13/12/2018 18:05
728 x 90

Prezident diaspor quruculuğunu gücləndirən addım atdı, ermənilər buna da laqeyd qalmadılar

“Azərbaycan Diasporuna Dəstək Fondunun yaradılması diasporun inkişafına böyük təkan verəcək”

img

Fuad Hüseynzadə: “Diaspor təşkilatlarına fond tərəfindən dəstəyin göstərilməsi diaspor hərəkatını yeni müstəviyə çıxaracaq”

 

Xəbər verildiyi kimi, Azərbaycan Diasporuna Dəstək Fondu yaradılıb. Prezident İlham Əliyev Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan Diasporuna Dəstək Fondunun yaradılması haqqında sərəncam imzalayıb. Fond Azərbaycan diaspor təşkilatlarının fəaliyyətinə dəstək vermək, onların maddi-texniki bazasını möhkəmləndirmək, milli-mənəvi dəyərlərimizi inkişaf etdirmək və dünyada daha geniş tanıtmaq, xaricdə yaşayan azərbaycanlıların sosial müdafiəsini gücləndirmək və bu sahəyə dövlət dəstəyinin ünvanlılığını təmin etmək məqsədilə yaradılıb.

Fərmanda qeyd olunur ki, dünya azərbaycanlılarının mənəvi birliyinə və həmrəyliyinə xidmət edən ümummilli ideyaları, milli-mənəvi dəyərləri sistemləşdirmək, onların ölkə vətəndaşları və xaricdə yaşayan soydaşlarımız arasında yayılmasını təmin etmək və həmvətənlərimizlə əlaqələri daha da genişləndirmək dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Ölkədə lobbiçilik fəaliyyətinin əsas istiqamət və perspektivlərini dünya azərbaycanlılarının müstəqil Azərbaycan dövləti və vahid məqsəd ətrafında birləşdirilməsi ideyasının müəllifi ümummilli lider Heydər Əliyev olub. Xaricdə yaşayan azərbaycanlıların birliyi və təşkilatlanması məsələsini daim diqqət mərkəzində saxlayan ulu öndər Azərbaycan diaspor cəmiyyətlərinin problemlərinə və qayğılarına hər zaman böyük həssaslıqla yanaşıb. Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində dünya azərbaycanlılarının konsolidasiyasında, diaspordan lobbiyə doğru inkişafında yeni mərhələnin başlanğıcı qoyulub, azərbaycançılıq həm Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlılar üçün əsas ideyaya çevrilib. Qazanılmış nailiyyətlər ölkə daxilində milli birliyin təmin olunmasına, dünya azərbaycanlıları arasında həmrəyliyin güclənməsinə zəmin olub. Xaricdə yaşayan həmvətənlərimiz bu gün Azərbaycan Respublikasında həyata keçirilən iqtisadi islahatlar prosesinə yaxından cəlb edilib, onların Azərbaycan iqtisadiyyatına investisiya qoyması və ölkə ərazisində sərbəst surətdə sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün əlverişli şərait yaradılıb.

Maraqlıdır ki, Prezident İlham Əliyevin məlum sərəncamı erməni mediasında da geniş şərh olunub və diaspor qruculuğunun gələcəyi ilə bağlı proqnozlara geniş yer ayrılıb.

Azərbaycan Diasporuna Dəstək Fondunun yaradılması diaspor işinə necə təsir edəcək? Bu sualla Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadəyə müraciət etdik.

O, “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, diaspor üzvləri üçün son günlərin ən xoş xəbəri Prezidentin sərəncamı ilə Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) tabeliyində Azərbaycan Diasporuna Dəstək Fondunun yaradılmasıdır.

F.Hüseynzadənin fikrincə, bu fondun yaradılması diasporun inkişafına böyük təkan verəcək: “Şübhəsiz, bundan sonra diasporda əhəmiyyətli şəkildə keyfiyyət dəyişikliyi özünü büruzə verəcək. Diaspora bu münasibətin dəyişməsi ayrıca diasporlararası münasibətlərə də effektiv təsir göstərəcək. Eyni zamanda diasporun Vətənə, dövlətə, eləcə də DİDK-ə inamı daha da artacaq. Ümumi olaraq diaspor təşkilatlarına fond tərəfindən dəstəyin göstərilməsi diaspor hərəkatını yeni müstəviyə çıxaracaq”.

Həmsöhbətimiz onu da bildirdi ki, Azərbaycan Diasporuna Dəstək Fondu qeyd olunan sahədə problemlərin aradan qaldırılmasında mühüm rol oynayacaq: “Nizamnamədə də qeyd olunduğu kimi, yeni yaranan fond ümumdövlət və ictimai əhəmiyyət kəsb edən fəaliyyətlə məşğul olacaq. Fondun fəaliyyətinin məqsədi  aydındır. Əsas məqsəd Azərbaycanda həyata keçirilən islahatların və əldə olunmuş nailiyyətlərin dünyaya bəyan edilməsi, ölkənin mənafelərinin müdafiəsi, milli-mənəvi dəyərləri dünya azərbaycanlılarının qoruması, daha da inkişaf etdirməsi və tanıtması kimi məsələlər mühüm yer tutur”.

Günel CƏLİLOVA

Son xəbərlər