19/07/2018 03:57
728 x 90

Azərbaycanın BMT qarşısında proqressiv demarşı – yeni qətnamə layihəsi…

“Məhz bu məqamdan əziyyət çəkən ölkə olaraq bizim bu təşəbbüsümüzün faydası bütün dünyaya dəyir”

img

Yeganə Hacıyeva: “Bu da Azərbaycan diplomatiyasının uğurunun, çevikliyinin bariz nümunəsi sayıla bilər”

 

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov 9 iyul - Diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü münasibətilə müsahibə verib.

Nazir müsahibəsində Azərbaycan diplomatiyasının yaxın zamanlarda qazandığı uğurlardan və qarşıdakı mühüm planlardan bəhs edib: “2018-ci ilin ikinci yarısından etibarən Azərbaycan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına sədrlik edəcək. Sədrlik dövründə Azərbaycanın prioriteti QDİƏT regionunda nəqliyyat qovşaqlarının inkişaf etdirilməsi olacaq. Bununla bərabər, Azərbaycan öz sədrliyi dövründə turizm, kənd təsərrüfatı, bağlantı kimi sahəvi əməkdaşlığın inkişafına da xüsusi əhəmiyyət verəcək. 2018-ci ilin sonunda Azərbaycan QDİƏT-in 39-cu Xarici İşlər Nazirləri Şurasının iclasına evsahibliyi edəcək. 2017-2019-cu illər üzrə BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) üzvü kimi, Azərbaycan beynəlxalq inkişaf məqsədləri naminə fəaliyyətini davam etdirir.

Azərbaycanın təşəbbüsü ilə bu il BMT Baş Assambleyasının 72-ci sessiyasında münaqişə şəraitində qadın və qızların əsir götürülməsinə qarşı dövri qətnamə, habelə BMT-nin İnsan Hüquqları Şurasının 37-ci sessiyası çərçivəsində insan hüquqları və Dayanıqlı İnkişaf Məqsədlərinin səmərəli ictimai xidmətlər vasitəsilə təmin edilməsi adlı qətnamə qəbul edilib. Həmçinin, Azərbaycanın təşəbbüskarı olduğu itkin düşmüş şəxslər adlı dövri qətnamənin də bu il ərzində BMT Baş Assambleyasında irəli sürülməsi nəzərdə tutulub.

Azərbaycan tamhüquqlu üzv olduğu regional təşkilatlar - ATƏT, Avropa Şurası, İƏT, MDB, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, İqtisadi Əməkdaşlıq Təşkilatı, GUAM, QDİƏT və digərləri ilə fəal əməkdaşlıq edir. Şanxay Əməkdaşlıq Təşkilatında dialoq üzrə tərəfdaş statusuna malik olan Azərbaycan əməkdaşlığı daha da yüksək səviyyəyə qaldırmaq niyyətindədir.

Azərbaycanın mühüm beynəlxalq təşkilatlarda sədrlik funksiyasına və digər aparıcı komitələrinə seçilməsi, mötəbər tədbirlərə evsahibliyi etməsi ölkəmizin beynəlxalq səviyyədə artan nüfuzunun, dünya dövlətləri tərəfindən ölkəmizə olan etimadın bariz göstəricisidir”.

Göründyü kimi, Elmar Məmmədyarov diplomatiyamızın qazandığı uğurlarla yanaşı, qarşıda bizi gözləyən mühüm işlərdən də danışıb. Bu xüsusda diqqətçəkən məqamlardan biri də  Azərbaycanın təşəbbüskarı olduğu itkin düşmüş şəxslər adlı dövri qətnamənin də bu il ərzində BMT Baş Assambleyasında irəli sürülməsinin nəzərdə tutulmasıdır. Bunun ölkəmiz üçün nə kimi əhəmiyyəti ola bilər?

Politoloq Yeganə Hacıyevanın sözlərinə görə, bunun əhəmiyyəti həm də ondadır ki Azərbaycan artıq dünyanı narahat edən bəşəri təşəbbüslərlə çıxış etməyə başlayıb: “Məhz bu məqamdan əziyyət çəkən ölkə olaraq, bizim bu təşəbbüsümüzün faydası bütün dünyaya dəyir. Çünki qeyd olunan problemdən dünyanın bir çox ölkəsi əziyyət çəkir. 2002-ci ildə BMT Baş Assambleyasının 57-ci sessiyasında Azərbaycanın təşəbbüsü ilə ilk dəfə “İtkin düşmüş şəxslər” adlı qətnamə qəbul edilib və dövri əsasda iki ildən bir qətnamə yenidən irəli sürülür.

BMT Baş Assambleyasının plenar iclasında Azərbaycan tərəfindən irəli sürülmüş “İtkin düşmüş şəxslər” adlı qətnamə bundan əvvəl də bir neçə dəfə konsensusla qəbul edilib. İndiyə kimi qətnaməyə 100-ə yaxın ölkə həmmüəllif kimi qoşulub. Azərbaycan tərəfindən ənənəvi olaraq irəli sürülən qətnamə silahlı münaqişə tərəfləri olan dövlətləri hüquqa hörmət və riayət etməyə, silahlı münaqişələr şəraitində itkin düşmə hallarının qarşısının alınması və itkin düşmüş şəxslərin axtarışı ilə bağlı bütün lazımi tədbirləri həyata keçirməyə və onların taleyi barədə ailələrini məlumatlandırmağa çağırır. Bu kontekstdə, qətnamə dövlətləri silahlı münaqişələr şəraitində itkin düşmüş uşaqların məsələsinə xüsusi olaraq diqqət yetirməyə çağırır. Bu dəfə isə BMT baş katibindən onun icrasına dair müfəssəl hesabat təqdim edilməsi xahiş olunur. Bir daha xatırladıram ki, ölkəmizin təşəbbüskarı olduğu bu layihə əksər ölkələr tərəfindən dəstəklənir. Bu da Azərbaycan diplomatiyasının uğurunun, çevikliyinin bariz nümunəsi sayıla bilər”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər