22/10/2018 21:14
728 x 90

NATO təlimlərində Azərbaycanın iştirak məsələsi, Rusiyadan reaksiya və Ermənistanın Azərbaycanı da hədəfə çəkmək oyunu…

“Rusiyanın hazırkı məqamda daha ciddi narahatlığı Gürcüstan və Ermənistanla bağlıdır”

img

Elşən Həsənov: “Erməni siyasi dairələri bu rakursda Azərbaycanın adını hallandırmaqla özlərini sığortalamaq istəyirlər”

 

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova Gürcüstanda NATO-nun keçirəcəyi "Noblü Partner” (Layiqli tərəfdaş) təlimlərinə etirazını bildirib. M.Zaxarova deyib ki, Qara dəniz bölgəsində keçiriləcək təlimlər təhlükəsizliyin möhkəmlənməsinə xidmət etməyəcək:

"Biz bununla razılaşa bilmərik. Çünki təlimlərin əsas məqsədi Abxaziya, Cənubi Osetiya və Rusiyaya qarşı güc nümayişidir. Gürcüstanla qonşu ölkələrin də müxtəlif səbəblərlə həmin təlimlərə cəlb edilməsi təəssüf hissi doğurur”.

Zaxarova stabilliyin tank və vertolyotlarla deyil, konstruktiv dialoqla qurulduğunu da xatırladıb.

Ermənistan KİV-ləri yazırlar ki, Zaxarova NATO təlimlərində Gürcüstanın qonşularının iştirakından narahatlıq ifadə edərkən, bu xüsusda Azərbaycan və Ermənistanı nəzərdə tutub. Maraqlıdır, Rusiya Azərbaycanın NATO təlimlərində iştirakından doğrudan da narahat olur, yoxsa bu, Ermənistanın uydurması və özünə “yoldaş” axtarmaq cəhdidir?

Ekspert Elşən Həsənovun sözlərinə görə, Rusiya ümumən NATO-nun onun sərhədlərinə yaxınlaşmasından ciddi narahatlıq hissi keçirir: “Etiraf etməliyik ki, Rusiya postsovet məkanını özünün təsir dairəsinə daxil olan ərazi sayır və bütün dünyanı bununla razılaşmağa sövq edir. Rusiya NATO-nu daim özünə alterantiv sayıb və onun Şərqə doğru genişlənməsinə qarşı bütün varlığı ilə çalışıb. Rusiyanın Cənubi Qafqaz ölkələrinə fərqli yanaşması var. Gürcüstanın sırf NATO-ya doğru kurs götürdüyü bəllidir. Azərbaycan isə müstəqil və balanslı siyasət yürüdür.  Rusiya yaxşı bilir ki, yaxın gələcəkdə Azərbaycanın NATO-ya üzv olmaq kimi ciddi planı yoxdur. Azərbaycan bundan əvvəl də NATO ilə sıx əməkdaşlıq edib və buna görə Rusiya tərəfinin narazılığı ilə qarşılaşmayıb. Ermənistandakı siyasi dairələr bilirlər ki, Zaxarovanın bu xüsusdakı başlıca hədəfi Ermənistan olub. Düzdür, onlar heç Azərbaycanın da alyansla isti münasibətinin olmasını istəməzlər, ancaq bu narahatlıq sırf Ermənistana bağlı olan məsələdir. Çünki orada baş verən hakimiyyət dəyişikliyindən sonra Rusiya İrəvanın atdığı addımlardan konkret olaraq narazıdır. Hətta bununla bağlı rəsmi bəyanatlar da verilib. Onlar Paşinyanı Qərbin adamı sayırlar. Bu baxımdan da onun Qərbə yönəlik bütün manevrlərindən ciddi narahat olurlar. Gürcüstanın heç vaxt Rusiyaya hücum etməyəcəyi hamıya məlumdur. Gürcüstan 2008-ci ildə Rusiyanın maraqlarına uyğun olmayan addım atdı, ardınca Moskva Cənubi Osetiya və Abxaziyanın müstəqilliklərini tanıdı. Eyni münasibəti 2014-cü ildə Ukraynaya sərgilədi, Krımı özünə birləşdirdi, hazırda Şərqi Ukraynanı işğalda saxlayır.

Rusiyanın 2008-ci ildə Gürcüstana hücum etməsi NATO-nu bu ölkəyə və Ukraynaya üzvlük planı verməməsi səbəbindən gerçəkləşdi. Moskva Brüsseli şantaj etdi, açıq dedilər ki, bu iki respublikaya üzvlük planı verilərsə, böyük qarşıdurma ilə nəticələnə bilər. Deməli, yazda həmin üzvlük planı verilmədi, avqustda Rusiya Gürcüstana hücum etdi. 2014-cü ildə oxşar vəziyyət yarandı, Avropa Birliyi Rusiyanın şantajı qarşısında geri çəkildi və nəticədə Ukrayna işğala məruz qaldı. Rusiya açıq şəkildə deyirdi ki, Avropa Birliyi ilə inteqrasiya məsələsi həmin dövlətlərlə yox, onunla müzakirə edilsin. Bu baxımdan da Rusiyanın hazırkı məqamda daha ciddi narahatlığı Gürcüstan və Ermənistanla bağlıdır. Çünki Gürcüstan NATO-nun bir addımlığında dayanıb, Ermənistan da yeni baş naziri ilə ora çox meyllidir nəinki Rusiyaya. Erməni siyasi dairələri bu rakursda Azərbaycanın adını hallandırmaqla özlərini sığortalamaq istəyirlər”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər