18/09/2018 22:11
728 x 90

Millət vəkilləri Gəncədə baş verən hadisələri Azərbaycan dövlətçiliyinə qəsd adlandırdı

img

İyulun 10-da, saat 20 radələrində 150-200 nəfərdən ibarət radikal dini yönümlü bir qrup şəxs Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq asayişi kobud şəkildə pozmağa cəhd göstəriblər.

Xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının xəbərdarlığına məhəl qoymayan qanuna zidd hərəkətlərin iştirakçıları özləri ilə gətirdikləri küt və kəsici-deşici alətlərlə asayiş keçşikçilərinə müqavimət göstəriblər. Polis əməkdaşlarının həyata keçirdikləri qətiyyətli tədbirlərlə onların hüquqazidd əməllərinin qarşısı alınmaqla 40 nəfəri tutularaq Gəncə Şəhər Baş Polis İdarəsinə gətirilib, qalanları qaçaraq ərazini tərk ediblər. Görülmüş operativ tədbirlərlə təxminən 30 dəqiqə ərzində şəhərin mərkəzində asayiş tam bərpa edilib.

Qanunsuz hərəkətlərin qarşısı alınarkən xidməti vəzifələrini yerinə yetirən iki polis zabiti – Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov radikal ünsürlərin kəsici-deşici alətlərlə yetirdikləri zərbələr nəticəsində şəhid olublar.

Cinayətin bütün iştirakçılarının və təşkilatçılarının müəyyən edilib məsuliyyətə cəlb olunmaları məqsədilə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Gəncədəki hadisəni törədənlər Azərbaycanı Suriyaya çevirmək istəyən radikal qruplaşmalardır

Məsələyə münasibət bildirən millət vəkili, AMEA-nın müxbir üzvü Musa Qasımlı Trend-ə bildirib ki, Gəncədə baş verən iğtişaşın Azərbaycan xalqının qədim mədəniyyət beşiklərindən biri, millətimizin Müsəlman Şərqində ilk olaraq qurduğu Cümhuriyyətimizin paytaxtı Gəncə şəhərinin sakinlərinə heç bir aidiyyatı yoxdur. Çünki gəncəlilər daim müstəqil dövlətimizin və dövlətçiliyimizin yanında olub, heç bir zaman təxribatlara uymayıb.

Onun sözlrinə görə, iğtişaşın imanlı, inanclı adamlarla, əsl dindarlarla da heç bir əlaqəsi yoxdur. Çünki ölkəmizdə din dövlətdən ayrı olsa da, dövlət bütün dinlər üçün şəraiti yaradıb və onların işlərinə qarışmır.

Deputat qeyd edib ki, hadisəni törədənlər xaricdən maliyyələşən, idarə olunan, Azərbaycan Respublikasını Suriyaya çevirmək və dövlətimizin dünyəvi təməllərini sarsıdıb dini dövlət qurmaq istəyən radikal qruplaşmalardır: "Hesab edirəm ki, belə cəhdlərin qarşısı dövlətimizin bütün qanunları ilə qətiyyətlə və amasızlıqla alınmalıdır. İctimai təhlükəsizliyi qoruyan və dövlətin orqanı olan polisə qaldırılan əl elə kəsilməlidir ki, digərlərinə də dərs olsun. İşğalçı Ermənistanın təcavüzünə qarşı mübarizədə rəşadət göstərmiş, həyatını dövlətə xidmətdə keçirən və daim dövlətimizə sədaqətli olan polisə necə əl qaldırmaq olar? Bunu edənin adı nədir? Soruşulur: Bu iğtişaş gözlənilən idimi? Hesab edirəm ki, bəli! Hələ Prezident seçkilərinin vaxtının dəyişdirilməsi zamanı səbəb kimi baş verən mürəkkəb proseslərin getdiyinə dair fikirlər səsləndirilirdi. Radikal dini qruplaşmaların fəaliyyətinin artması və baş verən digər xoşagəlməz son hadisələrin hamısının bununla bağlı olduğu qənatəindəyəm. Bundan sonra da digər belə iyrənc cəhdlər, terror hadisələri gözləniləndir".

M.Qasımlının firkrincə, daha üç hadisə - Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin ölkəmizdə və xaricdə bayram edilməsi, millətimizin bağrından çıxan ordumuzun möhtəşəm paradı, Naxçıvanda Günnüt əməliyyatı nəticəsində düşmənin qovulması və torpaqlarımızın azad edilməsi Azərbaycan dövlətçiliyinə qənim kəsilən radikal qüvvələri iğtişaş törətməyə vadar etdi: "Yenə də sual olunur: millətimizdə qürur yaradan bu üç hadisəni kimlər, hansı qruplaşmalar və ölkələr istəmir? Elə isə iğtişaş kimə xidmət edir? Ancaq iğtişaşları törətməyə can atanlar unudurlar ki, bu gün Azərbaycan Respublikası dövləti çox güclüdür, bütün təxrubatların qarşısını almağa qadirdir. Azərbaycan xalqı isə etimad göstərdiyi Prezident İlham Əliyevə güvənir və arxasındadır, pozucu qüvvələrə heç bir zaman meydan verməz. Millətimizin iradəsi hər şeydən üstündür”.

Azərbaycan dövlətçiliyinə qəsddir

“Gəncədə baş verən hadisələr Azərbaycan dövlətçiliyinə qəsddir”. Bunu isə deputat Musa Quliyev deyib. Millət vəkili qeyd edib ki, dini radikal qrupların müxtəlif mənbələrdən maliyyələşməsi və istiqamətləşməsi nəticəsində Gəncədə iğtişaş törətmək respublikada əmin-amanlığı, asayişi pozmaq, xof yaratmaq məqsədi güdür: "Lakin o insanlar heç vaxt öz niyyətlərinə çatmayacaqlar. Artıq Gəncədə asayiş bərpa olunub. Hüquq-mühafizə orqanları günahkar şəxslərin istintaqını aparır. Onlara dəstək verən, hər hansı şəkildə sosial şəbəkələrdə, saytlarda onların tərəfində duran şəxslərin araşdırılması və daşıdığı cinayətə uyğun məsuliyyətə cəlb olunması işi gedir. Sevindirici haldır ki, bütün Gəncə əhalisi bu terror, iğtişaş aktını pisləyir, lənətləyir. O qüvvələrə Gəncədə heç bir dəstək yoxdur".

M.Quliyev vurğulayıb ki, son bir həftədə bütün Azərbaycan əhalisi öz dəstəyini, dövlətin, cənab Prezidentin yanında olduğunu göstərdi: "Bu terroru törədən və onlara dəstək verən insanlar da bilməlidir ki, Azərbaycan güclü dövlətdir, Azərbaycanın qüdrətli Prezidenti var, Azərbaycan xalqı öz Prezidentinin yanındadır. Azərbaycanda heç vaxt sabitliyi, asayişi pozmaq olmaz. Azərbaycan öz yolu ilə irəliləyəcək".

Bütün Gəncə əhalisi baş verən hadisələri pisləyir

Bütün Gəncə əhalisinin baş verən hadisələri pislədiyini deyən millət vəkili Pərvin Kərimzadə isə qeyd edib ki, ümumiyyətlə, azərbaycanlılar hər zaman bu tipli hadisələri pisləyiblər: "Sözsüz ki, Gəncə sakinləri də hər zaman dövlətə sədaqətləri ilə seçiliblər. Bu gün də ölkəmizdə hökm sürən sabitliyin, əmin-amanlığın davam etməsi hər bir azərbaycanlının ən böyük məqsədidir".

P.Kərimzadə bildirib ki, bu gün Gəncə sakitdir, sabitlikdir, bütün Gəncə əhalisi baş verən hadisələri pisləyir və hər kəsi sabitliyə, əmin-amanlığa, şayiələrə uymamağa çağırır.

Xalq-iqtidar birliyini, inkişafı, sabitliyi heç bir qüvvə poza bilməz

"Sürətlə inkişaf edən Azərbaycan bu gün bütün dünyanın diqqət mərkəzindədir. Ölkəmizin həyata keçirdiyi qlobal layihələr regional və beynəlxalq əməkdaşlığa töhfə verdiyi kimi, görünür, bəzi dairələrin də maraqlarına uyğun gəlmir. Bu il Cümhuriyyətinin 100 illik yubileyini qeyd edən, sabitlik adası olan qüdrətli Azərbaycanın uğurlarını həzm edə bilməyən erməni və ermənipərəst, anti-Azərbaycan qüvvələr zaman-zaman olduğu kimi, yenə də respublikamızda qarışıqlıq salmağa çalışırlar. Ancaq onlar unudurlar ki, Azərbaycan ötən əsrin 90-cı illərinin əvvəllərindəki Azərbaycan deyil. Ölkə iqtidarı istər daxili, istərsə də xarici anti-Azərbaycan qüvvələrin bu cür məkrli niyyətlərinin qarşısını almağa qadirdir və alır. Bu gün ölkəmizdəki xalq-iqtidar birliyini, inkişafı, sabitliyi heç bir qüvvə poza, müstəqilliyimizi sarsıda bilməz. İyulun 10-da Gəncədə baş verən hadisələrdən də bir daha göründü ki, xalq heç vaxt bu cür ünsürlərə meydan verməz". Bunu YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, iyulun 10-da 150-200 nəfərdən ibarət radikal dini yönümlü bir qrup şəxsin Gəncə Şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq asayişi kobud şəkildə pozmağa cəhd etməsi və nəticədə 2 yüksək rütbəli polis əməkdaşının şəhid olması bu terroru planlaşdıran qüvvələrin ölkəmizə qarşı nə qədər qərəzli olduğunu bir daha nümayiş etdirir: “Rəsmi məlumatlardan da aydın olduğu kimi, polis əməkdaşlarının həyata keçirdikləri qətiyyətli tədbirlər nəticəsində hüquqazidd əməllərin qarşısı alınıb, 40 nəfər tutulub, operativ tədbirlər sayəsində tez bir zamanda şəhərin mərkəzində asayiş tam təmin edilib. Göründüyü kimi, anti-Azərbaycan qüvvələr yenə də öz çirkin niyyətlərinə çata bilmədilər. Çünki xalqını, dövlətini, vətənini sevən hər bir insan kimi, Azərbaycanın hüquq mühafizə orqanları, o cümlədən mərd, cəsarətli polisimiz qanı və canı bahasına dövlət müstəqilliyimizə yönələn təhlükələrin qarşısını almağa, daxili sabitliyi və təhlükəsizliyi təmin etməyə qadirdir. Hazırda cinayətin iştirakçıları və təşkilatçılarının müəyyən edilib məsuliyyətə cəlb olunmaları üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir. Şübhəsiz ki, Gəncədə asayişi kobud şəkildə pozmağa cəhdin qarşısını alan zaman iki polis əməkdaşımızı qətlə yetirən cinayətkarlar tezliklə tutulacaq və qanun qarşısında cəzalandırılacaq.”

“İki sahil” qəzetinin baş redaktoru vurğulayıb ki, bu gün sosial şəbəkələrdə bəzi daxili antimilli ünsürlər, eyni zamanda, dağıdıcı müxalifətin xaricdəki tör-töküntüləri baş verən hadisələri şişirtməyə, cinayətkarları “qəhrəman” obrazında insanlara sırımağa çalışırlar: “İstər Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə güllə atan Yunis Səfərov, istərsə də iyulun 10-da Gəncədə iki polis əməkdaşını qətlə yetirənlər ən ağır cinayətkarlardır, bu xalqın, dövlətin düşmənləridir. Onlardan “qəhrəman” obrazı yaratmağa çalışmaq elə onlar qədər bu dövlətə, millətə qənim kəsilmək deməkdir. Bir insanın içində öz ölkəsinə, xalqına nə qədər kin, nifrət olar?! Ancaq onlar anlamırlar ki, Azərbaycan xalqı bu münasibəti heç vaxt unutmayacaq, bu Vətən, torpaq onları qəbul etməyəcək. Xarici anti-Azərbaycan dairələrin maliyyəsindən qidalanan bu cür ünsürlər elə sosial şəbəkələr vasitəsilə susdurulurlar. Sadə insanlar öz şəxsi profilləri vasitəsilə onlara lazım olan cavabı verirlər və ən kəskin şəkildə tənqid edirlər. Bir sözlə, Azərbaycanın müstəqilliyi əbədidir, dövlət idarəçiliyi etibarlı əllərdədir, xalq-iqtidar birliyi möhkəmdir, sarsılmazdır”.

Son xəbərlər