16/08/2018 00:59
728 x 90

Heydər Əliyev 20 il əvvəl mətbuatın inkişaf tarixində bir qərarla böyük dövr açdı...

“20 il əvvəl mətbuat üzərində senzuranın ləğvini mütərəqqi hadisə hesab edirəm”

img

Yadigar Məmmədli: “Bu, mətbuatın inkişafında, demokratik dəyərlərə sahiblənməsində, dünyada proseslərə qoşulmağımızda mühüm addım oldu”

 

Avqustun 6-sı Azərbaycan tarixində söz və mətbuat üzərindən senzuranın götürülməsi günü kimi qeyd olunur. Bu mənada ki, söz və mətbuat azadlığı demokratik cəmiyyətin əsas dəyərlərindəndir.

Zəngin tarixi və mütərəqqi ənənələri olan Azərbaycan mətbuatı hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda demokratiyanın mühüm vasitəsi kimi çıxış edir. Cəmiyyətdə aşkarlığın və şəffaflığın təmin edilməsində, aktual ictimai problemlərin ümumxalq müzakirəsinə çıxarılmasında, sosial ədalət prinsiplərinin müdafiəsində mətbuatın xüsusi rolu var. Bu baxımdan ümummilli lider Heydər Əliyevin 1998-ci il avqustun 6-da imzaladığı "Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərman xüsusilə qiymətlidir. Həmin Fərmanla Azərbaycanda milli mətbuatın demokratik inkişafına dövlət qayğısı modeli təqdim edilib. Senzuranın ləğvindən sonra kütləvi informasiya vasitələri üzərindən əlavə dəyər vergisi götürülüb, ölkəyə gətirilən qəzet kağızına tətbiq olunan gömrük rüsumu tamamilə azaldılıb.

Azad, müstəqil mətbuatın inkişafına göstərilən diqqət və qayğının nəticəsidir ki, bu gün  Azərbaycan  KİV-ləri sayına görə MDB ölkələri arasında lider mövqedə dayanır. Ölkədə minlərlə kütləvi informasiya vasitəsi dövlət qeydiyyatına alınıb, xeyli sayda jurnalist təşkilatı və ictimai birilklər fəaliyyət göstərir. İnternet istifadəçilərinin sayı 85 faizdən çoxdur.

Bütün bunların fonunda, senzuranın ləğvi mətbuatın inkişaf tarixində necə bir mərhələ oldu?

Məsələyə münasibət bildirən media eksperti Yadigar Məmmədlinin sözlərinə görə, senzuranın ləğvi mətbuatın inkişafı baxımından əlamətdar hadisədir: “Biz ötən 20 il ərzində bir daha bunun şahidi olduq. Ona görə ki, mətbuatın inkişafı yalnız onun müstəqil, sərbəst fəaliyyətindən asılı olub. Ona görə də 20 il əvvəl mətbuat üzərindən senzuranın ləğvi mühüm hadisə idi. O vaxt mərhələli senzura var idi. Sözügedən senzuraların ləğvi mətbuatın inkişafına yeni nəfəs verdi. Jurnalistika sahəsində yeni imkanlar açdı. Eyni zamanda, həmin məsuliyyəti jurnalistlərin üzərinə buraxdı. Yəni ondan qabaq məsuliyyət nəşriyyat, müxtəlif qurumların üzərində idisə və onlar yazıları oxuyurdularsa, dövlətin, millətin, cəmiyyətin əleyhinə yönələ biləcək fərqli yazıları çıxarırdılarsa, ondan sonra bununla bağlı məsuliyyət mətbuat nümayəndələrinin üzərində qaldı. Zaman keçdi və bu bir sıra boşluqlar yaratdı. O mənada ki, hər kəsin media sahəsində çalışmaq imkanı əldə etməsi müəyyən mənfi təzahürlərə yol açdı. Belə ki, mətbuat adı altında sıramıza soxulan insanlar da var. Biz cəmiyyət, jurnalistlər olaraq belələrinə qarşı mübarizə aparmalıyıq. Bütün hallarda, 20 il əvvəl mətbuat üzərində senzuranın ləğvini mütərəqqi hadisə hesab edirəm. Bu, mətbuatın inkişafında, demokratik dəyərlərə sahiblənməsində, dünyada proseslərə qoşulmağımızda mühüm addım oldu”.

Vidadi ORDAHALLI

Son xəbərlər