24/09/2018 18:03
728 x 90

Diplomatlarımız və Milli Ordu hissələri bir səngərdə - Azərbaycanın yeni təcrübəsi...

“Nəzəriyyə ilə praktika vəhdətə çevriləndə ortada güclü nəticə olur”

img

Rauf  Zeyni: “Belə bir deyim var: sülh istəyirsənsə, müharibəyə hazır olmalısan”

 

9 iyul Azərbaycan Respublikası diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü münasibətilə XİN-in 50 nəfərə yaxın əməkdaşı qoşunların təmas xəttindəki vəziyyət, ön xətdə xidmət edən əsgər və zabitlər, habelə həmin əraziyə yaxın yaşayan yerli sakinlərin gündəlik həyat şəraiti ilə yerində tanış olmaq üçün Tərtər rayonuna səfər ediblər.

XİN-in Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin sözlərinə görə, bu səfər, həmçinin, Tərtər rayonunun tərkibinə daxil edilən Ağdərə rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 25-ci ildönümünə təsadüf edir. 

Səfər çərçivəsində XİN əməkdaşları Şıxarx kəndində məcburi köçkünlər üçün yeni tikilmiş qəsəbə, ermənilərin Qarabağa köçürülməsinin 150 illiyi münasibətilə 1978-ci ildə tikilmiş və sonradan ermənilər tərəfindən dağıdılmış “Marağa-150” abidəsinə baş çəkiblər. Sonra XİN əməkdaşları Tərtərin Qapanlı kəndində olublar.

Daha sonra XİN əməkdaşları ön xətdə gedib, əməliyyat şəraiti ilə tanış olub və xidmət göstərən əsgərlərlə söhbət ediblər. Onlar Müdafiə Nazirliyinin ərazidə yerləşən “N” saylı hərbi hissəsinə baş çəkərək əsgərlərlə birlikdə nahar ediblər.

Diplomatlarımızın cəbhə bölgəsinə səfərini necə dəyərləndirmək olar?

Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni qəzetimizə açıqlamasında bildirdi ki, bu olduqca təqdirəlayiq bir addımdır: “Bilirsiniz ki, Azərbaycan Prezidentinin göstərişinə əsasən, ölkəmizin diplomatları iki ildən bir Bakıya toplaşırlar. Onların bu gəlişi ilə bağlı xüsusi konfrans da keçirilir. Həmin konfrans çərçivəsində xarici siyasətimizin bəzi qüvvələr tərəfindən təhrif olunması ilə bağlı hansı addımların atılması ölkə diplomatlarımızın diqqətinə çatdırılır. Bu formatda keçirilən tədbirdə həm də bizim xarici siyasətimiz dəyərləndirilir. Məhz belə bir tədbir çərçivəsində Azərbaycan diplomatlarının bölgəyə səfəri düşünürəm ki, olduqca önəmlidir. Belə olan təqdirdə diplomatlarımız bütün reallıqları öz gözləri ilə görmüş olurlar. Onların təsəvvürü yalnız Bakı ilə bitmiş olmur. Onlar bölgəyə səfər etməklə cəbhəyə yaxın rayonlarımızdakı vəziyyət, əhalinin sosial-iqtisadi durumu barədə ətraflı məlumata malik olurlar. Əminəm ki, bizim diplomatik korpusun bütün bunlar barədə qiyabi məlumatı var. Ancaq nəzəriyyə ilə praktika vəhdətə çevriləndə ortada güclü nəticə olur. Bununla həm də dünya ictimaiyyətinin diqqəti həmin bölgəyə cəlb olunur. İstər-istəməz, maraqlanmağa başlayırlar, həmin diplomatların təmsil olunduğu 50 ölkənin nəzəri ora cəmlənir. Torpağı işğala məruz qalan bir ölkə üçün bu olduqca vacib olan bir hadisədir. Bizim bu istiqamətdə xarici siyasətimizi aktivləşdirməyə böyük ehtiyacımız var. Diplomatlarımızla diaspor təşkilatlarımızın birgə səmərəli fəaliyyətinə nail olmalıyıq. Biz nə qədər xarici siyasətdə böyük uğurlar qazansaq, o qədər də tez danışıq, dialoq yolu ilə uğur əldə edə bilərik. Bu olmayacağı halda, 26 iyundakı paradda nümayiş olunan silahlarımızla torpaqlarımızı tez bir müddətdə azad edə biləcəyik. Belə bir deyim var: sülh istəyirsənsə, müharibəyə hazır olmalısan”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər