24/09/2018 18:08
728 x 90

Azərbaycanın silahlanmasını dünya anlayışla qarşılayır, Ermənistan narahatdır, hərbi və diplomatik məngənə sıxlaşır …

img

Azərbaycanın hərbi müstəvidə işğalçı Ermənistan üzərində üstünlüyünü getdikcə artırması qarşı tərəfdə yenə böyük təşviş yaratmaqdadır. Xüsusən də Silahlı Qüvvələrimizin 100 illiyi ilə bağlı hərbi parad və burada nümayiş edilən silahlar ermənilərin, necə deyərlər, kürkünə birə salıb. Bunu Ermənistanın ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin mövqeyindən də aydın görmək olar.

ATƏT Parlament Assambleyası Daimi Komitəsinin təşkilatın illik 27-ci sessiyası çərçivəsində Berlində keçirilən iclasında Ermənistan parlamentinin bu qurumda nümayəndə heyətinin rəhbəri Ermine Naqdalyan Azərbaycanın öz müdafiə qabiliyyətini daha da gücləndirməsi və yeni silah növləri alması ilə bağlı çox ciddi təşvişə düşdüklərini etiraf edib. Düzdür, erməni deputat Bakının bu maliyyə vəsaitlərini sülh proqramlarına deyil, hərbi məqsədlər üçün ayırmağa məcbur olmasının əsas səbəbinin məhz onun ölkəsi tərəfindən Azərbaycanın 20 faiz ərazisinin işğalının davam etməsi olmasını açıqlamayıb. Ermənistanın istər əvvəlki, istərsə də hazırkı hökumətinin danışıqlar prosesində qeyri-konstruktiv mövqeyinin də Bakının belə bir addım atmağa vadar etməsinə toxunmayıb. Amma istənilən halda, görünən odur ki, Azərbaycanın davamlı şəkildə artan gücü erməniləri getdikcə daha çox qorxuya salır.  Elə bu səbəbdən Ermənistan prezidenti Armen Sarksiyan bildirir ki, Dağlıq Qarabağ konfliktinin güc yolu ilə həll variantları ölkəsi üçün fəlakətlidir və qəbuledilməzdir: “İstənilən hərbi həll yolu Ermənistan üçün fəlakətli olacaq. Ona görə ki, müharibə dağıdıcı olacaq”.

Erməni prezidentin sözlərinə görə, müharibənin nəticələri bütövlükdə region üçün fəlakətli olacaq və buna şübhə etməyə dəyməz. Ona görə də, onun fikrincə, yeganə məqbul yol sülh danışıqlarıdır. O da maraqlıdır ki, məsələnin sülh yolu ilə həlli üçün Armen Sarksiyan dolayı yolla baş nazir Nikol Paşinyanın Azərbaycanla danışıqlar apara biləcəyini şübhə altına alıb və məsələyə özünün müdaxiləsini vacib sayıb:“Bu gün baş nazir danışıq aparandır, baş nazir və xarici işlər naziri danışıqlar siyasətini formalaşdırır. Bununla belə, mən öz çoxillik təcrübəmdən istifadə edib danışıqlar prosesinə kömək edə bilərəm”. Rəsmi İərvanın indiki mövqeyi isə onun hələ də qeyri-konstruktiv mövqedən çıxış etdiyini, Qarabağ məsələsinin sülh yolu ilə tənzimlənməsi üçün hansısa real addım atmaq niyyətində olmadığını göstərir. Hazırda İrəvan münaqişənin həlli ilə əlaqədar hər hansı konstruktiv baxış ortaya qoymur. Hələ Ermənistanda məlum  hakimiyyət böhranı baş verəndə Azərbaycan bildirdi ki, yeni hakimiyyət sağlam təfəkkürlü siyasət yürüdərsə, münaqişənin həllində irəliləyiş əldə etmək olar. Amma indiyə qədər görünən odur ki, Ermənistanın yeni hakimiyyəti əvvəlki rejimin səhvlərini təkrar etməkdən başqa hansısa addım atmır. Yəni Ermənistan yenə işğala əsaslanan mövcud status-kvonu saxlamaq niyyətindədir. Bakı bunu qeyri-mümkün sayır və bəyan edir ki, münaqişənin mərhələli həlli ilə əlaqədar real yol xəritəsi işə salınmalıdır. Azərbaycan Ermənistanı bu məsələyə güc yolu ilə vadar etmək üçün də lazımi güc və potensiala malikdir. Yuxarıda qeyd olunduğu kimi, bunu ermənilər özləri də etiraf edir. Məsələn, erməni mediası indi də yazır ki, Bakı ötən ay baş tutan paradda elə silahlar nümayiş etdirdi ki, bunun tətbiqi erməni tərəfinin böyük itkilər verməsinə səbəb olacaq. Konkret misal kimi “Polonez” və “Lora” raketlərinin ardınca Türkiyənin istehsalı olan “hava-yer” tipli SOM-B1 qanadlı raketi göstərilir.  Erməni hərbi analitik Leonid Nersisyan bildirir ki, Bakıda SOM-B1 raketinin nümayiş etdirilməsi Ermənistan üçün xoşagəlməz haldır: “250 kilometr mənzilli qanadlı raket, üstəlik, olduqca aşağı hündürlükdən uçan raket Ermənistan üçün xoşagəlməz xəbər oldu. Hava Hücumundan Müdafiə sistemi bu cür hədəflərlə mübarizə apara bilər, amma bu sadə məsələ deyil. Bunun üçün radiolokasiya stansiyalarının geniş şəbəkəsi və zenit-raket komplekslərinin heyətlərinin yüksək peşəkarlığı gərəkdir. Belə raketlərdən ancaq ən prioritet hədəfləri qoruyacaqlar. Belə hesab etməyə əsas var ki, Azərbaycanın Su-25 döyüş təyyarələri Türkiyədə SOM-B1 qanadlı raketlərini daşımaq üçün modernləşdirilib”.  

Digər  erməni hərbi analitikləri də etiraf edirlər ki, Azərbaycanın SOM-B1 qanadlı raketləri ilə silahlanması ona Qarabağda erməni qüvvələrinin infrastrukturuna yüzlərlə kilometr məsafədən dəqiq zərbə endirməyə imkan verir. O da qeyd olunur ki, bu raketlərə qarşı mübarizə aparmaq praktiki olaraq mümkün deyil. Çünki mürəkkəb trayektoriya ilə hərəkət edən qanadlı raketlərə qarşı mübarizə aparmaq üçün hava hücumundan müdafiə sistemlərinin çoxpilləli radarlar şəbəkəsi qurulmalıdır. Üstəlik, belə raketləri izləmək və neytrallaşdırmaq üçün raket əleyhinə müasir silahlar, yüksək peşəkarlığa malik heyət olmalıdır. Ermənistan isə bunların heç birinə malik deyil. Bu arada Pakistanın  “The Quwa Defence News & Analysis Group” hərbi xəbərlər və analiz qrupu da Azərbaycan Ordusunun silahlanmasına SOM qanadlı raketlərinin daxil olmasını şərh edib. Analitik qrup bildirir ki, Türkiyənin “Roketsan” şirkəti tərəfindən işlənib hazırlanan SOM qanadlı raketlərinin çəkisi 600 kiloqrama yaxın, atəş mənzili 250 kilometrdir. Hazırda Türkiyənin Hərbi Hava Qüvvələri həmin raketləri özünün F-16C və F-4 qırıcılarında yerləşdirib. Türkiyənin əldə edəcəyi F-35 qırıcıları üçün raketlərin daha kompakt versiyası da işlənib hazırlanır.

Qeyd olunur ki,  Azərbaycan 2017-ci ilin noyabrında Türkiyədən SOM raketlərini sifariş edib. Ehtimal edilir ki, Azərbaycan Hərbi Hava Qüvvələri SOM raketlərini mövcud aviaplatformalarında, xüsusən modernləşdirilmiş MiQ-29 qırıcısında quraşdıracaq. Çünki raketin MiQ-29 qırıcısında ilk sınaqlarının keçirildiyi haqda xəbərlər var. SOM-A və SOM-B1/B2 raketləri Azərbaycan Hərbi Hava Qüvvələrinin təyyarələrinə güclü müdafiə imkanları verməklə yanaşı, müəyyən olunmuş və potensial olaraq hərəkətdə olan hədəflərə dəqiq zərbə imkanları da yaradır. Bu raketlər peyk siqnalları ilə idarə edilən inersial naviqasiya sistemlərinə əsaslanır. Analitik mərkəz qeyd edir ki, Azərbaycanın bu raketləri almasının Pakistanın aviasiya kompleksinə və JF-17 qırıcılarına da aidiyyəti ola bilər. Azərbaycanın Pakistandan JF-17 qırıcılarını almağa maraq göstərdiyi bir neçə il əvvəldən məlumdur. Bu barədə danışıqlar aparılıb, hətta tərəflərin müqavilə imzalamağa yaxın olduğu haqda xəbərlər də yayılıb. Mərkəz hesab edir ki, Pakistanın Aviasiya Kompleksi JF-17 qırıcılarını Azərbaycana satmağa hələ də maraq göstərirsə, o zaman bu təyyarələrdə SOM qanadlı raketlərinin quraşdırılması ən azından kommersiya baxımından əhəmiyyət kəsb edir.

Mərkəzin analitiklərinə görə, Azərbaycan Hərbi Hava Qüvvələri üçün təkcə bu raketi daşımaqdan ötrü yeni qırıcı platformasına investisiya qoymaq az əhəmiyyət daşıya bilərdi. Lakin digər tərəfdən SOM raketlərinin JF-17 qırıcılarına inteqrasiya edilməsi Pakistan tərəfdən bu təyyarələrin cəlbediciliyini artırmaq üçün əlavə effekt olardı: “SOM raketlərinə malik olan Azərbaycan bir neçə variantdan birini seçə bilər”.  Beləliklə, qeyd edilənlərdən aydın olur ki, Azərbaycanın artıq bütövlükdə yox, hərbi gücünün hətta ayrı-ayrı elementləri belə Ermənistanı qorxuya salır.  SOM raketləri ətrafında yaranan ajiotaj bunun real təsdiqidir. Belə vəziyyətdə Ermənistan üçün yeganə məqbul çıxış yolu Qarabağ məsələsinin dinc yolla həllinə razılıq verməsidir. Ekspertlər geosiyasi amillərin də İrəvanın xeyrinə olmamasına diqqət yetirərək bildirir ki, hazırda İrəvana Moskva tərəfindən də əvvəlki dəstək yoxdur. Bu isə Ermənistanı Azərbaycan qarşısında daha gücsüz hala gətirir. Məhz bu səbəbdən İrəvan üçün məqbul olan, qeyd olunduğu kimi, sağlam məntiqlə hərəkət edərək danışıqlar masasında konstruktiv mövqe sərgiləməkdir. Məsələnin bu tərəfinə nəzər salan politoloq Qabil Hüseynli də bildirir ki, indi danışıqlar prosesinin yenilənməsində Ermənistanla münasibətləri sürətlə korlanan Rusiya daha böyük rol oynamağa başlayır: “Son dövrlərdə Rusiyanın Dağlıq Qarabağla bağlı siyasətində müəyyən qədər dəyişikliklər var. Rusiya Ermənistanın anormal, heç bir əsası olmayan iddialarını qəbul etmir. Digr tərəfdən bu yaxınlarda Rusiya tərəfi təqdir ediləsi daha bir addım atdı. Bir qrup millət vəkili, politoloq, ekspert və jurnalisti Azərbaycana göndərdi. Söhbət Cocuq Mərcanlıda “Bakı və Moskva arasında geopolitik ox: Azərbaycan Rusiyanın Cənubi Qafqazda yeganə müttəfiqidir” mövzusunda keçirilən konfransdan gedir. Bu konfrans ictimai şüuru kifayət qədər dalğalandırdı. Ermənistanda ciddi qıcıq doğurdu. Hətta Moskvada yayımlanan televiziya proqramlarının birində Duqin və onun komandasının, eləcə də Dövlət Dumasının bir sıra deputatlarının Azərbaycanda Cocuq Mərcanlıdakı açıqlamalarına qərəzli reaksiyalar oldu. Amma bütün bunlara baxmayaraq, Duqin və Azərbaycana gəlmiş deputatlar həmin qəzəbli çıxışların cavabını verdilər. Duqinin bir ifadəsinə diqqət çəkmək istəyirəm: “Rusiya Ermənistanın söylədikləri ilə oturub-duracaqsa, bu, Rusiya üçün faciə deməkdir”. Yəni ermənimeylli, etnik mənşəyi erməni olan adamların Moskvanı yönləndirməyə çalışmaları faciəyə gətirib çıxarar. Bu çox ciddi məna kəsb edən ifadədir. Erməni lobbisinin Rusiyada meydan sulamasına və onun Rusiya siyasətini yönləndirməsinə qarşı səsləndirilmiş fikirdir”.

Politoloq vurğulayıb ki, son zamanlar Rusiyanın Azərbaycan və Rusiya arasındakı strateji əlaqələri yeni keyfiyyət mərhələsinə keçir: “Rusiyanın bunu istəməsi də diqqətçəkən məqamlardandır. Azərbaycanın Cənubi Qafqazda Rusiyanın əsas müttəfiqi olmasını elan etmələri çox əhəmiyyətli hadisədir. Ermənilərin bunu sakitliklə seyr edəcəklərini düşünmürəm. Rusiyada Azərbaycanla bağlı münasibətlərdə dəyişiklik istəyi var. Bu istək hələ ki, bir neçə deputatın, politoloqun səviyyəsində özünü büruzə verirsə, daha sonradan geniş rezonans doğuracaq. Zənnimcə, belə mürəkkəb proseslərin getdiyi vaxtda danışıqlar prosesinin yenilənməsini də Minsk Qrupunun həmsədrlərinin dili ilə Rusiya dedi. Cocuq Mərcanlıda da Duqin 5 rayonun hər hansı bir şərt irəli sürülmədən Azərbaycana qaytarılmalı olduğunu vurğuladı. Rusiya təzyiqlər göstərsə, Ermənistanda danışıqlar prosesinin yenilənməsi və 5 rayon məsələsinin yenidən gündəmə gətirilməsinə kimsə müqavimət göstərə bilməyəcək".

Hər halda, proseslər bir daha təsdiq edir ki, Azərbaycan düşmən üzərində üstünlüyünü sürətlə artırır.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.

Son xəbərlər