17/08/2018 13:45
728 x 90

TANAP-ın bir qolu Ukraynaya da uzanacaq...

“Qazdan ciddi asılılığı olan Ukrayna CQD-yə ümid yeri kimi baxır”

img

Qabil Hüseynli: “Bu bir daha sübut edir ki, Azərbaycan öz enerji ehtiyatlarından səmərəli istifadə etməklə dünyanın vacib oyunçusuna çevrilir”

 

Ukrayna Prezidenti Petro Poroşenko Türkiyənin Əskişəhər şəhərində TANAP layihəsinin açılış mərasimindəki çıxışında deyib ki, TANAP Azərbaycan, Türkiyə, Avropa və Ukrayna üçün çox önəmli layihədir.

Ukrayna Prezidenti bildirib ki, TANAP-la “Cənub Qaz Dəhlizi”nin önəmli qismi tamamlanıb: “Son illər gördük ki, enerjidən Rusiyanın başqa ölkələrə təzyiq vasitəsi kimi istifadə edildi. Ancaq bu siyasət uğurlu olmadı. TANAP bunun göstəricilərindən biridir. Bu layihə yaxın dostum, Azərbaycan Prezidenti İlham Əliyevin və mənim, eyni zamanda Ukrayna xalqının yaxın dostu, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə gerçəkləşib. TANAP Ukraynanın enerji təhlükəsizliyi üçün də önəmlidir.

Mən Ukrayna xalqı adından Azərbaycan və Türkiyə prezidentlərinə təşəkkür etmək istəyirəm. Ukrayna bu layihəyə tam dəstək verir. Biz bu gün öz enerji qaynaqlarımızı genişləndirməyə çalışırıq.

Biz Bolqarıstan və Rumıniya üzərindən TANAP-dan qaz əldə etmək istəyirik. Yaxın gələcəkdə Xəzər dənizindən təbii qazın tək Ukraynaya deyil, bütün Avropaya ixrac ediləcəyinə inanıram”.

Göründüyü kimi, son illər ərzində Rusiyanın ciddi enerji embarqosu ilə üzləşən Ukrayna da  Azərbaycanın təşəbbüskarı olduğu layihəyə ümidini bağlayır. Ukraynanın bu niyyətini necə dəyərləndirmək olar?

Politoloq Qabil Hüseynlinin sözlərinə görə, Ukraynanın bu mövqeyi CQD-nin önəmini bir daha üzə çıxarmış oldu: “Bilirsiniz ki, Ukrayna birbaşa bu layihənin iştirakçısı deyil. Amma onlar görürlər ki, bir vaxtlar xülya kimi baxdıqları layihə artıq tam reallaşmaq üzrədir. Ukrayna Avropanın ən böyük ölkələrindən biridir. Amma təbiət həmin ölkəyə bütün gözəllikləri bəxş etsə də, enerji resurslarından məhrum edib. Keçmiş SSRİ-də olan respublika kimi Ukrayna bu tələbatını Rusiyanın hesabına qarşılayıb. Sonrakı dönəmlərdə isə Rusiya məhz qaz şantajı ilə Ukraynanı, sözün həqiqi mənasında, oynadıb. Son illərin prosesləri isə gözümüzün qabağındadır. Avropa qaz tələbatının təxminən 35 faizini  Rusiya qazı hesabına ödəyir. Azərbaycanın “Cənub Qaz Dəhlizi” vasitəsilə Türkiyə üzərindən Avropa bazarına çıxara biləcəyi qazın həcmi ümumilikdə 17 milyard kubmetrdir. Bunun 7 milyardı Türkiyənin ehtiyaclarının ödənilməsinə, qalan 10 milyardı isə Türkiyə, Yunanıstan və Bolqarıstan vasitəsilə Avropaya yönəldiləcək. Avropa məlum qaz kəmərinin çəkilməsini həm geosiyasi, həm də geoiqtisadi baxımdan ona görə dəstəkləyir ki, bu kəmərlər Rusiyadan asılılığın minimuma endirilməsinə müəyyən mənada öz töhfəsini verə bilər. Ukraynanın da təmsil olunduğu Avropanın təbii qaza olan ehtiyacı ilbəil artır. Rusiya qazı olmasa, Avropanın iqtisadiyyatı proqnozlaşdırıla bilməyəcək vəziyyətə düşər. Ona görə də Avropa alternativ qaz kəmərlərinin çəkilməsində maraqlıdır. Bu baxımdan da təbii qazdan ciddi asılılığı olan Ukrayna CQD-yə ümid yeri kimi baxır. Bu bir daha sübut edir ki, Azərbaycan öz enerji ehtiyatlarından səmərəli istifadə etməklə dünyanın vacib oyunçusuna çevrilir. Alternativ qaz kəməri Avropanı asılılıqdan tam azad etməsə də, bunun əhəmiyyətli təsiri olacaq”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər