19/07/2018 03:44
728 x 90

Bakının İrəvana son mesajı – danışıqlar formatının dəyişməsi hərbi variantın yolunu açacaq

img

Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində hadisələrin qarşıdakı dövr ərzində hansı istiqamətdə cərəyan edəcəyi indi müxtəlif siyasi dairələrdə əsas müzakirə mövzusudur. İlk növbədə o baxımdan ki, Ermənistanın yeni hakimiyyəti Qarabağ məsələsində heç də birmənalı mövqe nümayiş etdirmir və bəzən bu ölkə rəsmiləri bir-birinə zidd mövqe sərgiləyir.

Məsələn, işğalçı ölkənin prezidenti Armen Sarkisyan Azərbaycanla danışıqları mövcud formatda davam etdirməyi vacib sayır. Amma baş nazir Nikol Paşinyan zəbt edilmiş ərazilərdəki separatçı rejimi də danışıqlar prosesinə qatmaq istəyir. Bu isə, faktiki olaraq, danışıqlar prosesinin pozulmasıdır. Azərbaycan bu durumda Ermənistanın və ya başqa bir tərəfin danışıqlar prosesinə qeyd-şərt qoymasını qəbul etmir. Bakı bəyan edir ki, danışıqlar prosesinin fundamental, beynəlxalq hüquqi və siyasi əsasını BMT Təhlükəsizlik Şurasının qətnamələri təşkil edir.

Hadisələrin sonrakı dəqiq inkişaf axarı isə Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərinin ilk rəsmi görüşündən sonra xeyli dərəcədə bəlli olacaq. Qeyd edək ki, iyulun 11-də Brüsseldə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun və onun erməni həmkarı Zöhrab Mnatsakanyanın ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə görüşü keçiriləcək. Bakı bildirir ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesi mövcud format əsasında davam etdirilməlidir. İrəvan fərqli mövqe nümayiş etdirsə, yaxın tezlikdə məsələnin həlli üçün güc variantından istifadə tamamilə aktual olacaq. Azərbaycan açıq şəkildə bildirir ki, Ermənistanın status-kvonu saxlamaq siyasətini davam etdirməsinə yol verməyəcək. Bakı hərbi gücünü nümayiş etdirməklə də qeyd edilən xüsusda İrəvana son bir neçə gündə ardıcıl mesajlar verib. Məsələnin bu tərəfinə toxunan prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında qeyd edib: “Münaqişənin həllinə gəldikdə, bunun bir yolu var: işğalçı qüvvələr işğal edilmiş torpaqlardan çıxarılmalıdır, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi icra olunmalıdır. Bu qətnamələr qüvvədədir və bu qətnamələrdə açıq-aydın göstərilib ki, - əgər kimsə bunu unudubsa, xatırlada bilərəm, - erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. Bu qətnamələr qüvvədədir və qüvvədə olacaq. Ona görə bu münaqişənin həlli bu qətnamələrin icrasından asılıdır və əlbəttə ki, Azərbaycan öz prinsipial siyasətini aparacaq… Dağlıq Qarabağ bizim əzəli tarixi torpağımızdır və biz ərazi bütövlüyümüzü bərpa etməliyik. Bu istiqamətdə çox böyük işlər görülüb. Xalqa bu barədə müntəzəm olaraq məlumatlar verilir, mənim hərbi hissələrə çoxsaylı səfərlərim mətbuat tərəfindən işıqlandırılır, əldə etdiyimiz texnikanın göstərilməsi müntəzəm olaraq təşkil edilir. Əlbəttə ki, bizim hərbi potensialımızın əyani sübutu ötən ay keçirilmiş hərbi paraddır. Paradda Azərbaycan ordusu nəyə qadir olduğunu bütün dünyaya nümayiş etdirmişdir. Bizim ordumuz maddi-texniki, silah-sursat, texnika ilə təchizat baxımından aparıcı ordular sırasındadır və hərbi parad bunu göstərmişdir”. Dövlət başçısı xatırladıb ki, ordumuzun döyüş qabiliyyəti çox yüksək səviyyədədir və bunu yaxın tarix göstərib: “2016-cı ilin aprel döyüşləri və qazandığımız böyük qələbə, 2018-ci ilin mayında Naxçıvan əməliyyatı və minlərlə hektar torpağın işğalçılardan azad edilməsi - bütün bunlar Azərbaycan ordusunun döyüş qabiliyyətini göstərir. Qarşı tərəf bunu bilir və onların bu gün beynəlxalq təşkilatlara müraciəti, əslində öz məğlubiyyətlərinin etirafıdır. Əgər səndə güclü ordu varsa, niyə beynəlxalq təşkilatlardan yardım istəyirsən? Niyə Azərbaycandan beynəlxalq təşkilatlara şikayətlər edirsən? Sən bu torpaqları xarici dövlətlərin dəstəyi ilə işğal etmisən. O vaxt Azərbaycanda antimilli, satqın hakimiyyət hökm sürürdü, fərarilər hakimiyyəti hökm sürürdü. Həmin o fərarilərin tör-töküntüləri bu gün də özlərini müxalifət adlandırırlar. O vaxt qaçıb gizlənmişlər, ölkəmizi bərbad vəziyyətə qoymuşlar, torpaqlarımızı satmışlar. AXC-Müsavat cütlüyü ən böyük xəyanətkardır. Bəlkə də Azərbaycanın çoxəsrlik tarixində bunlar qədər xəyanətkar, satqın olmamışdır. Bax, bu səbəblərdən o vaxt Ermənistan xarici dövlətlərin birbaşa iştirakı və dəstəyilə torpaqlarımızı zəbt etmişdir. Amma indi bizdən şikayət edir, beynəlxalq təşkilatlara müraciət edir ki, gəlin, bizə kömək edin, gəlin, Azərbaycan bizi boğacaq. Torpaqlarımızdan çıx, onda rahat yaşaya bilərsən. Yoxsa qorxu içində yaşayan ölkələr, insanlar daim stress içindədirlər. Bu, onların psixoloji durumuna da mənfi təsir göstərir. Biz bunu indi görürük və daha da böyük fəsadlar ola bilər. Azərbaycan isə ordu quruculuğu istiqamətində inamla irəliləyir. Biz hərbi paradda potensialımızın bir hissəsini göstərmişik - həm say baxımından, həm silahların növü baxımından. Bizim böyük maliyyə ehtiyatlarımız imkan verir ki, istənilən hərbi texnikanı alaq və hazır vəziyyətə gətirək. Bu il büdcəmizə edilən dəyişikliklər, dürüstləşmə, eyni zamanda, ordu xərclərinin artırılmasına istiqamətləndirilib və gələn il də bizim hərbi xərclərimiz çox yüksək səviyyədə olacaqdır”. Beləliklə, Azərbaycan ən yüksək səviyyədə bəyan edir ki, Ermənistanın sakit yaşaması üçün zəbt etdiyi ərazilərdən ordusunu çıxarması vacibdir. Əks təqdirdə düşmən buna güc yolu ilə məcbur ediləcək. Eyni zamanda Bakı onu da açıq bildirir ki, məqsədinə nail olmaq üçün ordusunu gücləndirməkdə davam edəcək. Bu isə Qarabağ məsələsinin həllində güc variantının tətbiqini istisna etmir. Məsələ ilə bağlı Rusiyanın “rosbalt” portalı yazır: “Bakı tənzimlənmə prosesində irəliləyiş üçün substansiv danışıqların keçirilməsinə hazır olduğunu əvvəlcədən bildirib. Azərbaycan XİN mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib ki, bu cür danışıqlar vasitəsilə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılması  və məcburi köçkünlərin öz evlərinə qayıtması təmin olunmalıdır. Hikmət Hacıyev qeyd edir: “Ermənistan rəhbərliyi başa düşməlidir ki, güc tətbiq edərək dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi və ya ərazi əldə edilməsi cəhdləri qəbuledilməzdir. Ermənistanın işğala əsaslanan mövcud status-kvonu saxlamaq və Azərbaycan ərazilərini ilhaq etmək cəhdləri heç zaman gözlənilən nəticəni verə bilməz və heç zaman legitim hesab oluna bilməz. İşğalın davam etdirilməsi Ermənistanın geosiyasi və geoiqtisadi tənəzzülünü daha da dərinləşdirəcək. Ermənistanın yeni rəhbərliyi qanunun aliliyinə və insan hüquqlarına hörmət etdiyini iddia edirsə, Ermənistanın beynəlxalq hüquqi öhdəliklərinə əsl sadiqliyini əməldə nümayiş etdirməlidir. Bu mənada, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə uyğun olaraq, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərindən öz qoşunlarını çıxarmalı, azərbaycanlı məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasının qarşısını almağı dayandırmalı və qonşularla sivil münasibətlər qurmalıdır”. Əslində, Ermənistanın sonrakı inkişafı bundan çox asılıdır. Ölkə Azərbaycan, Türkiyə kimi dövlətlərə münasibətini normallaşdırmasa, ən azından regionda transmilli layihələrdən kənarda qalmaqda davam edəcək. Bu isə Ermənistanın problemlərinin dərinləşməsi deməkdir. Yaranmış vəziyyətdə Qarabağ məsələsinin güc yolu ilə həlli də Ermənistan üçün müsbət heç nə vəd etmir. Çünki ötən illərdə, Ermənistandan fərqli olaraq, Azərbaycan hərbi cəhətdən daha çox güclənib və bu da Bakıya hərbi cəhətdən özünü daha rahat hiss etməyə imkan verir”. Rus portalının yazdıqlarından da aydın görünür ki, yaranmış vəziyyətdə Azərbaycan Ermənistan üzərində hərtərəfli üstünlüyə malikdir. Təbii ki, belə vəziyyətdə Bakı Qarabağ münaqişəsinin davamına icazə verə bilməz. Bunun üçün Azərbaycanın yetərli hərbi gücə malik olduğunu ermənilər özləri də açıq etiraf edir. Məsələn, Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi, general-mayor Artak Davtyan qeyd edir ki, Azərbaycanın ən müasir hərbi texnikalarla silahlanması İrəvanı narahat etməyə bilməz: “Sözsüz ki, biz onların hansı silahlara malik olduqlarını, hansı növ hərbi texnikaya üstünlük verdikləri və bundan sonra necə silahlar almağa çalışdıqlarını bilirik. Əlbəttə ki, Azərbaycanın müasir silahlarla hərbiləşməsi Ermənistanı narahat edir”. Bununla da Davtyan dolayısı ilə etiraf edib ki, Cənubi Qafqazda hərbi balans növbəti dəfə Azərbaycanın xeyrinə dəyişib. Erməni hərği ekspert Koryun Qumaşyan “168.am”a açıqlamasında bildirib ki, gücünü artıran Azərbaycan daha genişmiqyaslı müharibəyə hazırdır: “Müharibə genişmiqyaslı olacaq, bunu Azərbaycan Silahlı Qüvvələrinin ən müasir texnikası sübut edir. Ermənistanda ordu talan olunan zaman Azərbaycan hərbi texnikanın modernləşdirilməsi və ordu quruculuğu ilə məşğul idi”. O qeyd edib ki, Azərbaycan ordusunun hazırlıq və döyüş qabiliyyəti yüksək səviyyədədir. Ekspertlər isə bütün bu etirafların təsadüfi xarakter daşımadığını, erməni hərbçilərinin müharibə halında onları nə gözlədiyini yaxşı bilməsinin təsdiqi olduğunu qeyd edir. Bununla ölkənin siyasi rəhbərliyinə də bildirilir ki, Azərbaycanla danışıqlar aparmaq daha məqbuldur, nəinki sərsəm bəyanatlar verib savaşı başlatmaq. Hər halda, proseslər Bakının kifayət qədər üstün mövqedə olmasını real olaraq göstərir. Elə bu səbəbdən Azərbaycanın istənilən vaxt hərb yolu ilə məsələnin həllini reallaşdıra biləcəyini düşmən də yaxşı bilir. Azərbaycan bu fonda qarşı tərəfə xəbərdarlığını edib. Bu xəbərdarlıqdan nəticə hasil olmasa, savaş qaçılmazdır.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.

Son xəbərlər