə ciddiliyini sual altına qoymamalı idi. Lakin onlar buna getdilər. Bu, İrəvanla Qarabağdakı rejimin qarşıdurmasına gətirib çıxara və daha pis nəticələr doğura bilər. “Qarabağ parlamenti” faktiki olaraq Ermənistanda əksinqilabi qüvvələrlə birgə hərəkət edir və İrəvanın siyasi qərarlarına müdaxilə edir. Halbuki, bu müdaxilə Qarabağla İrəvan arasında ciddi çatlar yarada bilər”. Erməni şərhçi Köçəryanın həbsindən sonra yaranmış siyasi qarşıdurmanın daha bir detalını açıqlayıb: “İndiyə qədər Qarabağ və Ermənistan sıx şəkildə birlik təşkil edirdi. Lakin Köçəryanın  həbsinə münasibətdə ciddi böhran yarandı və birlik təhlükə altına düşdü. Çünki Qarabağdakı rejim hələ də Köçəryanın təsiri altındadır, bu isə ciddi təhlükədən xəbər verir.

İndiki halda problemin nəzərəçarpacaq siyasi konteksti var və sadəcə yolverilməzdir ki, Qarabağdakı rejim, yaxud onun ayrı-ayrı qanadları Ermənistandakı siyasi qarşıdurmada tərəf olsunlar. Bu, qəfil nəticələr törədə bilər. Təhqiqatı həyata keçirən Xüsusi İstintaq Xidmətinin  rəisi Sasun Xaçatıryan son günlərdə ən azı iki dəfə bildirib ki, Robert Köçəryanın barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi cinayətin açılmasına əsaslı mane ola bilər. Amma buna rəğmən,  Qarabağdakı “deputatların” bu cür hüquqi izahatlardan sonra müdaxiləsi nəzərəçarpacaq siyasi-gizli mənaya malikdir: ”DQR parlamenti”, faktiki olaraq, Ermənistan ədalət məhkəməsinə meydan oxuyur, qeyzlənmiş Ermənistanın  əksinqilab düşərgəsində mövqe tutur. Qarabağdakı “deputatlar” bu müdaxilə ilə 1 mart hadisələrinə görə məsuliyyəti istər-istəməz öz üzərinə götürür ki, bu da müxtəlif söz-söhbətlərin təzələnməsi üçün bəhanəyə çevriləcək. Xüsusən də “DQR hakimiyyətinin“, yumşaq deyilsə, qanlı 1 mart hadisələrində işıtirak etdiyi haqda versiya fəal şişirdildiyi üçün. Qarabağdakı “deputatların” müdaxiləsi Ermənistan hökumətinə düşmən münasibətidir.  Problemin gizli siyasi mənası da var: Robert Köçəryanın həbsi məsələsində Ermənistan cəmiyyətinin birləşmiş mövqeyi var. Qarabağda bir daha “erməni-qarabağlı” ayrıseçkiliyinə lüzumsuz şəkildə yol vermədən Ermənistan cəmiyyətinin əhvali-ruhiyyəsinə sayğı bəsləməyə borcludurlar.

Robert Köçəryanın idarəçiliyinin mənfi nəticələrindən biri məhz millətdaxili birliyin pozulması olub. Onun Qarabağ  məsələsilə bağlı azğın spekulyasiyası buna səbəb olub ki, erməniçiliyin hər iki seqmentindəki münasibətlərdə müəyyən gərginlik yaranıb. Heç şübhəsiz, Qarabağ hakimiyyəti bu günlərdə Köçəryan komandasının total basqısı altındadır, ya da 1 mart hadisələrinə görə öz məsuliyyət payı var. Qarabağ “parlamentinin“ Ermənistanda birmənalı mənfi reaksiyaya layiq görüləcək təşəbbüsünü özgə cür izah etmək mümkün deyil“. Beləliklə, bütün bunlar Qarabağ separatçıları ilə İrəvan arasında ciddi mövqe toqquşmasının yarandığını göstərir. Məsələnin maraqlı tərəflərindən biri də budur ki, sözügedən fikir ayrılığı Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın Qarabağa getməsindən sonra özünü qabarıq surətdə göstərməyə başlayıb.  “Joxovurd” qəzeti yazır ki, Serj Sarkisyan İtaliyadan Ermənistana qayıdıb və burada ləngiməyərək birbaşa Azərbaycanın işğal altından olan Xankəndi şəhərinə gəlib. Onun artıq bir neçə gündür Xankəndidə olduğu vurğulanır. Sarkisyanın mətbuat xidməti də faktı təsdiqləyib. Bu fonda fikirlər səslənir ki, Qarabağdakı rejimi İrəvan əleyhinə kökləyənlərdən biri məhz Sarkisyandır. Belə görünür ki, qarşıdakı günlər ərzində tərəflər arasında qarşıdurma daha da dərinləşəcək.

Tahir TAĞIYEV

Son xəbərlər