24/09/2018 18:07
728 x 90

Terrorçunun İrana və Suriyaya gedib çıxan izləri, niyə Gəncə...

“Bu heç də o anlama gəlməməlidir ki, həmin ölkələrin bu hadisə ilə birbaşa əlaqəsi ola bilər”

img

Elşən Həsənov: “Çox incə məqam olduğu üçün...”

 

Gəncənin icra başçısı Elmar Vəliyevə edilən sui-qəsd bağlı maraqlı detallar üzə çıxıb.  Hadisə ilə bağlı yayılan rəsmi məlumatda bir sıra xarici amillərə rast gəlmək mümkündür.

Baş Prokurorluq, Daxili İşlər Nazirliyi (DİN) və Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə silahlı hücumla bağlı yaydığı birgə məlumatda deyilir: “Fakt üzrə başlanmış cinayət işi üzrə həyata keçirilən istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri ilə müəyyən edilib ki, Rusiya vətəndaşı olan Yunis Səfərovun törətdiyi bu cinayət məqsədyönlü şəkildə həyata keçirilən, əvvəlcədən planlaşdırılmış terror aktıdır. O, 2016-cı ildə İrana gedərək 8 ay Qum şəhərində yaşayıb və bu müddət ərzində Azərbaycan vətəndaşı olan Rasim Əsədovla birgə Suriya Ərəb Respublikasının ərazisində olan silahlı birləşmələrin tərkibində döyüş təlimi keçib”.

Diqqətçəkən məqam budur ki, terrora cəhd edən şəxs Rusiya vətəndaşı olmaqla yanaşı, həm də Azərbaycanın digər yaxın qonşusu olan dövlətdə yaşayıb, həttə Suriyadakı silahlı münaqişədə iştirak edib. Qaldırlan cinayət işində belə xarici faktorların olması nədən xəbər verə bilər?

Təhlükəsizlik məsələləri üzrə ekspert Elşən Həsənov qəzetimizə bildirdi ki, bu, böyük rezonansa səbəb olan bir hadisədir və hələlik konkret nəsə söyləmək mümkün deyil: “Hadisələrdən sonra bir informasiya xaosu yarandı. Müxtəlif versiyalar irəli sürüldü, hətta bəziləri bu hadisənin şəxsi qisasçılıq zəminində törədildiyini bildirdilər. İndinin özündə də müxtəlif şayiələr dolaşır. Hələlik istintaq getdiyi səbəbindən, bizim özümüz də bu məsələnin detalları ilə bağlı düşüncələrimizi tam açıb danışa bilmərik. Hər halda, istintaqın gedişinə mane ola bilərik. Mən bir peşəkar kimi bəyanatdan sonra özüm üçün çoxlu sual çıxardım. Hesab etmirəm ki, ilkin bəyanatla məsələnin mahiyyəti tam aydınlaşa bilər. Bilirsiniz ki, cinayət təqibi müxtəlif mərhələlər üzrə aparılır. İstintaq, sonra məhkəmə instansiyaları. Bunları keçmədən hadisə ilə bağlı qəti nəsə söyləmək mümkün deyil. Gələk məsələnin digər məqamına. Bəli, orada iki qonşu ölkənin adı keçir. Amma bu heç də o anlama gəlməməlidir ki, həmin ölkələrin bu hadisə ilə birbaşa əlaqəsi ola bilər. İstintaq sadəcə əldə olunan ilkin  məlumatı açıqlayıb. Bu gün də ola bilər ki, hansısa Rusiya vətəndaşı İrana səfər etsin. Bu, qanunla qadağan edilmir. Bu səbəbdən də ölkələrin adının hansısa detallarla bağlı çəkilməsi başqa yerə yozulmamalıdır. Biz çalışmalıyıq ki, bu cür hadisələrə görə təsdiq edilmiş dəlillər əlimizdə olmadan bizimlə dost olan ölkələrlə bağlı özümüzdən rəy çıxarmayaq. Təəssüf edirəm ki, sosial şəbəkələrdə belə hallara çox rast gəlirik. Çox incə məqam olduğu üçün, dövləti maraqları dərindən düşünməliyik. Ən dəqiq sözü isə istintaq və məhkəmə demiş olacaq”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər