17/08/2018 13:46
728 x 90

ABŞ və Fransa Paşinyanın qondarma “DQR”ə tərəf statusu bəyanatına hələ susur…

“Susmaq razılıq əlaməti sayılır”

img

Akif Nağı: “Danışsalar təkzib etməlidirlər, ona görə də heç nə demirlər”

 

Ermənistanda son hakimiyyət dəyişikliyinin Qərb və ABŞ-ın maraqlarına daha çox uyğun gəldiyi qeyd edilir. Amma bəzi analitiklər hesab edirlər ki, Rusiyanın arxa bağçası sayılan Ermənistanda Moskvanın icazəsi olmadan belə dəyişiklik reallaşa bilməzdi. Paşinyan hakimiyyətə gələndən sonra cərəyan edən hadisələr göstərir ki, Qərb və ABŞ ona daha çox maraq göstərir, sanki bəsləyir.

Bu prosesi ABŞ və Avropa Birliyi ölkələrinin siyasi dairələrinin Ermənistana marağının artması kimi də şərh etmək olar. Əvvəl ABŞ-ın dövlət katibi  Ermənistanda islahatlara yardım məqsədilə 140 milyon dollar ayırmağı təklif edib. Mayın 27-də isə ABŞ dövlət katibi köməkçisinin müavini Bricit Brink İrəvana səfər edib. Xanım Brink baş nazir Nikol Paşinyanla görüşdə ABŞ-ın siyasi, iqtisadi, demokratiya və insan haqları sahələrində Ermənistanla əməkdaşlıq etməyə maraq göstərdiyini və bu məsələlərdə lazım olan dəstəyi verməyə hazır olduğunu bildirib.

Eyni zamanda, Böyük Britaniyanın baz naziri Tereza Mey də 28 may - Müstəqillik Günü ilə bağlı Nikol Paşinyana göndərdiyi təbrik məktubunda “Birləşmiş Krallığın sizin təşəbbüslərinizə dəstək verdiyini hesab edə bilərsiniz” - deyə vurğulayıb. Mayın 29-da isə Fransanın xarici işlər naziri Jan İv Le Drian Ermənistana rəsmi səfər edib. Le Drian Ermənistanda xalqın siyasi tələbi əsasında hökumətin formalaşmasını alqışladığını deyib. O, həmçinin, Ermənistanla Avropa İttifaqı arasındakı münasibətlərin də müzakirə olunduğunu bildirib. Ermənistanın xarici işlər naziri Zöhrab Mnasakanyan isə payızda Fransa Prezidenti Emmanuel Makronun İrəvana rəsmi səfər edəcəyini açıqlayıb. Avropa və ABŞ-dan Paşinyana ayrılan diqqət özünü erməni baş nazirin qondarma qurum sayılan “DQR”in danışıqlar prosesində müstəqil tərəf kimi iştirakı ilə bağlı təklifə verilən və verilməyən reaksiyalarda da özünü göstərir. Həmin açıqlamaya ziddiyyətli olsa da, ilk açıqlamanı Rusiya verdi. Lavrov dedi ki,  biz danışıqlar prosesinin əvvəlki formatda aparılmasını istəyirik. “DQR”in danışıqlarda iştirakı isə tərəflərin razılığına bağlı məsələdir. Maraqlıdır, Minsk Qrupunun digər həmsədrləri olan Fransa və ABŞ niyə bu məsələyə reaksiya vermirlər?

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı qəzetimizə bildirdi ki, Rusiyanın bu yöndə verdiyi açıqlama da ermənilərin xeyrinə idi: “Gördünüz ki, Lavrovun açıqlamasından sonra erməni mediası həmin tezisin üzərində hansı təbliğatı apardı? Lavrov təcrübəli diplomatdır, o, ümumiyətlə, bu məsələnin tərəflərdən asılı olan mümkünlüyünü dilə gətirməməli idi. Bu mövqe o anlama gəlir ki, yəni əl yeri var. Lavrov deməliydi ki, münaqişənin həlli ilə 1992-ci ildə mandatı müəyyənləşən Minsk Qrupu məşğul olur. Həmin mandatda da əsas münaqişə tərəfi kimi Azərbaycanla Ermənistan, maraqlı tərəf kimi isə Qarabağın azərbaycanlı və erməni icması müəyyənləşib. Bunu ifadə etməklə dolayısı ilə Paşinyana dəstək vermiş olub. Digər həmsədrlərin də bu ürəyindəndir. 20 ildir onlar Dağlıq Qarabağdakı separatçı rejimin təbliğatı ilə məşğul olurlar. Hər dəfə regiona səfər edəndə onlar separatçıların lideri ilə görüşüb bu barədə mediaya məlumat veriblər. ATƏT-in Minsk Qrupunun şəxsi nümayədəsi Kaspirşik də bu istiqamətdə rekord vurub. Sanki bu 20 il ərzində qondarma qurumu təbliğ etmək kimi öhdəlik üzərinə götürüb. Onlar “DQR”i danışıqlar prosesində müstəqil tərəf kimi daha çox arzulayırlar. Məhz buna görədir ki, Paşinyanın bəyanatına susmaqla cavab verirlər. Susmaq razılıq əlaməti sayılır. Danışsalar təkzib etməlidirlər, ona görə də heç nə demirlər”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər