13/12/2018 18:06
728 x 90

Avropada media yalanları ilə qanuni mübarizə başlayır, məsələnin Azərbaycana aid nüansları…

“İstərdim ki, bu mübarizədə sadəcə Avropa Birliyi ölkələrinin deyil, həm də onlarla işbirliyində olan ölkələrin də maraqları tam təmin edilsin”

img

Azər Həsrət: “Dezinformasiyanın qarşısının alınması ancaq evin içini deyil, evin çölünü də əhatə etməlidir”

 

Avropa Birliyinin (AB) 28 ölkəsinin rəhbərliyi AB diplomatiyasının başçısı Federika Mogeriniyə dezinformasiya ilə mübarizə üzrə iş planı hazırlamağı tapşırıb. Nəzərdə tutulur ki, yeni plana, xüsusən "Avropa Birliyinin xarici siyasət xidmətinin strateji rabitə komandası üçün uyğun olan mandatlar və effektiv resurslar" daxil edilməlidir.

Qeyd edək ki, Avropa Birliyi hələ üç il əvvəl mütəxəssislər qrupunu "Avropa Birliyinin siyasəti haqqında informasiyanın təhrifinə qarşı çıxmaq” üçün səfərbər etmişdi. Bu strukturun məqsədli auditoriyası başqalarından əvvəl "Şərq Tərəfdaşlığı” ölkələri - Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova və Ukrayna oldu. İndi isə Avropa Birliyi həm özünün, həm də ümumiyyətlə, Qərbin siyasəti ilə bağlı təhrif olunmuş məlumatların informasiya məkanına daxil olması əleyhinə səylərini gücləndirməyə hazırlaşır.

Rəqəmsal iqtisadiyyat və cəmiyyət məsələləri üzrə avrokomissar Mariya Qabrielin sözlərinə görə, Avropa Birliyi sənədlərində ilk dəfə olaraq dezinformasiyanı "iqtisadi fayda əldə etmək, ictimaiyyəti qəsdən aldatmaq və ictimai zərər vurmaq” üçün yaradılan, təqdim edilən və yayılan yanlış məlumatlar kimi təyin edir.

“Avropa Birliyinə zərər” deyəndə demokratik siyasi proseslərə və qərarların qəbul olunmasına, eləcə də səhiyyəyə və ətraf mühitin qorunmasına təhdid nəzərdə tutulur.

Qeyd edək ki, Avropa Birliyinin rəhbərliyi yanlış məlumatlara qarşı mübarizə üçün hər il 1,1 milyon avro ayırmağa qərar verib. Vəsait “East Stratcom Task Force”un strateji məsələlər üzrə operativ işçi qrupuna yönləndiriləcək. Yeri gəlmişkən, təhlükəsizlik üzrə avrokomissar Culian Kinq Avropa Parlamentinin hələ yanvarda keçirilən iclasında çıxış edərkən bildirmişdi ki, “East Strat Com” 2015-ci ildən, yəni yaranandan açıq girişdə olan və faktlarla ziddiyyət təşkil edən 3,5 mindən çox dezinformasiya nümunəsi aşkar etməyə nail olub. Təklifin mahiyyətindən görünür ki, AB daha çox öz siyasəti ilə bağlı yanlış informasiyaların yayılması ilə mübarizə aparmağı hədəfləyir. Biz dəfələrlə ölkəmizlə bağlı dezinformasiyaların ilkin yayılma ünvanının məhz Avropa ölkələri olduğunu müşahidə etmişik. Bu layihənin baş tutması Azərbaycanla bağlı Avropa Birliyi ölkələrindən dezinformasiyaların tirajlanmasının qarşısını ala biləcəkmi və bunun ölkəmiz üçün nə kimi faydası var?

Media məsələləri üzrə ekspert Azər Həsrət qəzetimizə açıqlamasında bildirdi ki, bu lap mollanın dediyini elə, amma etdiyini təkrarlama məsələsinə bənzədi: “Onlar istəyirlər ki, Avropa Birliyi çərçivəsində dezinformasiyaların qarşısını alsınlar. Hesab edirəm ki, buna gedən yol bir qədər fərqli istiqamətdə olmalıdır. Əvvəlcə Azərbaycan kimi ölkələrlə bağlı yayılan dezinformasiyaların qarşısı alınmalıdır. Yəni özümə yox, digərinə zərər verə bilərəm kimi prinsip kənara qoyulmalıdır. Biz məhz Avropa Birliyi ölkələri tərəfindən yayılan dezinformasiyalardan çox əziyyət çəkmişik. Ölkəmizin rəhbərliyi və dövlətimizin yürütdüyü siyasətlə bağlı Avropa Parlamentində və digər institutlarda anti-Azərbaycan təbliğatının aparıldığının şahidi olmuşuq. Həmin təsisatlar əksər hallarda məhz Avropa Birliyi ölkələrində dövriyyəyə buraxılan informasiyalara görə üzərimizə qalxırlar. Ədalətli olduqlarını iddia edən avropalılar isə heç bir araşdırma aparmadan bəzən həmin kampaniyanın təsirinə düşürlər. Dezinformasiya ilə mübarizə aparmaq təklifinin irəli sürülməsini ümumən alqışlaya bilərik. Çünki biz media adamıyıq. Ancaq çox istərdim ki, bu mübarizədə sadəcə Avropa Birliyi ölkələrinin deyil, həm də onlarla işbirliyində olan ölkələrin də maraqları tam təmin edilsin. Dezinformasiyanın qarşısının alınması ancaq evin içini deyil, evin çölünü də əhatə etməlidir”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər