19/07/2018 04:09
728 x 90

Ermənistan ordusunun hər gün yeni cinayətləri üzə çıxarılır

img

Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyevin toxunduğu maraqlı məqamlardan biri də Ermənistandakı vəziyyətlə bağlı oldu.

Burada son hakimiyyət dəyişikliyinə toxunan dövlət başçısı bildirdi: “20 il ərzində kriminal, korrupsioner, qaniçən, oğru, yalançı hakimiyyət tam iflasa uğradı. Mənim dediklərimi indi erməni xalqı deyir. Mən bir neçə dəfə ən mötəbər kürsülərdən, BMT kürsüsündən Ermənistanın əvvəlki hakimiyyətini ittiham etmişdim. Demişdim ki, bu, kriminal xunta rejimidir, indi bunu erməni xalqı deyir. Demişdim ki, bu, korrupsiyaya qurşanmış oğru rejimidir, indi bunu erməni xalqı deyir. Demişdim ki, bu rejim öz xalqının qanını içir. Bu gün biabırcasına hakimiyyətdən qovulmuş Sarkisyan rejimi əslində Ermənistanın dövlətçiliyinin iflasıdır. Çünki müstəqilliyinin 26 ilində, onun 20 ili bu hakimiyyət altında keçmişdisə, onda bu dövlətin hansı müsbət cəhətləri var?! Ermənistan uğursuz dövlətdir”.

Dövlət başçısının dediyi kimi, Ermənistan həqiqətən də fiskoya uğramış ölkədir və hazırda baş verənlər qarşıdakı dövr ərzində də bu ölkə üçün müsbət heç nə vəd etmir. Əksinə, baş verənlər Ermənistan daxilində qarşıdurmaların yeni vüsət aldığını göstərir. Bunun əsas səbəblərindən biri yeni hakimiyyətin əvvəlki iqtidar nümayəndələrinə qarşı  repressiya siyasətini genişləndirməsidir. Yaxın tezlikdə isə bu gedişlə Robert Köçəryanın və Serj Sarkisyanın da həbsi istisna olunmur. Son zamanlar Ermənistanda ajiotaj doğuran silsilə istintaqlarla, xüsusən də Serj Sarkisyanın qardaşının ailəsi və yaxın qohumları barədə açılan cinayət işləri ilə bağlı baş nazir Nikol Paşinyan maraqlı açıqlamalar verib. Sarkisyanın qardaşı Aleksandrın 2 dəfə həbs olunduğunu, lakin hər dəfə azadlığa buraxıldığını şərh edən Paşinyan qeyd edib: “Bunun özü etimad formalaşdırır. Konkret sübutlar varsa, iş görülür. Sübut yoxdursa, onda şəxsi azad buraxırlar. Son nəticədə həbs etmək bizim yekun məqsədimiz deyil. Və qoy heç kəs düşünməsin ki, guya mən kiməsə zəng vurub, “bunu buraxın, onu isə həbs edin” deyirəm. Mənim üçün başlıca məqsəd 100 faiz qanunilikdir”.
Lakin aparılan istintaqların və cinayət işlərinin Serj Sarkisyanın birbaşa özünə aid edilməsinə dair sualı cavablandıran Paşinyan Serjin həbsini istisna etməyib. “Məsələ Serj Sarkisyanadək gedib çıxsa, onda bəli. Ermənistanda toxunulmaz şəxs yoxdur”.  

Ermənistanın digər eks-prezidenti Robert Köçəryanın da həbsi gözlənir və bunun üçün əsas 2008-ci ilin 1 mart hadisələri göstərilir. Bu arada Robert Köçəryan “Yerevan Today” qəzetinə verdiyi yazılı müsahibədə bildirib ki, Ermənistanda 1 mart hadisələri zamanı tətbiq edilən zorakılıq haqqında əmri prezident yox, müdafiə naziri verib. Onun sözlərinə görə, məhz Ermənistanın keçmiş müdafiə naziri Mikayıl Arutyunyan ordunun etirazçılar üzərinə yeridilməsi haqqında məxfi N0038 əmrini verib: “Bu daxili sənəddir və atılan addımlar müdafiə nazirinin səlahiyyətləri çərçivəsindədir. O zaman mövcud olan konstitusiyaya görə, icraedici hakimiyyət müdafiə və təhlükəsizlik sferasında siyasətin reallaşdırılmasını təmin edir, müdafiə naziri prezidentdən icazə almadan hərəkət etmək iqtidarına sahibdir. Müdafiə nazirini öz vəzifəsini yerinə yetirməkdə ittiham etmək absurddur”. O, 1 mart hadisələri zamanı silah tətbiq edilmədiyini və ordu bölmələrinin xalqla toqquşmalarda iştirak etmədiyini deyib. Köçəryan, həmçinin, 2008-ci il seçkisindən sonra hərbçiləri siyasi proseslərdən uzaq tutmağa çalışdığını bildirib. Həmin ilin 23 fevralında silahlı qüvvələrin rəhbər heyəti ilə keçirdiyi görüşdən danışan Köçəryan bunun cəmi yarım saat davam etdiyini bildirib: “Ordu seçkisonrası proseslərə cəlb edilirdi. Mən ordunun siyasi proseslərə cəlb edilməsinin mümkünsüzlüyünü deyir və generallardan, o cümlədən “Yerkrapa“ təşkilatının rəhbər heyətindən tələb edirdim ki, mövqelərini müəyyən etsinlər”. Xatırladaq ki, artıq keçmiş müdafiə naziri Mikayıl Arutyunyan axtarışa verilib. Ermənistan Xüsusi İstintaq Xidməti onun  2008-ci ilin martında çevriliş təşkil etməkdə ittiham edildiyini bildirib. Amma erməni politoloq Sarkis Artsruni bildirir ki, baş verənlərin günahı Robert Köçəryandadır: “1 mart işi”, demək olar ki, Robert Köçəryanın izlərinə çatıb. Ermənistanın ikinci prezidenti həbs olunmağın bir addımlığındadır. Buna baxmayaraq, o, ictimaiyyətdən gizlənməyə və ölkədən qaçmağa davam edir. Həbs edilmə ehtimalının qaçılmaz olduğunu hiss edən Robert Köçəryan ədalətdən gizlənərək, ehtimal olunan cinayət təqibindən çəkinərək Ermənistandan qaçdı. Robert Köçəryan on minlərlə günahsız etirazçıya atəş açılmasını əmr edib və heç bir istintaq orqanı, hətta ən humanitar olanının belə qarşısında qanun çərçivəsində hərəkət etdiyini əsaslandıra bilməz. Köçəryan çirkin bir cinayət törədib, buna görə də ilk dindirilmədən sonra onun həbsini proqnozlaşdırmaq olar, çünki heç bir yolla cinayətin izlərini gizlətmək olmaz. Ermənistanın tarixində ilk dəfə olaraq hüquq-mühafizə orqanları hakimiyyətin sifarişi ilə deyil, təkzibedilməz faktların təzyiqi ilə hərəkət edir”. Artsruni qeyd edib ki, Ermənistan hakimiyyəti, Milli Təhlükəsizlik Xidməti Robert Köçəryanın Ermənistana qayıtması məsələsində israr nümayiş etdirməlidir. Rusiya başda olmaqla, istənilən ölkə bilməlidir ki, cinayətkarı himayə etməklə Ermənistana və onun xalqına qarşı düşmənçilik nümayiş etdirmiş olur: “Məhz Robert Köçəryan Ermənistanın onlarla günahsız vətəndaşının güllələnməsi əmrini verib”. Qeyd edək ki, Robert Köçəryan hazırda Avropadadır və onun geri qayıtması da gözlənilmir. Baş verənlərə münasibət bildirən, Ermənistandakı “məxməri inqilab”dan sonra müxalifətə keçən Respublika Partiyasının fraksiya rəhbəri Vaqram Baqdasaryan qeyd edib ki, baş nazir Nikol Paşinyanın davranışlarında siyasi diskriminasiya müşahidə olunur.  Onun sözlərinə görə, Paşinyan hökuməti ölkədə aparılan bütün korrupsiya-cinayət işlərini və qanun pozuntularının ifşasını uzun illər iqtidarda olan Respublika Partiyası ilə əlaqələndirməyə çalışır, lakin aparılan axtarışların reallıqda onların partiyası ilə heç bir əlaqəsi yoxdur. “Bu, siyasi sahədə qaydaların formalaşdırlması işində inkişafı təmin edə bilməz. Bizim görüləcək daha vacib işlərimiz var. Bir qədər yavaşlamaq lazımdır. Bütün axtarışların Respublika Partiyası ilə əlaqələndirilməsi bizim üçün heç də xoş deyil. Cəmiyyətdə belə fikir yaranıb ki, Respublikaçılar artıq “sönüblər”. Lakin Paşinyan hökumətinin son davranışları ilə belə bir təəssürat formalaşır ki, Ermənistanın Respublika Partiyası təhlükəlidir. Hökumət də elə buna görə belə əməliyyatlar aparır. Bütün bu irimiqyaslı istintaqlar qarşıdan gələn seçkilərdə dividend qazanmaqla bağlıdır”. Hazırda yaranmış vəziyyət onu göstərir ki, Sarksiyan və ona yaxın olan qüvvələr Paşinyana ciddi müqavimət göstərməyə çalışır. Bu isə Ermənistanda daxili vəziyyəti yenidən gərginləşdirir.

Nahid SALAYEV

Son xəbərlər