22/10/2018 21:15
728 x 90

İranın üstündə ABŞ və Avropa qarşıdurmada, ABŞ sanksiyaların ilk mərhələsini, AB isə "Müdafiə Qanunu"nu işə saldı - Tərəflərdən sərt ittihamlar... - YENİLƏNDİ

Rusiya sanksiyaları qınadı, İran isə Moskvanı sanksiyaları dəstəkləməkdə ittiham etdi

img

ABŞ-ın İrana qarşı bərpa edilmiş sanksiyaları bu gündən etibarən qüvvəyə minib. Sanksiyalar ABŞ dolları, qızıl, qiymətli metal, polad, kömür və avtomobil sənayesini hədəf alır.

Baki-xeber.com xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Dövlət Departamentinin adı açıqlanmayan rəsmisi sanksiyaların İran iqtisadiyyatına maliyyə baxımından əhəmiyyətli dərəcədə təsir göstərəcəyinə şübhə etmədiklərini deyib.

Sanksiyaların məqsədinin İranda rejim dəyişikliyinə yönəlmədiyini iddia edən rəsmilər "İranın mövqeyini dəyişdirməsini gözləyirik. Hədəfimiz İranda rejimi dəyişmək deyil” deyə bildiriblər.

ABŞ-ın İrana qarşı sanksiyalarla bağlı qlobal koalisiya yarada bilməməsinə gəlincə, Departament rəsmisi bildirib: "Biz İranın mövqeyinə qarşı qlobal bir koalisiya qurmağa çalışırıq. Açıq şəkildə deyə bilərik ki, biz bu məsələ ilə bağlı prezidentin sərəncamını sərt şəkildə tətbiq edəcəyik və digər imkanlarımızdan da istifadə edəcəyik. Bunu başqa ölkələrlə də müzakirə edirik, amma heç kimin şübhəsi olmasın ki, bütün imkanlarımızdan istifadə edəcəyik".

Dövlət katibi Mayk Pompeo da deyib ki, ABŞ İranı hərbi fəaliyyətdən geri çəkindirmək üçün sanksiyaları tam qüvvəsi ilə tətbiq etmək niyyətindədir.

Bu arada ABŞ prezidenti Donald Tramp İrana sanksiyaların tətbiqinə bir neçə saat qalmış sanksiyaları pozanlara da sanksiya tətbiq olunmasına yol açan yeni bir fərman imzalayıb.

Tramp bu barədə açıqlamasında ABŞ-ın sanksiyalara tam riayət olunmasını təmin etməyə qərarlı olduğunu və İranla əlaqələrini kəsməyənlərin ciddi nəticələrlə qarşı-qarşıya qalacağını vurğulayıb: "Bir çox beynəlxalq şirkətin İran bazarından çıxacağı ilə bağlı qərarlarından razıyam. Bəzi ölkələr də İrandan xam neft idxalını azaldacaqlarını və ya dayandıracaqlarını bildirib. Biz bütün millətləri İran rejiminin ya təhdidedici fəaliyyətlərini dəyişdirərək qlobal iqtisadiyyata yenidən inteqrasiya olunmaq, ya da iqtisadi izolyasiya yolunda davam etmək variantları ilə qarşı-qarşıya olduğunu ortaya qoyacaq addımlar atmağa dəvət edirik".

ABŞ-ın İran sanksiyalarının başlanmasından dərhal sonra isə Tramp sonuncuların ən sərt sanksiyalar olduğunu, noyabr ayında bunu daha da sərtləşdiriləcəyini deyib. Tramp "Twitter" hesabında yazıb: “"İrana qarşı sanksiyalar rəsmən başladı. Bu, indiyə qədər tətbiq olunan ən sərt sanksiyalardır, noyabr ayında isə daha yüksək səviyyəyə qalxacaq. İranla iş görən heç kim ABŞ-la işləyə bilməyəcək. Dünyada sülh istəyirəm!".

ABŞ-ın bu cür sərt bəyanatlarına baxmayaraq, Avropa Birliyi (AB), Fransa, İngiltərə və Almaniya ənənəvi müttəfiqləri ABŞ-ın deyil, İranın tərəfində dayanır. Bu, AB və sözügedən 3 ölkənin xarici işlər nazirlərinin, ABŞ-ın 14 iyul 2015-ci ildə Avstriyanın paytaxtı Vyanada 5 + 1 (ABŞ, Çin, Rusiya, İngiltərə, Fransa və Almaniya) ölkələri ilə İran arasında imzalanan, 16 yanvar 2016-cı ildə qüvvəyə minən nüvə sazişindən geri çəkilməsi və bu ölkəyə tətbiq olunacaq sanksiyaların ilk mərhələsinin qüvvəyə minməsi ilə əlaqədar birgə açıqlamasından da açıq görünür. Birlik ölkələri, AB hüquqi və BMT Təhlükəsizlik Şurasının qərarına uyğun olaraq İranla qanuni ticarət əlaqələri quran Avropa şirkətlərini ABŞ sanksiyalarından qorumaqda qərarlı olduqlarını bəyan edib. Bundan başqa, sanksiyaların təsirinə məruz qalmış AB mənşəli şirkətləri qorumaq məqsədilə yenilənmiş AB "Müdafiə Qanunu"nun işə salınacağı vurğulanır.

İranın, Beynəlxalq Atom Enerjisi Agentliyi (UAEA) tərəfindən hazırlanan 11 ayrı hesabatda da qeyd edildiyi kimi, sazişin şərtlərinə əməl etdiyi, bu razılaşmanın Avropa, bölgə və dünyada sülh üçün mühüm əhəmiyyətə malik bir təhlükəsizlik zəmanəti olduğu qeyd edilən açıqlamada "İranın saziş çərçivəsində bütün öhdəliklərini yerinə yetirməyə davam edəcəyinə ümid edirik" deyə bildirilir.

“İranla əldə edilən nüvə razılaşmanın qorunması, beynəlxalq razılaşmalara hörmət və beynəlxalq təhlükəsizliklə əlaqədar bir mövzudur” – deyilən açıqlamada sazişi imzalayan tərəflər və anlaşmaya dəstək verən üçüncü ölkələrin İranla işləməyə davam edəcəyi qeyd edilir.

Avropa İttifaqının xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Mogerini də Avropa müəssisələrini İranla ticarəti və bu ölkədə iqtisadi fəaliyyəti aktivləşməyə çağırıb. O, İranın sazişdən çıxmaması üçün əllərindən gələn hər şeyi etdiklərini bildirib: "Biz ABŞ-ın İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planından çıxmaması üçün əlimizdən gələn hər şeyi edirik. Biz əminik ki, bu saziş nəinki regionun, hətta bütün dünyanın təhlükəsizlik sahəsində maraqlarına cavab verir".

İran prezidenti Həsən Ruhani isə İranın Yaxın Şərqdə sülhün bərqərar olması üçün dünya ölkələri və regional aktorlarla əlaqələrini inkişaf etdirmək istədiyini bildirib.

Bu arada İranın yaxın müttəfiqi Rusiya sanksiyaları qınadığını bəyan edib. Bununla bağlı Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir: "Biz Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qəbul etdiyi qərarlara zidd bütün birtərəfli sanksiyaları qınayırıq. ABŞ-ın İrana qarşı sanksiyaları yenidən işə salmasından təəssüflənirik ".

Rusiyanın etiraz bəyanatına baxmayaraq, sözügedən məsələyə görə İran bu gün Moskvanı sərt tənqid edib. Belə ki, OPEK-in İran nümayəndəsi Hüseyn Kazımpur Ərdəbili Rusiyanı ABŞ sanksiyalarına dəstək verməkdə günahlandırıb.

Rusiyanın gündəlik neft istehsalını artırma qərarına toxunan Ərdəbili "Rusiya və Səudiyyə Ərəbistanı gündəlik neft istehsalını artırmaqla ABŞ-ın İrana sanksiyalarını dəstəkləyir" deyib.

Pensilvaniya Universitetinin siyasi elmlər professoru Yan Lastik isə “Amerikanın Səsi”nə bildirib ki, sanksiyalar İran iqtisadiyyatına ağır zərbə vuracaq. Bununla bərabər o əlavə edib ki, bu, Rusiya və Çinə Tehranla daha yaxın əməkdaşlıq etmək imkanları yarada bilər.

TAHİR

Son xəbərlər