16/08/2018 00:58
728 x 90

ABŞ-ın sanksiyaları Ermənistanı da vuracaq, Rusiya ilə münasibətlər isə onsuz da pisdir...

img

Məlum olduğu kimi, bu günə qədər işğalçı Ermənistanın bir dövlət olaraq varlğını davam etdirməsi əsas etibarı ilə Rusiyanın, eləcə də İranın sayəsində mümkün olub. Amma Ermənistanda məlum hakimiyyət dəyişiklyindən sonra Rusiya ilə Ermənistan arasında münasibətlər sürətlə pisləşməyə doğru gedir.

Bu gedişlə Rusiya Ermənistana iqtisadi, eləcə də siyasi və hərbi dəstəyi kəsməyi düşünür. İran isə ABŞ sanksiyaları üzündən ağır iqtisadi dönəm yaşadığından, Ermənistanla əlaqələri məhdudlaşdırmağa məcburdur.

Xatırladaq ki, bu günlərdə ABŞ İrana qarşı sanksiyalarını rəsmən bərpa edib. ABŞ Dövlət Departamentinin siyasi planlaşdırma üzrə direktoru Brayan Huk bəyan edib ki, sanksiyalar İranın avtomobil sektoruna, həmçinin, qızıl və digər metalların satışı sahəsinə tətbiq edilməyə başlayıb. Sanksiyalarla əlaqədar olaraq İranın alüminium, polad, qrafit, kömür, həmçinin sənaye müəssisləri üçün kompyuter proqramlarının ticarəti dayandırılıb. Sanksiyaların ikinci mərhələsi isə 4 noyabrda qüvvəyə minəcək. Onlar İranın enerji və bank sektorunu əhatə edəcək.  Belə bir vaxtda bəlli olub ki, ABŞ-ın İrana qarşı sanksiyaları bərpa etməsi İranla əməkdaşlıq edən İrəvana mənfi təsir edəcək, ümumiyyətlə, bu məsələdə ən çox ziyan çəkən region ölkəsi Ermənistan olacaq.  İran məsələləri üzrə erməni eksperti Karen Veranyanın sözlərinə görə, Vaşinqtonun sanksiyaları Ermənistan iqtisadiyyatına təsirsiz ötüşməyəcək, xüsusən də İranla sərhəddə yenicə açılan “Mehri” azad iqtisadi zonasının fəaliyyətini iflic edəcək. Çünki bu layihə daha çox İranla Ermənistan arasındakı ticarət dövriyyəsinin artırılması məqsədilə ortaya atılıb. Bu isə Ermənistanın həmin layihə vasitəsilə Avrasiya İqtisadi Birliyi və Çindən investisiyalar cəlb etmək arzusunu da puç edir: “ABŞ-ın İrana qarşı sanksiyaları regionda və Ermənistanda təhlükəsizlik və sabitliyi poza, qonşu İranla Ermənistan arasındakı ticarət dövriyyəsini kəskin şəkildə azalda bilər. Çünki sanksiyalar təkcə İranın dövlət şirkətlərinə yox, hətta İranın öz ərazisindən kənarda fəaliyyət göstərən özəl şirkətlərinə, o cümlədən, onlarla əməkdaşlıq edənlərə də tətbiq olunacaq. Bu baxımdan “Mehri” azad iqtisadi zonasında İran şirkətlərilə birgə iş görmək istəyənləri də təhlükə gözləyir. Bütün bu kimi faktorlar isə potensial investorları da Ermənistana sərmayə yatırmaqdan çəkindirəcək. Onlar öz bizneslərini risqə atmaq istəməyəcəklər. Nəticədə Ermənistan ciddi iqtisadi problemlərlə üzləşə bilər”.

Burada məsələnin maraqlı bir tərəfi də, Ermənistandan fərqli olaraq, Azərbaycanın sanksiyalardan hansısa ciddi zərər görməyəcəyidir. Hətta artıq o da məlumdur ki, ABŞ-ın İrana qarşı tətbiq etdiyi yeni sanksiyalar "Cənub Qaz Dəhlizi" layihəsinə aid olmayacaq. Qeyd edək ki, bu barədə "S&P Global Platts" agentliyi ABŞ prezidenti Donald Trampın müvafiq qərarına istinadən açıqlama yayıb. Məlumatda bildirilir ki, BP “Cənub Qaz Dəhlizi” üçün təbii qaz mənbəyi olan Azərbaycanın “Şahdəniz” qaz-kondensat yatağının işlənməsi layihəsinə sanksiyaların şamil olunmaması məqsədilə icazə almaq istəyib. İranın “NICO” şirkəti isə “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsində 10 faiz paya malikdir. Bildirilir ki, ABŞ-ın noyabrın 4-dən qüvvəyə minəcək enerji sahəsinə aid yeni sanksiyaları İranla biznesi davam etdirən şirkətlərə aid olacaq. Məlumatda qeyd edilir ki. Trampın qərarında “təbii qaz layihəsi istisna olunur” ifadəsi işlədilir ki, bu da “Cənub Qaz Dəhlizi”ni nəzərdə tutur. Londonda mənzillənmiş “Argus Media” enerji informasiya saytı yazır ki, ABŞ-ın İranın enerji sektorunu hədəfləyən sanksiyalarından Azərbaycanın “Şahdəniz” yatağından qazın nəqlinə istisna veriləcək. Qanunda deyilir ki, bu qaz kəməri Türkiyə və Avropanın enerji təhlükəsizliyini gücləndirməli və Rusiyadan enerji asılılığını azaltmalıdır.

Yeri gəlmişkən qeyd edək ki, ABŞ Rusiyaya qarşı, heç bir izahat vermədən və detalları açıqlamadan, yeni sərt sanksiyalar tətbiq edib. Rusiyanın Vaşinqtondakı səfirliyi bəyanat yayaraq sanksiyaların “əjdahasayağı oldğunu” bildirib: “Avqustun 8-də bizim səfirliyin müşavirinə Dövlət Departamentində Rusiyanın Solsberidə Böyük Britaniya vətəndaşlarına qarşı “Noviçok” qazından istifadə etdiyi barədə uydurma bəhanələrlə yeni “əjdahasayağı” sanksiyalar elan ediblər. Hər hansı fakt və ya sübut təqdim edilməyib. Dəqiqləşdirici suala Amerika tərəfi məxfiliyi əsas gətirərək heç bir izahat verməyib”. Bundan əvvəl ABŞ Dövlət Departamenti elan edib ki, avqustun 22-dən etibarən Moskvaya qarşı, Rusiyanın Solsberidə kimyəvi silahdan istifadə etməsinə cavab olaraq,s yeni sanksiyalar qüvvəyə minəcək.Sanksiyaların detalları barədə açıqlama verilməyib. Amma xəbər verilir ki, qadağaların birinci mərhələsi Rusiyaya ikili təyinatlı malların təchizatına aidir. 90 gün sonra qüvvəyə minəcək ikinci dalğada isə Rusiya aviaşirkətlərinin ABŞ-a uçuşlarının dayandırılması, Birləşmiş Ştatlardan Rusiyaya ixracın demək olar kəsilməsi nəzərdə tutulur. Hesab edilir ki, Rusiya iqtisadiyyatına zərər vuracaq yeni sanksiyalardan yenə ən çox zərər çəkən ölkələrdən biri məhz Ermənistan olacaq. Çünki bu ölkə hələ də iqtisadi cəhətdən əhəmiyyətli dərəcədə Rusiyadan asılıdır.

Nahid SALAYEV

Son xəbərlər