24/09/2018 18:03
728 x 90

İsa Peyğəmbərlə əlaqəli əfsanəvi nizənin saxtalaşdırılmış variantı Naxçıvan sərhəddində… Alban kilsəsindən tarixi oğurluq faktını alimlərimiz açır…

Ermənilərin iddia etdiyi və II Qareginin əlinə alıb əsgərlər qarşısında nümayiş etdirdiyi nizə həqiqətənmi “Longin nizə”sidir?

img

Qasım Hacıyev: “Həyat nizəsi” də alban kilsəsində olub və sonradan ermənilər tərəfindən oğurlanıb”

“Longin nizəsi” məsələsi son dövrlər gündəmə gəlib və Qaregin ondan özünü qorumaq, müdafiə etmək məqsədilə istifadə edir”

 

Məlum olduğu kimi, erməni katolikosu II Qaregin Naxçıvan sərhəddinə gedib və erməni əsgərlərinə “xeyir-dua” verib. Üç gün əvvəl baş tutan səfərdə II Qareginin əlində Longin nizəsi olub.

Uzun müddətdir Ermənistan mətbuatında II Qareginin Eçmiədzində saxlanan “Longin nizəsi”ni satması ilə bağlı məlumatlar yer alır. Ona qarşı sürülən ittihamlara görə, erməni katolikosu sözügedən nizəni satıb. O isə bu xəbəri yalan çıxarmaq məqsədilə “Longin nizəsi”ni özü ilə əsgərlərin görüşünə aparıb və nizəni onlar qarşısında nümayiş etdirib.

Qeyd edək ki, “Longin nizəsi” ilə bağlı mövcud olan əfsanəyə görə, bu nizə kimin əlindədirsə, yaxud hansı ölkədədirsə, həmin şəxsə və ölkəyə toxunulmazlıq gətirir.

Ermənistan mətbuatının yazdığına görə, Ermənistan ərazisinə (?) həmin nizəni bir çox digər “müqəddəs əmanətlər” ilə birlikdə Həvari Faddey gətirib.

Xatırladaq ki, tarixdə “Həyat nizəsi” və ya “Müqəddəs nizə”, “İsanın nizəsi” kimi adı çəkilən nizə dünyada “Longin nizəsi” kimi tanınır. Mənbələrin verdiyi məlumata görə, onun bu adı almasının səbəbi Qolqofu mühasirəyə alan romalı əsgərlərin komandiri Qay Kassiy Longin adlı senturion tərəfindən çarmıxa çəkilmiş İsanın qəlbinə sancılmasıdır. Longin keçmiş hərbçi idi. Kor olduğu üçün xidmətdən kənarlaşdırılmışdı. Amma o, casusluq və kəşfiyyat sahəsində istedadlı adam idi. Məhz bu keyfiyyətlərinə görə Roma onu Qüdsə göndərmişdi. Kassiy Longin o dövr üçün qəribə sayılan bir artefakta sahib idi. Onun nizəsi əfsanəyə görə, qədim peyğəmbərlərdən biri sayılan Finiy tərəfindən hazırlanmışdı. Nizənin çox iti oxu var idi və ucu yarım metrdən bir az uzun idi. Amma onun ən böyük xüsusiyyəti sirli gücə sahib olması idi. Longin bütpərəst idi və sehrə inanırdı. Bu səbəbdən nizəsindən ayrılmırdı. Ekspertlər qeyd edirlər ki, nizə ilə bağlı iki versiya var. Birinciyə görə, Longin İsaya nifrət edirdi. İkinci versiyaya əsasən isə, İsanı çox müşahidə etdiyindən, Longində ona inam yaranmışdı. Bununla da legioner İsa Peyğəmbəri əzabdan qurtardı. Yəni nizəni çarmıxa çəkilən İsanın ürəyinə sancmaqla onun ölümünü asanlaşdırıb. Ekspertlər yazırlar ki, Longin İsanın ürəyinə nizəni ona ürəyi yandığı üçün sancmayıb. Nizəni sancarkən o, İsanın Tanrının oğlu olduğuna inanırdı. Mif və əfsanələr bu artefaktın fenomenal gücdə olduğunu bildirir. Əfsanəyə görə, nizəyə sahib olan şəxs dünyanı fəth edə bilər. Əsrlər boyu bir çox sərkərdə və dövlət başçısı bu nizəni axtarıb. Bu sıraya imperator Konstantin, Böyük Karl, Fridrix Barbarossa və Adolf Hitler də daxildir.

Qeyd edilir ki, Eçmiədzindəki nizənin ucluğunda yunan xaçı var. Ekspertlər belə bir sual ortaya qoyurlar: necə olub ki, romalı əsgərlər yunan nizələri ilə silahlanıblarmış? Onlar bildirirlər ki, bu nizənin gücünə və qüdrətinə Adolf  Hitler də inanırdı. Alman xalqının rəhbəri olan Adolfun cavan yaşlarından bu nizəyə sahib olmaq istədiyini qeyd edən ekspertlər bildirirlər ki, onun gənclik illərində “Müqəddəs nizə” Vyana muzeyinin Cəvahirat Zalında saxlanırdı. 1909-cu ildə o, hər gün muzeyə gəlir, saatlarla nizəyə tamaşa edirdi. Adolf nizəyə sitayiş edir, günlərin birində onu əlinə alaraq dünyaya hakim olacağını düşünürdü. 1917-ci ildə gənc Adolfun bu həvəsi açıq-aşkar özünü büruzə verdi. O, Alfred Rozenberqlə ruhçağırma seansı keçirdi. Hitler tərəfindən çağırılan ruh ona dedi ki, nizəyə sahib olan şəxs Almaniyanın yeni sahibi olacaq. 15 il sonra Yeni Almaniyanın rəhbəri olan Hitler Otton nizəsini ələ keçirmək barədə qəti qərar verdi. Sərhədləri genişləndirərkən  Avstriyanı Almaniyaya birləşdirən Hitlerin əsas məqsədi nizəni ələ keçirmək idi! Və Adolfun həyatının bəlkə də ən xoşbəxt anı yetişdi. Bütün işlərini bir kənara buraxan Hitler şəxsən özü Avstriya muzeyinə daxil oldu və qədim artefaktı ələ keçirdi. Yarım il sonra “Müqəddəs nizə” xüsusi zirehli qatar vasitəsilə Almaniyanın Nürnberq şəhərinə gətirildi. Nizə ilə bərabər Gizli Gecə zamanı masanın üzərinə salınan süfrə, İohan Krestitelin dişi və xristianlığa aid digər təbərrüklər Nürnberqə gətirildi. “Longin nizəsi”nin Hitler dövrü 1945-ci ildə başa çatdı. Kütləvi bombardmanlar zamanı nizə Nürnberq qalasının altında yerləşən yeraltı qalereyalardan birində gizlədildi. Onun üçün xüsusi zirehli bunker hazırlandı. Amma 1944-cü ilin oktyabrında müttəfiqlərin aviasiya bombaları Nürnberqi darmadağın etdi və müqəddəs əşyaların saxlandığı məbədə olan yol açıldı. Bu zaman fürer bəyan etdi: “Nizəni qoruyaq, bu zaman Almaniya bərpa olunacaq!” O, nizəni və digər dini təbərrükləri gizlin surətdə saxlandıqları yerdən çıxarmağı, əvvəlcədən hazırlanmış, qayanın içinə yerləşdirilmiş gizli bunkerə yerləşdirməyi əmr edir. Amma alman dəqiqliyi ilə hazırlanmış əməliyyatda problem yaranır. Hitlerin əmrini yerinə yetirən əsgərlər səhvə yol verirlər. Deyilənə görə, onlarda olan siyahıda “Longin nizəsi” müqəddəs Mavrikiya nizəsi adı altında qeyd edilmişdi. Məlumatsız əsgərlər nizə yerinə məbəddə saxlanan müqəddəs Mavrikiya qılıncını oradan çıxardılar və gizli bunkerə apardılar. “Longin nizəsi” isə amerikalılar tərəfindən qarət edilən üçüncü dərəcəli eksponatların arasında qaldı. Nürnberqi işğal edən amerikalılar bu dəmir parçasına əhəmiyyət vermədilər. Əgər general Patton təsadüfən bu metal nizə barədə eşitməsəydi, yəqin ki, bu gün də nizənin sonrakı taleyi barədə məlumat olmazdı. O, tarixlə maraqlanırdı və bu məsələlərdə bilici idi. Bu səbəbdən, nizə barədə eşidən general Nürnberqə yola düşdü. Həmin gün Hitler həyatına qəsd etdi. Tezliklə “Həyat nizəsi” öz statusunu bərpa etdi. Bir neçə ay sonra isə Duayt Eyzenhauerin əmri ilə o, təntənəli surətdə azad edilmiş Vyananın burqomistrinə təhvil verildi. “Longin nizəsi” bu gün də Hofburq sarayında şüşə altında saxlanır. Bununla belə, nizə barədə əfsanələr bitmir. Bəzi iddialara görə, amerikalılar, əslində, dünya hökmranlığını əldə etmək üçün nizəni özlərində saxlayıblar. Vyanaya göndərilən isə saxta nizədir.

Göründüyü kimi, nizə haqqında birmənalı deyil, bir neçə versiyalı məlumatlar mövcuddur.

Əfsanəyə görə, əgər nizənin sahibi onu itirsə, ölür. Xeyir və şər - “Həyat nizəsi”nə ilk dəfə İohanın Yevangeliyasında rast gəlinir: “Döyüşçülər gəldi. Onunla çarmıxa çəkilənlərin baldırını parçaladılar. Amma onlar artıq ölmək üzrə olan İsaya yaxınlaşanda döyüşçülərdən biri nizəni İsanın köksünə sancdı”. Tarixi mənbələrə görə, nizənin sonrakı sahibləri arasında Saksoniya Krallığı xanədanının qurucusu I Henri Ptiselov, xristianlığı rəsmi din elan edən Roma imperatoru Böyük Konstantin də var. Əlində nizə olan imperator Yustinian keçmiş Roma İmperiyasının torpaqlarını barbarların əlindən geri alıb. Frank igidliyinin təcəssümü sayılan Karl Martel ərəbləri məğlub edərək, onların Qərbi Avropaya keçməsinin qarşısını alıb. Bütün Avropanın hakimi Böyük Karl 47 qələbə qazandığı zaman əlində “Həyat nizəsi” olub. Fridrix Barbarossa və 40-dan çox alman imperatoru özünü müqəddəs nizənin sahibi elan edib. Məhz bu nizə və onun köməyi ilə həyata keçirilən şücaətlər səlibçiləri qüdrətli “Tevton ordeni”ni təsis etməyə ruhlandırdı. Yüzilliklər boyu Tevton cəngavərləri istəklərinə möcüzəli gücü olan nizənin köməyi ilə çatıblar. Nizə sahibləri böyük şöhrət əldə edir, böyük xalqlar onun qarşısında baş əyirdilər. Artıq heç kəsin şübhəsi yox idi: nizə öz sahibinə fövqəltəbii güc və imkan verir. Bu gücün köməyi ilə nizə sahibi dünyanın taleyini dəyişir, xeyir və ya şər əməllərlə məşğul olur. Yuxarıda da qeyd edildiyi kimi, “Müqəddəs nizə” böyük və qiymətli artefakt sayılır.

Nizənin sehrli gücünü dərk edən insan ondan istifadə edərək dünyanı idarə edə bilər. Tarixçilər uzun illərdir sözügedən nizənin harada olmasını aşkarlamağa çalışırlar.

Bəzi tarixçilər yazırlar ki, digər artefaktlar kimi, bu nizənin də oxşarları var. Belə nizə saxlanan hər bir mərkəzdəki işçilər onlarda olan artefaktın məhz əsl “Həyat nizəsi” olduğunu iddia edirlər. Müasir dünyada hazırda, ən azından, müqəddəs nizə statusuna iddia edən 4 nizə var. Onlardan biri Vyanadakı Hofburq sarayında, biri Vatikandakı müqəddəs Pyotr məbədində, digəri Ermənistandakı Üçkilsədə (Eçmiədzin), dördüncüsü isə Polşanın Krakov şəhərindədir.

Həmin nizənin ucuna mismar vurulduğunu deyən tarixçilər qeyd edirlər ki, əfsanəyə inansaq, bu, İsa Peyğəmbərin çarmıxa çəkildiyi mismarlardan biridir. Üzərində “Bizim Tanrının mismarı” yazısı olan gümüş zolaq nizəyə sonradan vurulub. İddialara görə, Apostol Faddeyin nizəsi indiki Ermənistan ərazisində yerləşən Eçmiəzdin kilsəsində saxlanır. Ermənilər bu nizənin eramızın I əsrinə aid olduğunu iddia edirlər. Amma onlar heç bir tarixi mənbəyə istinad etmirlər, sadəcə, quru iddianın üzərində dayanırlar.

Ermənilərin iddia etdiyi və II Qareginin əlinə alıb əsgərlər qarşısında nümayiş etdirdiyi nizə həqiqətənmi “Longin nizə”sidir? Bu nizə ermənilərin əlinə necə keçib? Nə üçün bu nizə xristianlığın, katolikosluğun qədimlərdən bəri mövcud olduğu məmləkətlərdə deyil, Eçmiədzində saxlanır?

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutunun ermənişünaslıq şöbəsinin müdiri, professor Qasım Hacıyev məsələni “Bakı-Xəbər”ə şərh edərkən bildirdi ki, erməni katolikosunun “Longin nizə”si kimi əsgərlər qarşısında nümayiş etdirdiyi nizə orijinal olmaya da bilər. O hesab edir ki, digər ölkələrdə saxlanan “Longin nizə”ləri ekspertizadan keçirilsə də, hələ ermənilər bu nizənin yoxlanması üçün heç bir beynəlxalq quruma təqdim etməyiblər. Ermənilərin bu nizənin yoxlanmasını kafirlik saydıqlarını deyən Q.Hacıyevin sözlərinə görə, erməni kilsəsi, bütün məsələlərdə olduğu kimi, nizə məsələsində də saxtakarlığa yol verir. Erməni kilsəsinin bu günə qədər də artefaktı yoxlamaq üçün qurumlara təqdim etməməsini şərh edən alim bildirir ki, onlar nizənin möcüzəli qüvvəyə sahib olduğunu iddia edirlər. “Sözsüz ki, bunlar hamısı yalan üzərində köklənən bir məsələdir. Əgər doğrudan da erməni kilsəsində “Həyat nizəsi” varsa, onlar niyə bunu beynəlxalq ekspertizaya təqdim etməkdən çəkinirlər? Qorxurlar ki, saxta əməlləri üzə çıxar. Axı ekspertlər o nizəni yoxlayanda görəcəklər ki, o saxtadır. Hesab edirəm ki, bu nizənin ermənilərlə, erməni kilsəsi ilə heç bir əlaqəsi yoxdur. I əsrdə ermənilər və erməni kilsəsi var idimi ki, onlar o nizəyə də sahib ola bilsinlər?! O dövrdə ermənilər heç millət kimi formalaşmamışdılar. Mən sizə bir söz deyim, bu nizə əgər həqiqətən də Ermənistandadırsa, onda ermənilər bunu cinayət yolu ilə əldə ediblər. Onların Qafqaza, Azərbaycan torpaqlarına köçürülmə tarixi məlumdur. Bu da o deməkdir ki, ermənilərin bu ərazidə kilsələri olmayıb. O da məlumdur ki, onlar Azərbaycan torpaqlarına köçürüldükdən sonra alban kilsələrini erməniləşdirməyə başladılar. Eçmiədzinin (Üçkilsə) özü də alban mədəniyyətinə məxsusdur. Ermənilər onu da özününküləşdiriblər. Bu nizənin ermənilərə qətiyyən aidiyyəti yoxdur. Bilirsiniz ki, xristianlığın dünyaya yayıldığı ilkin dövrlərdə Albaniya xristianlığın beşiklərindən biri olub. “Həyat nizəsi” də alban kilsəsində olub və sonradan ermənilər tərəfindən oğurlanıb. İkincisi, əgər o nizə ordadırsa belə, onun ermənilərə qəti aidiyyəti yoxdur. Bu nizənin yarandığı dövrdə dünya xəritəsində erməni adlı millət olmayıb. Bizim regiona isə onlar “Türkmənçay” müqaviləsindən sonra Çar Rusiyası tərəfindən köçürülüblər. Qeyd edilənlərə görə, nizə buraya apostol Faddey tərəfindən gətirilib. Gətirilə bilərdi, ancaq alban kilsəsi üçün” - deyə Q.Hacıyev bildirdi.

Erməni kilsəsinin son bir neçə əsrdə saxakarlığın başında durduğunu deyən Q.Hacıyev qeyd etdi ki, bu gün Ermənistan cəmiyyətində birmənalı olaraq nüfuzunu itirən və xalqdan rəhm diləyən II Qaregin “Longin nizəsi”ni meydana çıxarmaqla öz nüfuzunu geri qaytarmaq istəyir. Bu gün erməni katolikosunun adının korrupsiyada, naqis əməllərdə hallandırıldığını deyən Q.Hacıyevin sözlərinə görə, o, həqiqətən də Eçmiədzində saxlanan və alban mədəniyyətinə, eləcə də digər qədim xalqların mədəniyyətinə aid eksponatları, nümunələri xarici ölkə muzeylərinə, kilsələrinə satır: “Paşinyan hakimiyyətə gəldikdən sonra Sarkisyanın ətrafında olan adamların hamısının korrupsioner əməlləri ilə bağlı ölçü götürməyə başlayıb. II Qaregin də Sarkisyanın qardaşı Levon Sarkisyanla çox yaxın dostdur, onların biznes əlaqələri mövcuddur. Hər ikisi mafoz əməllərə qurşanıb. Bu gün Ermənistan əhalisi onun bütün əməllərindən halidir və onun bütün ermənilərin katolikosu vəzifəsindən azad edilməsini tələb edir. Hazırda II Qaregin özünü oda-közə vurur və vəziyyətdən çıxış yolu axtarır. Dəfələrlə Rusiya patriarxı II Kirillə görüşmək üçün ona müraciət edib, o da Qareginlə görüşməkdən imtina edib. Çünki onun adı artıq bir çox mafioz əməldə hallanır. Son zamanlar Ermənistan cəmiyyətində xəbər yayılıb ki, Eçmiədzindəki qədim əşyaların bir hissəsi, o cümlədən də “Longin nizəsi” Qaregin və onun mafioz qrupu tərəfindən xarici ölkələrə satılıb. O da camaatın yalanını “üzə” çıxarmaq üçün xalqla görüş keçirir, əsgərlərin yanına gedir və s. Paşinyan kilsənin dini məkan olduğunu bildirir və dünya ermənilərinin, xristian aləminin qəzəbinə gəlməmək üçün birbaşa qərar vermir, amma onun əməlləri ilə barışmır. O, Ermənistanda miqrasiyanın və orduda genişlənən fərarilik halının qarşısını almaq üçün onun camaatla, əsgərlərlə görüşünün qarşısını almır. “Longin nizəsi” məsələsi son dövrlər gündəmə gəlib və Qaregin ondan özünü qorumaq, müdafiə etmək məqsədilə istifadə edir. Bunlar saxtakarlıqdır. Onlar bu nizəni sonradan da düzəldə bilərlər. O vaxt Laçın işğal ediləndən sonra Qaregin Laçındakı qədim alban məbədinə ikona gətirdi ki, guya ermənilərin burada ikonaları olub, o da bu ikonaları yenidən bərpa etdirib. Sonra alban mədəniyyətinə aid ayrı-ayrı əşyaları, eksponatları başqa ölkələrə satırlar. Ermənilər alban məbədindən saysız-hesabsız əşya, material oğurlayıblar. Bu nizə də, yenə deyirəm, oğurluqdur. Oğurluq, yaxud saxta deyilsə, niyə ekspertizaya təqdim etmirlər?”.

İradə SARIYEVA 

Son xəbərlər