18/09/2018 22:08
728 x 90

Prezident Əliyev müasir erməni “dövlətçiliyinin” klassik xarakteristikasını verdi...

“Ermənistan bütün bu rəzalətləri yaşamağa haqq edən ölkədir”

img

Vüqar Qədirov: “Ermənistan dövlətinə verdiyi sərrast qiymətilə Prezident bir daha sübut etdi ki, onların başqa yolu qalmayıb”

 

İyulun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.

Prezident həmin tədbirdə əhatəli çıxış edib. İlham Əliyev nitqində erməni dövlətinin düşdüyü acınacaqlı durumdan bəhs edib: “Bu müsbət fonda, baxın, görün, Ermənistanda nələr baş verir? 20 il ərzində kriminal, korrupsioner, qaniçən, oğru, yalançı hakimiyyət tam iflasa uğradı. Mənim dediklərimi indi erməni xalqı deyir. Mən bir neçə dəfə ən mötəbər kürsülərdən, BMT kürsüsündən Ermənistanın əvvəlki hakimiyyətini ittiham etmişdim. Demişdim ki, bu, kriminal xunta rejimidir, indi bunu erməni xalqı deyir. Demişdim ki, bu, korrupsiyaya qurşanmış oğru rejimidir, indi bunu erməni xalqı deyir. Demişdim ki, bu rejim öz xalqının qanını içir. Bu gün biabırcasına hakimiyyətdən qovulmuş Sarkisyan rejimi, əslində, Ermənistanın dövlətçiliyinin iflasıdır. Çünki əgər müstəqilliyinin 26 ilində onun 20 ili bu hakimiyyət altında keçmişdisə, onda bu dövlətin hansı müsbət cəhətləri var?! Ermənistan uğursuz dövlətdir. Ermənistan dövlətçiliyi iflasa uğrayıb. Onların qəhrəmanları, onların generalları oğrulardır, onların ordusu oğru ordusudur. Bunu indi Ermənistan xalqı görür və Ermənistan hakimiyyəti deyir. Haqq-ədalət öz yerini tapdı və 20 il Ermənistana rəhbərlik etmiş oğru, kriminal rejim tam biabır olaraq siyasi səhnədən qovuldu. Deyə bilərəm ki, bu rejimin çökməsində bizim də rolumuz olub, onu mən şişirtmək istəmirəm, bunu biz, necə deyərlər, öz adımıza çıxmaq istəmirik. Ancaq o da həqiqətdir ki, bizim apardığımız siyasət nəticəsində Ermənistan onlara gəlir gətirə biləcək bütün layihələrdən məhrum edildi. Biz onlara qarşı təcrid siyasətimizi uğurla aparmışıq və heç kimdən çəkinmədən mən bu barədə dəfələrlə Azərbaycan ictimaiyyətinə və xarici tərəfdaşlarıma demişəm. Nə qədər ki, torpaqlarımız işğal altındadır, biz Ermənistana qarşı təcrid siyasətimizi aparacağıq. Bu siyasət nəticəsində Ermənistan iqtisadi iflasa uğradı. Ermənistana sərmayə qoymaq istəyən çətin ki, tapılsın. Bu ölkənin demoqrafik vəziyyəti acınacaqlıdır. Mən dəfələrlə demişəm ki, Ermənistandan hər il minimum 50-60 min insan köç edir. İndi bunu yeni hökumət təsdiqləyir. Yəni bu təcrid siyasətimiz öz rolunu oynadı, biz Ermənistanı bütün regional layihələrdən təcrid etdik. İqtisadi perspektivi olmayan ölkədə inkişaf da olmaz, sərmayə də qoyulmaz, insanların əhval-ruhiyyəsi də yaxşı səviyyədə olmaz”.

Göründüyü kimi, ölkə başçısı Ermənistan dövlətinin bu duruma düşməsində Azərbaycanın da rolunun olduğunu qeyd edib. Prezident tərəfindən Ermənistana verilən qiyməti necə dəyərləndirmək olar?

Ekspert Vüqar Qədirov qəzetimizə bildirdi ki, ölkə başçısının çıxışını maraqla dinləyib: “Çox əhatəli, məzmunlu və bir çox sahələri əhatə edən, proqram tipli bir çıxış idi. Sizin dediyiniz məqam mənim diqqətimi xüsusilə cəlb etdi. İlham Əliyev məhz bu məqamla bağlı konkret arqumentlərə söykənərək Ermənistan dövlətinin yalnız sözdə mövcud olduğunu isbat etdi. Bəli, ölkə başçısı doğru olaraq qeyd edir ki, vaxtilə bizim dediklərimizi hazırda Ermənistan xalqı öz hakimiyyətinə deyir. Vaxtilə bizim qaniçən adlandırdığımız generalları indi özləri tutub məsuliyyətə cəlb edir, hələ üstəlik də onların törətdiyi əməlləri ifşa edirlər. Ən maraqlı məqam isə ölkə başçısının Ermənistanın bu günə düşməsində bizim də rolumuza xüsusi diqqət yetirməsi oldu. Azərbaycan bütün qonşuları ilə normal münasibətlərə malikdir. Yəni biz heç qonşumuzun pisliyinə sevinən ölkə deyilik. Əksinə, dar məqamlarda bütün qonşularımıza əl uzatmışıq. Bu mənada Ermənistan istisnadır. Çünki onlar bizimlə qonşuluq deyil, tarixi düşmənçilik aparıblar. Bu düşmənçiliyin ən son məqamı onunla nəticələnib ki, Ermənistan bizim 20 faiz torpağımızı işğal edib və uzun illərdir həyasızlıq edərək bir addım da olsun geriyə çəkilmir. Təbii ki, belə ölkə ilə biz də adekvat davranmalıyıq. Məhz bu siyasətlərinə görə Azərbaycan onları bütün böyük layihələrdən təcrid etdi. Nəticədə blokada şəraitinə düşən Ermənistanda belə acınacaqlı durum yarandı. Yəni demək istədiyim budur ki, Ermənistan bütün bu rəzalətləri yaşamağa haqq edən ölkədir. Ermənistan dövlətinə verdiyi sərrast qiymətilə Prezident bir daha sübut etdi ki, onların başqa yolu qalmayıb. Hər hansı hakimiyyət gəlsə belə, Dağlıq Qarabağ məsələsində fərqli siyasət ortaya qoymasa, vəziyyət daha da pisləşəcək. Həmin dövlətin nicatı konstruktivliyə gəlməkdən keçir”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər