24/09/2018 18:03
728 x 90

Gəncədə törədilən polis qətllərinə ölkə ziyalılarından kəskin etirazlar gəldi

Nurəddin Mehdixanlı:”Dövlət bu məsələdə öz sözünü deməlidir, cinayətkarlar tapılmalıdır, onlar sərt şəkildə cəzalandırılmalıdır”

img

Baba Vəziroğlu: “Bu cinayət hadisəsində, asayişi pozmaqda zərrə qədər iştirakı olan hər bir şəxs tapılmalı və ona qarşı sərt tədbirlər görülməlidir”
Anar İsgəndərli: ”Onların xalqımıza, dövlətimizə qarşı törətdiyi cinayətlər cəzasız qalmayacaq”
Əkbər Qoşalı: ”Dövlətə qarşı uzanan əllər kəsilməlidir”

 

Iyul ayının 10-da Gəncədə baş verən iğtişaş respublikamızın hər yerində böyük etirazla qarşılanıb. Məlum olduğu kimi, 150-200 nəfərdən ibarət radikal dini qrup Gəncə Şəhər icra Hakimiyyətinin inzibati binası qarşısında meydana toplaşaraq asayişi kobud şəkildə pozmağa cəhd edib.

Respublika Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizli Xidmətinin birgə yaydığı məlumata görə, hadisə yerində öz xidməti vəzifəsini yerinə yetirən asayiş keşikçilərinin xəbərdarlığına əhəmiyyət verməyən qanunazidd hərəkət iştirakçıları özləri ilə gətirdikləri küt, kəsici və deşici alətlərlə polislərə xəsarət yetiriblər.  Qeyd edək ki xidməti vəzifəsini yerinə yetirərkən iki polis zabiti şəhid olub.  Qanunsuz aksiya iştirakçılarının göstərdiyi silahlı müqavimət zamanı Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami rayon Polis İdarəsinin rəis müavini, polkovnik-leytenant Səməd Abbasov radikal qüvvələrtərəfindən xsusi amansızlıqla qətlə yetirilib. 

Gəncədə baş verən məşum hadisə ölkəmizin tanınmış ziyalılarını, elm və mədəniyyət xadimlərini ciddi narahat edir. Ziyalıların fikrincə, bu iğtişaşın təşkilatçıları və iştirakçıları sərt şəkildə cəzalandırılmalıdır. Onlar hesab edir ki, Azərbaycanı istəməyən xarici qüvvələrin, bəzi radikal dini təşkilatların havasına oynayan bir qrup şəxsin cinyətkar əməlinə dövlət tərəfindən lazımı qiymət verilməlidir.  O şəxslərin Azərbaycanın dövlət müstəqilliyinə qarşı yönələn kiçik addımının belə araşdırılmalı olduğunu deyən respublikanın xalq artisti, ustad sənətkar Nurəddin Mehdixanlı bizimlə söhbətində Gəncədə baş verən hdisəni kəsin pislədiyini  bildirdi.

Onun sözlərinə görə, ölkəmizin dövlət müstəqilliyinə uzanan  əllər kəsilməlidir. “Bu hadisəyə mənim münasibətim necə ola bilər ki? Təbii ki, müxtəlif küt, kəsici və deşici alətlərlə meydana toplaşan və asayişi kobudluqla pozan kəslərin hərəkətini kəskin şəkildə pisləyirəm. Bu, Azərbaycan xalqına və Azərbaycan dövlətinə qarşı törədilmiş cinayətdir. Azərbycan dövlətinin iki yüksək çinli zabiti asayişi pozan radikal qrupun üzvləri tərəfindən qətlə yetirilib. Bu cinayəti törədənlər mütləq şəkildə tapılmalı və cəzlarını almalıdırlar. Bir müddət əvvəl Gəncədə baş verən məlum hadisədən sonra bəzi qara qüvvələr orada xaos yaratmağa cəhd göstərdilər. Hesab edirəm ki, xaos yaratmaq, qarışıqlıq salmaq istəyən qüvvələrin kökü, nəsli qazılmalıdır. Azərbaycanda heç bir halda xaos və özbaşınalığa yol vermək olmaz. Xüsusilə də indiki məqamda daha diqqətli olmalıyıq. Bu gün xoşagəlməz hadisə baş verir. Millətini, dövlətini sevən hər bir kəs atdığı addımda və görəcəyi işdə kifayət qədər  diqqətli olmalıdır. Bu gün hər kəsdən dövlətin yanında olmağı tələb edirəm. Çünki bu, sıradan bir məsələ deyil.  Gəncədə bundan əvvəlki hadisənin  baş verməsi səbəbindən və onun nəticələrindən asılı olmayaraq belə məsələ heç bir vaxt Azərbaycanda xaosa və özbaşnalığa səbəb ola bilməz. Bu məsələ ilə bağlı Azərbaycan dövləti öz sözünü deməlidir. Bu ölkədə hər kəs qanun qarçısında bərabər olmalıdır. Kimliyindən, tutduğu vəzifədən, inancından asılı olmayaraq hər kəs Azərbaycan qanunları qarşısında cavab verməlidir. Hesab edirəm ki, Azərbaycanda qətiyyən dini fanatizmə yol vermək olmaz”-deyə bildirən N.Mehdixanlının sözlərinə görə, dini fanatizmin mövcud olduğu ölkələrin hamısında xaos, özbaşnalıq, ölüm-itim kimi xoşgəlməz hallar mövcuddur.

Xalq artisti hesab edir ki, dini fanatizmin, radiklizmin qarşısının daha sərt şəkildə alınması üçün mövcud qanunvericilikdə ciddi dəyişikliklər edilməlidir:”Qanunda sərt dəyişikliklər edilməlidir. İstənilən halda dini fanatizmin qarşısı alınmalıdır. Türklərin gözəl bir sözü  var:ya dövlət başa, ya quzğun leşə.  Dövlət bu məsələdə öz sözünü deməlidir, cinayətkarlar tapılmalıdır, onlar ən sərt şəkildə cəzalandırılmalıdır. İndiki həssas məqamda ətrafımızda baş verən hadisələri nəzərə alaraq heç bir halda Azərbaycanda daxili qarşıdurmaya yol vermək olmaz. Bunu istəyənlər ancaq Azərbaycan dövlətinin düşmənləridir, dövlət müstəqilliyimizi gözü götürməyənlərdir.  Təəssüf ki, bunlar ətrafımızda kifayət qədərdilər. Hər bir Azərbaycan vətəndaşı dövlətinin, millətinin, qanunlarının yanında olmalıdır”. 

Əməkdar İncəsənət Xadimi, tanınmış şair-publisist Baba Vəziroğlu da bakı-xeber.com-a açıqlamasında Gəncədə asayişi pozmağa cəhd göstərən insanların əməllərini kəskin şəkildə pislədi. “Mən hazırda Naxçıvanda ezamiyyətdəyəm. Baş verən hadisədən bu səhər xəbər tutmuşam. Mənim bu hadisəyə münasibətim birmənalı olaraq mənfidir. Gəncə kimi şəhərdə asayişin pozulmasının qəti şəkildə qarşısı alınmalıdır. Bu hadisə, cinayət beşiyindəcə boğulmalıdır. Çünki burada söhbət küçə xuliqanlığından və xırda məişət intriqasından  getmir, dövlətçiliyimiz, dövlət müstəqilliyimizə qarşı düşmənçilik hərəkətindən gedir. Bu hadisəni törədən insanların əməllərinin qarşı amansızlıqla alınmalıdır. Bu cinayət hadisəsində, asayişi pozmağa cəhd göstərməkdə ən kiçik, hətta zərrə boyda iştirakı olan hər bir şəxs tapılmalı və ona qarşı sərt tərbirlər görülməlidir”-deyə B.Vəziroğlu qeyd etdi.

Tarixçi alim, professor Anar İsgəndərli də Gəncə olayının Azərbaycanın dövlət müstəqilliyinə qarşı törədildiyi qənaətindədir:”Azərbaycan polisi tarixən ölkəmizin ərazi bütövlüyünün qorunmsı, asayişin pozulmaması kimi məsuliyyətli işlərdə əlindən gələni edib. Polisimiz şərəfli yol keçib. Gəncə Azərbaycanın tarixi bir şəhəridir. Gəncə tarixi haqqında danışanda  qəhrəman Cavad xanın Gəncə qapıları üstündə tikə-tikə  doğranıb düşmənə təslim olmamasını xatırlayırıq. Biz tələbələrə onun qəhrəmanlığını öyrədirik. Ancaq Gəncədə dünən baş verən hadisə çox kədərlidir və eyni zamanda da utandırıcı bir hadisədir. İçimizdəki qara qüvvələrin dövlətçiliyimizə qarşı, asayişin pozulmasına qarşı atdığı hər bir addımı bir ziyalı, tarixçi kimi kəskin pisləyirəm. Və  pislənməlidir də.  Məni ən çox ağrıdan məqamlardan biri asayiş pozanlar tərəfindən iki yüksək çinli polisimizin qətlə yetirilməsidir. Onlar dövlətçiliyimizin qorunması, asayişin bərpa edilməsi uğurunda şəhid olub. Allah onlara rəhmət eləsin. Bu gün Azərbaycan dövləti çox güclüdür və dövlətimizə və dövlətçiliyimizə qarşı yönələn hər bir cəhdin qarşısı alınır və cinayətkarlar layiqli cəzalarını alırlar.  Hesab edirəm ki, Gəncədə iğtişaş törətməyə cəhd edən, asayişi pozmağa çalışan  qara qüvvələr qanun qarşısında cavab verəcək və onların xalqımıza, dövlətimizə qarşı törətdiyi cinayətlər cəzasız qalmayacaq”.

Şair-publisist Əkbər Qoşalı da hesab edir ki, Azərbaycanın dövlət müstəqilliyinə qəsd etməyə cəhd göstərən hər bir qüvvənin əməlləri pislənməlidir. “İlk növbədə Gəncədə asayişin qorunmsı vəzifəsini icra edərkən, üzərlərinə düşən şərəfli işi həyata keçirərkən  şəhid olan yüksək çinli zabitlərin müsibəti ilə bağlı ailələrinə, bütün Azərbaycan ictimaiyyətinə dərin hüznlə baş sağlığı verirəm.  Dövlətimiz,  millətimiz var olsun, bayrağımız uca olsun.

Çox təəssüf ki, daxili qüvvələr xarici qüvvələrin əlində əsir-yesir olduqlarını hər bir hərəkətləri ilə və onları açıq şəkildə dəstəkləyən terrorçuların, bölücülərin timsalında təsdiqləyirlər.  Ölkəmizə, ərazi btüövlümüzə qarşı törədilən bu hərəkətin Ələkrəm Hümbətov kimi zehniyyətsiz insanlar tərəfindən dəstəklənməsi onu göstərir ki, bu işi törədənlərin nə normal ağlı, nə də düşüncəsi var. Bu insanların anladığı bir dil var:qan tökmək və dövlətə silah qldırmaq, əl uzatmaq. Dövlətə və dövlətçiliyə  qalxan əl sorğu-sualsız kəsilməlidir. Azərbaycan bütün dünya azərbaycanlılarının vətənidir, gözünün nurudur, ümid yeridir. Azərbaycanın müstəqilliyi uğurunda Gəncə şəhəri çoxlu sayda şəhid verib, orada Azərbaycan dövlətini müstəqil görmək istəyən saysız insanlar olub. BU dövlət çox çətinliklər, qanlar bahasına qurulub və hər birimiz bu dövləti qorumağa borcluyuq. Azərbaycan dövlətinin, dövlətçiliyimizin, ali baş komandanımızın, prezidentimizin yanında olmalıyıq. Xalq olaraq separatçılara, terrorçulara, dövlətimizin müstəqilliyinə qarşı olanlara kəskin, barışmaz münasibət göstərməliyik”. 

İradə SARIYEVA

Son xəbərlər