13/12/2018 18:05
728 x 90

Əliyev-Ərdoğan görüşündən dünyaya çox önəmli Qarabağ və Naxçıvan mesajları...

“Qarabağ məsələsində Azərbaycana ən böyük dəstək verən ölkənin” başçısı Bakıda...

img

Rəcəb Tayyib Ərdoğan Türkiyənin yeni seçilmiş prezidenti kimi ilk səfərini Azərbaycana etdi

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 10-da Azərbaycana rəsmi səfərə gəlib. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Rəcəb Tayyib Ərdoğanı hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıb.

Prezident Rəcəb Tayyib Ərdoğan Şəhidlər Xiyabanını ziyarət edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub, “Xatirə kitabı”na ürək sözlərini yazıb.

Prezident Ərdoğan Fəxri Xiyabana gələrək ümummilli lider Heydər Əliyevin məzarı önünə əklil qoyub.

Türkiyə Prezidenti görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın, dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim, alim Tamerlan Əliyevin məzarları üstünə də gül dəstələri qoyub. Həmin gün Prezident Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimindən sonra

İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü olub.

Görüşdə Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirilib, əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə inam ifadə olunub.

Söhbət zamanı ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Prezidentlərin təkbətək görüşü başa çatdıqdan sonra işçi nahar çərçivəsində geniş tərkibdə görüşü olub.

“Azərbaycan-Türkiyə qardaşlığının güclənərək davam edəcəyinə inanıram”. “Trend”in məlumatına görə, bunu prezident seçiləndən sonra ilk xarici rəsmi səfərini iyulun 10-da Azərbaycana edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AZƏRTAC-a və Azərbaycan Televiziyasına müsahibəsində deyib.

R.T.Ərdoğan qeyd edib: “Bildiyiniz kimi, biz bu qardaşlığımızı “bir millət, iki dövlət” anlayışı ilə bu günə qədər gətirdik. Dünən andiçmə mərasimimizi keçirdik, yeni hökumətimizin tərkibini açıqladıq. Ardınca isə Azərbaycanda prezident seçkilərindən dərhal sonra qardaşım İlham Əliyev bizi necə ziyarət etdisə, biz də ilk səfərimizi Azərbaycana edirik. Bu qardaşlıq mesajımızı azərbaycanlı qardaşlarımıza ən güclü şəkildə çatdırmaq istəyirik.

Bu gün İlham Əliyevlə təkbətək görüş keçirəcəyik. Sonra nümayəndə heyətləri arasında görüş olacaq. Ardınca isə mətbuata açıqlama ilə qarşımızdakı hədəflərimizi ifadə edəcəyik. Bu qardaşlığımızın güclənərək davam edəcəyinə inanıram. Bunu TANAP-da gördük, bunu TAP-da gördük, bunu xüsusilə Əliağa neftayırma zavodunda atılan addımlarda gördük. Bundan sonra bunlar daha güclü şəkildə davam edəcək. Mən şəxsən öz adımdan, millətim adından bütün azərbaycanlı qardaşlarıma salam, sevgi və ehtiramımı çatdırıram”.

Türkiyə Prezidenti R.T.Ərdoğan və Prezident İlham Əliyev mətbuata birgə açıqlamalarında da çox maraqlı məqamlara toxunublar

“Bu gün Türkiyə-Azərbaycan əlaqələri ən yüksək zirvədədir” deyən Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı prezident seçkilərində qazandığı inamlı qələbə münasibətilə bir daha ürəkdən təbrik edib, ona gələcək fəaliyyətinizdə yeni uğurlar arzulayıb: "Biz çox şadıq ki, Siz seçkilərdən sonra ilk rəsmi səfərinizi Azərbaycana edirsiniz. Dünən Türkiyədə Sizin andiçmə mərasiminiz keçirilmişdir və bu gün Siz Azərbaycanda rəsmi səfərdəsiniz. Bu, bir daha onu göstərir ki, Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı sarsılmazdır, əbədidir. Sizin səfəriniz bir daha Türkiyə-Azərbaycan qardaşlığının nümunəsidir, bir daha bizim birliyimizi göstərir.

Türkiyə xalqı Sizə yenidən böyük etimad, dəstək göstərmişdir. Siz uzun illər ərzində Türkiyənin inkişafı üçün çox böyük işlər görürsünüz. Sizin liderliyiniz ilə Türkiyə böyük və şərəfli yol keçmişdir, dünya miqyasında böyük gücə çevrilmişdir. Türkiyə bu gün beynəlxalq məsələlərdə söz sahibidir. İqtisadi islahatlar uğurla aparılır. İqtisadi inkişafa görə Türkiyə dünya miqyasında ən qabaqcıl yerlərdədir. Sizin liderliyinizlə Türkiyədə sabitlik tam bərqərar olub. Biz Azərbaycan xalqını Türkiyənin uğurları çox sevindirir. Türkiyə-Azərbaycan əlaqələrinin bu səviyyəyə çatmasında bizim birgə səylərimiz də mühüm rol oynayır. Bizim aramızda şəxsi dostluq əlaqələri mövcuddur və bu əlaqələr ölkələrimizi bir-birinə daha sıx bağlayır. Bu gün Türkiyə-Azərbaycan əlaqələri ən yüksək zirvədədir. Biz bütün məsələlərdə bir yerdəyik, bütün beynəlxalq məsələlərdə bir-birimizi daim dəstəkləyirik, bir-birimizin yanındayıq".

Prezident deyib ki, Türkiyə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində daim Azərbaycana böyük dəstək göstərir. Dünya miqyasında bu məsələ ilə bağlı Azərbaycana ən böyük dəstək verən ölkə Türkiyədir:

"Bildiyiniz kimi, uzun illərdir ki, torpaqlarımız Ermənistan tərəfindən işğal edilib. Bu işğal nəticəsində xalqımız etnik təmizləməyə məruz qalıb. Bu münaqişənin tezliklə həlli beynəlxalq hüquq normalarının bərpası demək olacaqdır. BMT Təhlükəsizlik Şurası münaqişə ilə bağlı 4 qətnamə qəbul etmişdir. Orada açıq-aydın göstərilir ki, erməni silahlı qüvvələri Azərbaycanın torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. Bu qətnamələr icra edilməlidir, ölkəmizin ərazi bütövlüyü bərpa olunmalıdır.

Türkiyənin bu məsələ ilə bağlı mövqeyi beynəlxalq hüquq normalarına uyğundur və eyni zamanda, Türkiyə-Azərbaycan qardaşlığına, dostluğuna əsaslanır. Azərbaycan da öz növbəsində, bütün məsələlərdə daim Türkiyəni dəstəkləyir. Bizim birgə fəaliyyətimiz bundan sonra da davam etdiriləcəkdir".

Dövlət başçısı bildirib ki, bu gün keçirilən görüş əsnasında bir çox məsələlər haqqında fikir mübadiləsi aparılıb, görülmüş işlər təhlil edilib, gələcək planlar haqqında müzakirələr aparılıb: "Bizim ticarət dövriyyəmiz artır və daha da artmalıdır. Qarşılıqlı sərmayə qoyuluşu davam edəcək. Bu günə qədər Azərbaycan Türkiyə iqtisadiyyatına 13,9 milyard dollar sərmayə qoyub. Türkiyə şirkətləri isə Azərbaycana 12 milyard dollardan çox vəsait yatırıblar. Bu böyük rəqəmlər, əslində, bizim əlaqələrimizi göstərir. Çünki ancaq qardaş ölkələrə bu qədər böyük sərmayə qoyula bilər.

Bildiyiniz kimi, biz ölkələrimiz, xalqlarımız və dünya üçün böyük əhəmiyyət daşıyan enerji layihələrini birlikdə həyata keçiririk. Keçən ay Əskişəhər şəhərində TANAP-ın açılışında bərabər olmuşuq. Bu, təbiidir və çox böyük məntiqə əsaslanır. Çünki TANAP layihəsinin təməlini biz 2012-ci ildə İstanbulda birlikdə qoymuşuq. Aramızda imzalanmış TANAP üzrə saziş artıq gerçəkləşdi və bu tarixi layihəyə start verildi.

“Cənub Qaz Dəhlizi” layihəsinin uğurla icrası başa çatır. TANAP layihəsinin başa çatması bu istiqamətdə atılan çox böyük addımdır. Bildiyiniz kimi, əvvəlki illərdə də digər böyük enerji layihələri birlikdə həyata keçirilib. Türkiyə və Azərbaycan Avrasiyanın enerji xəritəsini yenidən tərtib ediblər.

Nəqliyyatla bağlı layihələr həm ölkələrimizi gücləndirir, eyni zamanda, qitələr arasında sağlam bağlantı yaradır. Yəni, bizim birgə səylərimiz nəinki ölkələrimiz üçün, bütün bölgə üçün və Avrasiya üçün böyük əhəmiyyət daşıyır. Türkiyə-Azərbaycan birliyi, dostluğu regional sabitlik üçün böyük fayda verir. Əminəm ki, Türkiyənin və Azərbaycanın birgə səyləri ilə bölgədə sülh yaranacaq. Türkiyənin hərbi potensialı çox güclüdür. Dünya miqyasında Türkiyə Ordusu ən güclü ordular sırasındadır. Hərbi sahədə bizim əməkdaşlığımız çox uğurla davam edir. Bu il hərbçilərimiz arasında yeddi hərbi təlim keçiriləcəkdir, onlardan üçü keçirilib. Azərbaycan Türkiyədən böyük sayda hərbi texnika alır. Ötən ay Azərbaycanda keçirilmiş hərbi paradda bu texnikanın bir hissəsi göstərilmişdir".

Prezident vurğulayıb ki, iki ölkə arasında əlaqələr çoxşaxəlidir: "Əlaqələrin təməlində xalqlarımızın, dövlətlərimizin birliyi, ortaq maraqları dayanır. Biz dostuq, qardaşıq. Türkiyə Prezidentinin seçkilərdən sonra birinci səfərini Azərbaycana etməsi bunu bir daha göstərir".

“Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həlli üçün mümkün olan hər şeyi edəcək”. Bunu isə  Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata birgə açıqlama zamanı deyib. O vurğulayıb ki, Türkiyə əvvəllər də Azərbaycanı bu məsələdə, eləcə də Naxçıvana yardım məsələsində dəstəkləyib.

R.T.Ərdoğan bildirib ki, gələcəkdə zərurət yaranarsa, Türkiyə ilə Naxçıvan arasında dəmir yolu tikilə bilər. Prezidentin sözlərinə görə, ölkəsi həmçinin Naxçıvan sakinlərinə Türkiyə ərazisində tibbi yardım göstərməyə hazırdır.

R.T.Ərdoğan bildirib ki, iki ölkə arasında müdafiə sahəsində də münasibətlər inkişaf edir. O, həmçinin, Gülən terror təşkilatı ilə mübarizədə dəstəyə görə Azərbaycan Prezidentinə təşəkkür edib.

“Azərbaycan ilə istər enerji sahəsindəki əlaqələrimiz, istərsə də müdafiə sənayesi istiqamətində addımlarımız çox böyük əhəmiyyət daşıyır” deyən Türkiyə Prezidenti daha sonra bildirib: “Bundan sonrakı prosesdə də TANAP layihəsi, - bizim üçün, Azərbaycan üçün həyati əhəmiyyətli layihədir, - təkcə Azərbaycan-Türkiyə deyil, eyni zamanda, Azərbaycan-Avropa bağlantısını qurmaq baxımından böyük əhəmiyyət kəsb edir. Bu layihə bizi ciddi mənada maraqlandırır və bu, qardaşlığımızın bir təzahürü olaraq, eyni zamanda, strateji investisiya yatırılması baxımından da əhəmiyyətlidir. TANAP ilə əlaqədar Əskişəhərdə atdığımız addım həqiqətən də həyati bir addımdır. Bütün bunlardan başqa, Azərbaycanın sərmayə sahəsində Türkiyədəki Əliağa layihəsi həqiqətən hər cür təqdirdən daha böyükdür. Bu layihə təməli qoyulduğu gündən get-gedə davam edən, böyüyən bir sərmayə olaraq özünü göstərir. İndi də, inşallah, bu sərmayəni daha da genişləndirməyin və reallaşdırılmaqda olan bəzi layihələrin də payızda açılışını etməklə bunları birlikdə həyata keçirəcəyik”.

Baki-xeber.com

Son xəbərlər