22/10/2018 21:17
728 x 90

Ermənistanın İranla sərhəddə açılan “Mehri” azad iqtisadi zonasının fəaliyyəti iflic olacaq

Elşən Mustafayev: “Blokadada yaşamağa məhkum edilən Ermənistanın yeganə nəfəsliyi olan İranla əlaqələri də bağlanmış olacaq”

img

ABŞ-ın İrana qarşı sanksiyaları bərpa etməsi İranla əməkdaşlıq edən bir çox dövlətlərə mənfi təsir edəcək. Belə iddialar səslənir ki, bu məsələdə daha çox ziyan çəkən region ölkəsi Ermənistan olacaq. Çünki Ermənistanın ABŞ-ın sanksiya altına saldığı iki ölkə - İran və Rusiya ilə daha sıx ticarət əlaqəsi mövcuddur. Yaranmış vəziyyət Ermənistana necə təsir edəcək?

Politoloq Elşən Mustafayev qəzetimizə açıqlamasında bildirdi ki, İrana qarşı artan beynəlxalq təzyiqlər Ermənistana həm iqtisadi, həm də siyasi formada təsir edəcək: “Bunlar bölgədə və Ermənistanda sabitliyi poza biləcək addımlardır. Bu sanksiyaların xüsusilə də Ermənistan iqtisadiyyatına təsiri qaçılmaz olacaq. Ticarət dövriyyəsi kəskin şəkildə aşağı düşə bilər. Sanksiyalar İranın Ermənistandakı investisiyalarını təhlükə qarşısında qoyacaq. Ciddi maliyyə problemləri ilə üz-üzə qalacaq İran şirkətləri Ermənistandakı sərmayələrini də geri çəkə bilərlər. 

Nikol Paşinyanın başçılıq etdiyi hökumət ABŞ-ın xəbərdarlıqlarına baxmayaraq, İranla əməkdaşlığı davam etdirsə, Ermənistanı hədəfə gətirəcək. Çünki təkcə İran yox, İranla əməkdaşlıq edən dövlətlər də ABŞ-ın hədəfindədir. Xüsusən də İranla sərhəddə yenicə açılan “Mehri” azad iqtisadi zonasının fəaliyyəti iflic olacaq. Çünki bu layihə daha çox İranla Ermənistan arasındakı ticarət dövriyyəsinin artırılması məqsədilə ortaya atılıb. Bu isə Ermənistanın həmin layihə vasitəsilə Avrasiya İqtisadi Birliyi və Çindən investisiyalar cəlb etmək arzusunu da puç edir. Tramp birmənalı şəkildə bildirdi ki, hətta İranla biznes əlaqələri quran istənilən dövlətlə münasibətləri kəsilə bilər.

Bu məsələ, təbii ki, Rusiyaya və Ermənistana da aiddir. Baxmayaraq ki, Avropa bunu qeyri-legitim addım sayır, ancaq artıq neftin qiymətində fərq var, Türkiyədə dolların məzənnəsinin qalxmasının da bir səbəbi budur. Ermənistan hökuməti Paşinyanın timsalında anti-Rusiya ovqatlı lider obrazını yaratmaqla ABŞ-la münasibətləri normallaşdırmağa çalışır. Paralel olaraq Ermənistanın NATO hərbi təlimlərində iştirak qərarı verməsi də Rusiyanın sərt reaksiyasına səbəb olub. Ancaq atılan addımlar heç də ona əsas vermir ki, ABŞ Ermənistanın Vaşinqtonu qane etməyən davranışlarına göz yumsun. ABŞ başa düşür ki, Ermənistan və Rusiya həm hərbi, həm də siyasi-iqtisadi bloklarda təmsil olunurlar. Nə qədər ki, belə format var, ABŞ və Ermənistan arasında müəyyən maraqlar çərçivəsində əlaqələr olsa da, ciddi yaxınlıq inandırıcı görünmür. Bununla da yürütdüyü işğalçı siyasət səbəbindən onsuz da blokadada yaşamağa məhkum edilən Ermənistanın yeganə nəfəsliyi olan İranla əlaqələri də bağlanmış olacaq. Nəticədə həmin ölkə daha rəzil duruma düşmüş olacaq”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər