19/07/2018 03:46
728 x 90

“Azərbaycanda hökm sürən sabitliyə xələl yetirmək istəyənlərin arzusu ürəyində qalacaq”

img

“Azərbaycanda hökm sürən sabitliyi pozmaq mümkün deyil, çünki  bu sabitliyin zəmanəti Prezident İlham Əliyev və onun ətrafında olan xalqdır”

Artıq xəbər verildiyi kimi, iyulun 10-da saat 20 radələrində 150-200 nəfərdən ibarət radikal dini qrup Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq asayişi kobud şəkildə pozmağa cəhd göstərib.  Qanunsuz aksiyanın qarşısının alınması zamanı isə Gəncə polisinin 2 yüksək rütbəli zabiti şəhid olub. Baş verən bu qanlı olay bütün Azərbaycan xalqı tərəfindən pislənir.

Qeyd edək ki, tökülən qanla kifayətlənməyən, müxtəlif siyasi mərkəzlər tərəfindən idarə olunan dini dairələr hələ də sosial şəbəkələrdə kütləvi itaətsizliyə, terror aktları törətməyə çağırışlar edir. Ancaq onların bu istəkləri yalnız istək olaraq qalacaq. Onlar öz istəyinə nail olmayacaq.

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, "İki Sahil” qəzetinin Baş redaktoru Vüqar Rəhimzadə “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, dini radikal yönümlü bir qrup  insan tək Gəncədə deyil,  Azərbaycanda siyasi sabitliyi pozmağa cəhd edib: “Nəticədə cinayət hadisəsi baş verib, vəzifə borcunu yerinə yetirən iki polis əməkdaşı qətlə yetirilib. Bu cəhd onların ürəyində qalacaq. Azərbaycanda xalq-iqtidar birliyi möhkəmdir. Bu hər zaman belə də olacaq. Öz xalqını, vətənini sevən hər bir Azərbaycan vətəndaşı Prezident İlham Əliyevin həyata keçirdiyi işlərə dəstək olur. Azərbaycanımızın qüdrətlənməsi rolunda öz vətəndaşlıq mövqeyini hər kəs ortaya qoyur”.

Həmsöhbətimizin sözlərinə görə, ötən gün Gəncədə keçirilən aksiyanın təşkilində rolu olan hər kəs qanun qarşısında cavab verməlidir: “Bu tip hadisələri törədən cinayətkar ünsürlər məsuliyyətə cəlb olunmalıdır.  Məlum olayda rolu olan hər bir şəxs qanun qarşısında cavab verməlidir. Cinayət hadisəsinin iştirakçısı olan iki nəfər axtarışa verilib. Hesab edirəm ki, hüquq-mühafizə orqanları bu məsələni daha geniş araşdıracaq və cinayətkarlar öz cəzasını çəkəcək”.

V.Rəhimzadənin fikrincə, iyulun 10-da Gəncədə baş vermiş hadisə iştirakçılarının məqsədi  Azərbaycanda sabitliyin pozulması, dövlətçiliklə xələl gətirmək idi. Ancaq onların bu niyyəti ürəklərində qalacaq, çünki Azərbaycanda hökm sürən sabitliyi  pozmaq mümkün deyil: “Nəzərə almaq lazımdır ki, bu sabitliyin zəmanəti Prezident İlham Əliyev və onun ətrafında olan xalqdır”.

Günel CƏLİLOVA 

Son xəbərlər