16/08/2018 00:59
728 x 90

ABŞ sanksiyaları əleyhinə Avropa Birliyinin bloklayıcı reqlamenti – hədəf İrandır...

“İran inqilabı və bugünkü ABŞ-ın dəyişmək istədiyi İran rejimi də məhz avropalıların dəstəyi ilə yaradılıb”

img

Nəzakət Məmmədova: “Avropa Birliyi sonadək İranın yanında olmağa çalışacaq”

 

Avropa İttifaqı (Aİ) ABŞ-ın İrana qarşı sanksiyalarını Aİ ərazisində etibarsız sayan bloklayıcı reqlament qəbul edib. Bunu Aİ Komissiyasının rəsmi nümayəndəsi Mina Andreyeva deyib.

Onun sözlərinə görə, 7 avqust tarixində Aİ-nin İranla biznes əlaqəsi olan avropalı şirkətləri ABŞ-ın eksterritorial sanksiyalarının təsirindən qoruyacaq yenilənmiş bloklayıcı reqlamenti qüvvəyə minib: “Sənəd, həmçinin, avropalı şirkətlərinə xarici məhkəmələrin həmin sanksiyalar əsasında qəbul edilmiş istənilən qərarını və məhdudlaşdırıcı tədbirləri icra etmələrinə qadağa qoyur”.

Aİ rəsmisi, həmçinin, vurğulayıb ki, qəbul olunan qanun ABŞ sanksiyaları nəticəsində zərər çəkə biləcək avropalı şirkətlərə kompensasiya ödənilməsini də nəzərdə tutur.

Xatırladaq ki, 7 avqustdan etibarən Vaşinqton İranın nüvə proqramı ilə əlaqadar əvvəlki sanksiyalarını bərpa edib. Sanksiyalar İranın avtomobil sektoruna, həmçinin, qızıl və digər metalların satışı sahəsinə tətbiq edilməyə başlayıb. Bununla əlaqədar olaraq İranın alüminium, polad, qrafit, kömür, həmçinin, sənaye müəssisələri üçün kompyuter proqramlarının ticarəti dayandırılacaq. Sanksiyaların ikinci mərhələsi isə 4 noyabrda qüvvəyə minəcək. Onlar İranın enerji və bank sektorunu əhatə edəcək.

Göründüyü kimi, İrana sanksiyaların tətbiqi ilə bağlı məsələdə ABŞ-la Avropa Birliyinin arasında uzlaşmayan mövqe ortaya çıxır. Proseslərin bu gedişi gələcək üçün nə vəd edir?

Politoloq Nəzakət Məmmədova qəzetimizə açıqlamasında bildirdi ki, Avropa Birliyinin özündə İrana qarşı sanksiyalara qoşulub-qoşulmamaq məsələsinə münasibətdə iki qanad var: “Bilirik ki, ümumiyyətlə, Atlantizmdə Avrosentrist qanad var ki, bunlar Avroatlantik birliyində Avropanın mərkəzi yer tutmasının tərəfdarıdır. Digəri isə Amerikanosentrizmdir ki ABŞ-ın Avropa işlərinə müdaxiləsinə tərəfdardırlar. Məsələn, Azərbaycanın TANAP layihəsinin Avropada lobbiçiliyini həmin Amerikanosentrist qanad aparır və Rusiyanın "Şimal Axını-2" layihəsini əngəlləməyə çalışır. Eynilə İrana münasibətdə də bu güc mərkəzləri arasında mübarizə gedir. Lakin hazırda müşahidə etdiyimiz kimi, Avrosentristlər üstün mövqedədirlər və ABŞ sanksiyalarının Avropa ölkələri tərəfindən blok edilməsinə nail olmağa çalışırlar.

Avropa Birliyi və İran arasında ticarətin həcmi 2017-ci ildə cəmi 20 milyard avro olub. Bu o qədər də böyük rəqəm deyil. Lakin İran və Avropa Birliyi arasında böyük tarixi, müasir dövrdə isə geniş geosiyasi maraqlara əsaslanan münasibətlər mövcuddur. Bununla yanaşı, Avropa Birliyinin İranı müdafiə etməsinin arxasında əlbəttə maliyyə və enerji maraqları dayanır”.

Politoloqun sözlərinə görə, Avropa və İran arasında nəhəng maliyyə-investisiya, bank əlaqələri mövcuddur və Avropa İrana alternativ enerji mənbəyi kimi baxır: “Avropa Birliyinin xristian-katolik klubu olması heç kəsə sirr deyil. İsrailə və pravoslav dünyasına qarşı dayanmaqda İran Avropa Birliyinin müttəfiqi olub və bu gün də müttəfiqidir.

Avropalılar ABŞ-dansa, İsrail və Rusiyadansa, İranı özlərinə daha yaxın sivilizasiya hesab edirlər və ümumi köklərinin Ari xalqları olduğuna inanırlar. İran inqilabı və bugünkü ABŞ-ın dəyişmək istədiyi İran rejimi də məhz avropalıların dəstəyi ilə yaradılıb. ABŞ və İsraillə yaxın olan şah rejimini hakimiyyətdən uzaqlaşdırmaqla onun yerinə özünə loyal qüvvələri hakimiyyətə gətirən Avropa İran kimi nəhəng və qüdrətli müttəfiqin simasında Orta Şərqdə yeni geosiyasi mövqelər əldə etdi. Bu gün Avropa və ABŞ arasında İrana sanksiya tətbiqi məsələsində baş verən fikir ayrılıqları da bu təzadlı yanaşmanın məhsuludur”.

Nəzakət Məmmədova hesab edir ki, hazırda ABŞ-İsrail birliyi, yəni yevangelist-yəhudi ittifaqı İran-Avropa Birliyinin simasında fars-katolik sivilizasiyası ilə qarşı-qarşıyadır: “Avropa Birliyi dərk edir ki, İranı qorumasa, Yaxın Şərqdə çox dəyərli bir müttəfiqini itirəcək və bütün nəzarət İsrailə və onun digər xristian müttəfiqlərinə - yevangelistlərə keçəcək. Bu baxımdan İranın müdafiə olunması Avropa Birliyi üçün son dərəcə vacibdir və Avropa Birliyi sonadək İranın yanında olmağa çalışacaq. ABŞ-ın sanksiya qərarının Avropa Birliyi ölkələri tərəfindən avqustun 7-də bloklanması və Birlik ərazisində etibarsız sayılması barədə qərar da məhz böyük geosiyasi oyunların bir təzahürüdür”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər