13/12/2018 18:07
728 x 90

NATO sammiti üçüncü dəfə Azərbaycanın bütövlüyünü dəstəkləyə bilər – Paşinyan tərəddüd içində...

“NATO-nun öz mövqeyini dəyişməsi üçün elə bir fövqəladə hal baş verməyib”

img

Qabil Hüseynli: “NATO öz prinsiplərinə zidd getməklə indiyə kimi Ermənistandan da qat-qat yaxşı münasibətlər qurduğu Azərbaycanla əlaqələrini korlamaqda maraqlı olmaz”

 

12 iyul 2018-ci il tarixində Brüsseldə keçiriləcək NATO tədbirində Ermənistanın baş naziri Nikol Paşinyanın rəhbərliyi ilə kifayət qədər geniş nümayəndə heyətinin iştirakı nəzərdə tutulur. Bir çox ekspert Ermənistanın NATO toplantısında geniş tərkibdə iştirak etməsinin qeyri-adi hal olmadığını bildirirlər.

Təbii, NATO Ermənistan üçün bir neçə məqam üzrə vacib təşkilatdır. Çünki Minsk Qrupunun tərkibində NATO-ya üzv olan həmsədr ölkələr var. Ermənistan nümayəndə heyətinin budəfəki NATO tədbirində Paşinyanın timsalında sadəcə tanışlıq xatirinə iştirak edəcəyi ehtimal edilir. NATO tədbirində iştirak etmək üçün hər hansı bir məqsəd, gündəlik olmalıdır, əks halda, keçmiş hakimiyyətin siyasəti davam edəcək. Görünür, Paşinyan bunu etmək istəmir və məhz buna görə də görüşdən əvvəl NATO qarşısında şərt irəli sürür. Ermənistan mediasının verdiyi məlumata görə, Paşinyanın iştirakı NATO-nun qəbul edəcəyi yekun rəydən asılıdır. Sitat: “Həmin sənəddə ərazi bütövlüyü məsələsi öz əksini tapacaqsa, Paşinyan iştirak etməyəcək”. Erməni mediası iddia edir ki, bu şərt məhz Paşinyanın özü tərəfindən irəli sürülüb.

Qeyd edək ki, bundan əvvəl Ermənistan məhz iki dəfə NATO sammitində iştirak etməkdən imtina edib. Bunun da səbəbi yekun sənəddə ərazi bütövlüyü prinsipinin vacibliyinin qeyd edilməsidir. Belə bir vəziyyətin yaranmasını Azərbaycan diplomatiyasının qələbəsi saymaq olarmı?

Politoloq Qabil Hüseynlinin sözlərinə görə, NATO-nun bu sammitində mühüm qərarların qəbul ediləcəyi gözlənir: “Sözügedən toplantıda məhz bizim regiona böyük diqqət olacaq. Çünki bu iclasda Gürcüstan və Ukraynanın alyansa qəbulu ilə bağlı konkret fikirlər açıqlana bilər. Bir sözlə, regionun yeni reallıqlarından irəli gələn geostrateji mənzərə cızılacaq. Bəli, doğru olaraq qeyd edirsiniz ki, bundan əvvəl də NATO sammitlərində Ermənistanın görmək istədiyi müddəaya rast gəlinmir. Serj Sarkisyan hətta küsüb NATO sammitlərinə qatılmırdı da. Onların istədiyi budur ki, yekun sənəddə xalqların öz müqəddəratını təyinetmə hüququ da öz əksini tapsın. NATO isə bunu etmir. Paşinyanın elə bir güclü alyansın qarşısına şərt qoyması isə gülünc görünür. Çünki NATO-nun öz mövqeyini dəyişməsi üçün elə bir fövqəladə hal baş verməyib. Bundan əlavə, NATO öz prinsiplərinə zidd getməklə indiyə kimi Ermənistandan da qat-qat yaxşı münasibətlər qurduğu Azərbaycanla əlaqələrini korlamaqda maraqlı olmaz. Bu baxımdan da Paşinyanın bu manevrini uğursuz və nəticəsiz sayıram”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər