17/10/2018 01:34
728 x 90

Trampın sərəncamı Azərbaycana hansı iqtisadi fayda perspektivləri açdı – Anti-İran sanksiyalarından qurtulmağın faydaları təhlil edilir…

“Layihənin sanksiyalardan kənarda qalması Azərbaycan iqtisadiyyatı üçün nə qədər əhəmiyyət daşıyırsa...”

img

Günel Fərhadqızı: “Azərbaycanın layihədən əldə etdiyi qazanc stabil qalacaq ki, bu da ümumi ölkə iqtisadiyyatı üçün faydalıdır”

 

ABŞ-ın İrana qarşı tətbiq etdiyi yeni sanksiyalar "Cənub Qaz Dəhlizi" layihəsinə aid olmayacaq. Bu barədə "S&P Global Platts" agentliyi ABŞ Prezidenti Donald Trampın müvafiq qərarına istinadən açıqlama yayıb.

Məlumatda bildirilir ki, BP “Cənub Qaz Dəhlizi” üçün təbii qaz mənbəyi olan Azərbaycanın “Şahdəniz” qaz-kondensat yatağının işlənməsi layihəsinə sanksiyaların şamil olunmaması məqsədilə icazə almaq istəyib. İranın “NICO” şirkəti isə “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsində 10 faiz paya malikdir. Bildirilir ki, ABŞ-ın noyabrın 4-dən qüvvəyə minəcək enerji sahəsinə aid yeni sanksiyaları İranla biznesi davam etdirən şirkətlərə aid olacaq.

Məlumatda qeyd edilir ki, D.Trampın qərarında “təbii qaz layihəsi istisna olunur” ifadəsi işlədilir ki, bu da “Cənub Qaz Dəhlizi”ni nəzərdə tutur.

Azərbaycanın ən önəmli meqalayihəsi olan “Şahdəniz”dən sanksiyaların yan keçməsinin ölkəmiz üçün hansı siyasi əhəmiyyət kəsb etməsi barədə ətraflı şərhlər verilib. Trampın verdiyi məlum qərarın Azərbaycan üçün iqtisadi və maliyyə cəhətdən nə kimi əhəmiyyəti var?

İqtisadçı Günel Fərhadqızı qəzetimizə açıqlamasında bildirdi ki, söhbət dünyanın ən böyük və ən bahalı layihələrindən birindən gedir: “Bu layihə, sözün əsl mənasında, 21-ci əsrin layihəsi adını daşımağa layiqdir. “Cənub Qaz Dəhlizi" layihəsinin 7 ölkəni kəmər boyunca 12 fərqli investorla, 12 fərqli alıcı ilə birləşdirir. Bilirsiniz ki, layihənin başlıca hədəfi Xəzər regionu təbii qazını Avropa İttifaqı istehlakçılarına çatdırmaqdır. Bu layihənin ərsəyə gələcəyinə bir çoxları şübhə ilə yanaşırdı. Lakin Azərbaycanın prinsipiallığı səbəbindən bu böyük layihə tam ərsəyə gəldi. ABŞ rəhbərliyi gözəl anlayır ki, məhz bu layihənin memarı olduğuna görə Azərbaycana ciddi təzyiqlər olunub. Artıq layihənin bir hissəsi tam istifadəyə verilib. Qalan hissəsinin də yaxın vaxtda tam ərsəyə gələcəyi bildirilir. Məhz belə bir məqamda “Şahdəniz” ABŞ sanksiyalarından yan keçməsəydi, layihə ilə bağlı xoşagəlməz vəziyyət yarada, investorlar arasında narazılığa səbəb ola bilərdi. Bütün tərəflərin maraqlarının balanslaşdırıldığı layihə olduğu səbəbindən Tramp onu sanksiyalardan kənarda saxladı. Təbii ki, bu ilk növbədə Azərbaycanın iqtisadiyyatı üçün böyük önəm daşıyır. “Şahdəniz”də layihə operatoru BP 28,8%, Türkiyənin TPAO şirkəti 19%, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) 16,7%, Malayziya Dövlət Şirkəti “Petronas” 15,5%, Rusiyanın özəl şirkəti LUKoil 10% və İranın Dövlət Şirkəti NICO 10% paya malikdir. Adıçəkilən şirkətlər Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihəsində də eyni nisbətdə səhmdardırlar. Yatağın çıxarıla bilən ehtiyatı 1,2 trilyon kubmetr qaz və 240 mln. ton kondensat təşkil edir, bunun da 1/6 hissəsi “Şahdəniz 1” qatında yerləşir. “Şahdəniz 2” qatı 1-ci fazadan 2 dəfə böyükdür. Hazırda “Şahdəniz 1” yatağından 10 mlrd. kubmetr qaz hasil olunur ki, bunun da 2/3 hissəsi ixrac olunur. Hesab edirəm ki, layihənin sanksiyalardan kənarda qalması Azərbaycan iqtisadiyyatı üçün nə qədər əhəmiyyət daşıyırsa, göstərilən pay bölgüsünə uyğun olaraq digər investorlar üçün də o qədər əhəmiyyətə malikdir. Azərbaycanın layihədən əldə etdiyi qazanc stabil qalacaq ki, bu da ümumi ölkə iqtisadiyyatı üçün faydalıdır”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər