19/07/2018 03:52
728 x 90

Paşinyan NATO zirvəsində, Moskva Paşinyana altdan yuxarı baxmaq durumunda...

img

Bu günlərdə Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinin rəhbərliyi altındakı rus diplomatlarından ibarət nümayəndə heyəti Gümrüdə yerləşən 102-ci hərbi bazaya səfər edərək, oradakı vəziyyətə baxış keçirib.

Diplomatik korpusun nümayəndələrini 102-cı hərbi bazanın komandiri, polkovnik Vladimir Yelkanov qarşılayaraq, onları baza haqqında, onun strukturu və hərbi-texniki tərkibi, rus hərbçilərinin xidmət şəraiti barədə məlumatlandırıb. Qeyd edək ki, bu səfərin erməni və rus mediasında baş nazir Nikol Paşinyanın rus qoşunlarını Ermənistan-Türkiyə sərhədindən çıxaracağı və ölkə sərhədlərinə nəzarəti daxili qoşunlara həvalə edəcəyi ilə bağlı yayılan məlumatlardan sonra gerçəkləşdirilməsi diqqət çəkib. Bundan əlavə, məlumatlara görə, İrəvanın daha sürətlə Qərbə yaxınlaşmaq niyyəti Kremli getdikcə daha çox qəzəbləndirir. Qeyd edək ki, iyulun 11-də Ermənistanın baş naziri Nikol Paşinyan Brüsselə yollanacaq və burada onun Avropa İttifaqının yüksək rütbəli məmurları ilə görüşləri planlaşdırılır. Avropa İttifaqının Ermənistandakı səfiri Pyotr Svitalski bildirib ki, Nikol Paşinyan Avropa İttifaqı rəhbərliyi tərəfindən isti qarşılanacaq. Brüsselə səfərindən sonra Nikol Paşinyan NATO-nun zirvə görüşündə iştirak edəcək. Ermənistan mediası yazır ki, ölkənin xarici siyasətində Avropaya və ümumilikdə Qərbə meyllənmə istiqamətində nəzərə çarpacaqdəyişikliklər sezilir. “Qraparak” qəzeti  qeyd edir: “Qərb Ermənistana konkret ismarıclar yollayır ki, yeni hakimiyyətə hərtərəfli - həm daxili və xarici siyasət anlamında, həm də müdafiə və təhlükəsizlik baxımından dəstək verməyə hazırdır”.

 Amma o da etiraf edilir  ki, Nikol Paşinyanın NATO sammitində iştirak üçün Brüsselə ilk rəsmi səfərə hazırlaşması Rusiyanı son dərəcə narazı salıb. Rəsmi Moskva nəinki Paşinyanın Brüsselə gözlənilən səfərindən narazıdır, üstəlik, NATO rəsmisi Ceyms Appaturayın bu səfərlə bağlı bəyanatından da xoşu gəlməyib. Ceyms Appaturay bu səfəri şərh edərək NATO-nun Ermənistanla tərəfdaşlığı dərinləşdirmək niyyətində olduğunu bildirib. İndi  Ermənistan tərəfi Rusiyaya izah etməyə çalışır ki, Paşinyan NATO sammitinin əsas gündəliyinin müzakirəsində iştirak etməyəcək, Əfqanıstandakı sülhməramlı əməliyyatlarla bağlı müzakirələrə qatılacaq. Lakin Ermənistan tərəfinin bu cür izahat vermək cəhdləri Rusiyanı tamamilə özündən çıxarıb. Hər halda, Paşinyan Brüsselə getməyə hazırlaşır və orada NATO Baş katibi Yens Stoltenberglə görüşü planlaşdırılır.

Əslində Ermənistanın NATO ilə əməkdaşlığı hələ Paşinyanın hakimiyyətə gəlişindən əvvəl Moskvanın xoşuna gəlmirdi. Çünki son illər Ermənistan NATO ilə tərəfdaşlığı bir neçə istiqamət üzrə genişləndirib , alyansın təlimlərində və proqramlarında yaxından iştirak edib. İndi isə Paşinyanın hökuməti bu xətti daha da irəli aparmaq niyyətindədir.

Belə görünür ki, Kremli təkcə Paşinyanın Brüsselə səfəri qəzəbləndirməyəcək. “Jamanak” qəzetinin yazdığına görə, sentyabrın 8-də ABŞ-dan Ermənistana böyük nümayəndə heyəti səfər edəcək. Nümayəndə heyətinin tərkibində konqresmenlər və senatorlar, iri Amerika korporasiyalarının nümayəndələri yer alacaq. Bu nümayəndə heyətinin məqsədi Ermənistanın yeni hakimiyyətinə siyasi və iqisadi dəstək verməkdir. Gözlənir ki, Ermənistana ABŞ-dan iri həcmdə investisiyaların yatırılması müzakirə olunacaq.

“Qraparak” qəzeti isə Rusiyanın Paşinyan hakimiyyətinə münasibətinə dair daha bir maraqlı xəbəri çatdırıb. Orada deyilir ki, MDB-yə, KTMT-yə üzv olan ölkələr arasında məxfi informasiyaların mübadiləsi zamanı kifayət qədər ilginc vəziyyət yaranıb. Rusiya tərəfi məxfi informasiyaları Ermənistanın təhlükəsizlik şurasının katibi Armen Qriqoryana verməməyi tapşırıb: “Mötəbər və informasiyalı mənbələrin məlumatına görə, Rusiyanın təhlükəsizlik dairələri Ermənistanın milli təhlükəsizlik Şurasının katibi Armen Qriqoryana etibar etmir. Çünki o, Ermənistanda keçirilmiş “Putin fuck” aksiyalarının təşkilatçılarından və Ermənistanın KTMT-dən çıxmasına çağıranlardan biridir. Buna görə də Milli Təhlükəsizlik Xidmətinə, Müdafiə Nazirliyinə, silahlı qüvvələrin Baş qərargahına məxfi informasiyaların təqdim edilməsi zamanı tələb qoyulur ki, həmin informasiyalar milli təhlükəsizlik Şurasından yan keçsin və Qriqoryana təqdim olunmasın”. Ermənistanın yeni hakimiyyəti ilə Kreml arasında bu etimadsızlığın daha da dərinləşəcəyi gözlənir. Paşinyan hakimiyyətə gələndən sonra Rusiyanın ünvanına nə qədər xoş sözlər deməyə çalışsa da, birmənalıdır ki, Kremldə ona və hökumətinə etibar etmirlər. Bu səbəbdən Kremlin İrəvana qarşı müəyyən gedişlər etməsi tamamilə gözlənilən sayılır. “İrates” qəzeti də Kremlin İərvanı cəzalandırmasını istisna etmir: “Rusiya hökuməti Nikol Paşinyanın NATO-nun Brüssel sammitinə qatılmasından qəzəblənib. Artıq Ermənistan Xarici İşlər Nazirliyinin Moskvaya lazımi açıqlamalar verdiyi bildirilib. Belə ki, cavabda XİN NATO-nun Rusiyaya qarşı əsas iclasına İrəvanın dəvət almadığı deyib, amma bu yenə də Moskvanı razı salmayıb. Kremlin belə vəziyyətdə Ermənistanda yeni inqilab törədərək hakimiyyətə Moskvaya loyal qüvvələri gətirməyə çalışması gözləniləndir“.

Tahir TAĞIYEV

Son xəbərlər