17/08/2018 13:45
728 x 90

“Cənub Qaz Dəhlizi” hansı keyfiyyətlərinə görə yeni əməkdaşlıq formatı sayılır...

“Məhz buna görədir ki, “Cənub Qaz Dəhlizi” layihəsinə Asiya və Avropanın aparıcı beynəlxalq maliyyə qurumları tərəfindən birbaşa kredit vasitəsilə dəstək göstərilib”

img

Elşən Əliyev: “Bütün bu amilləri nəzərə aldıqda, iki qitəni birləşdirən meqalayihə çərçivəsində mühüm əməkdaşlıq modeli ortaya çıxmış olur”

 

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Əskişəhər şəhərində TANAP layihəsinin açılış mərasimində bildirib ki, iki ölkənin təşəbbüsü ilə irəli sürülən istənilən layihə həyatda əksini tapır: “Çünki bunun arxasında güclü siyasi iradə, bizim qardaşlığımız dayanır. Türkiyə- Azərbaycan qardaşlığı olmasaydı, bu layihə kağız üzərində qalardı. Onu da qeyd edim ki, Azərbaycanın Türkiyəyə qoyduğu sərmayənin miqdarı yaxın vaxtda 20 milyard dollara çatacaq". 

Dövlət başçısı deyib ki, Azərbaycan qazının Avropaya ötürülməsi ilə bağlı son illər bir çox danışıqlar aparılıb, layihələr irəli sürülüb: “Ancaq bunlar reallaşmayıb. Ona görə də Türkiyə və Azərbaycan qərara gəldi ki, birgə TANAP layihəsini həyata keçirsin. 2011-ci ildə bununla bağlı Türkiyədə saziş imzaladıq. TANAP mürəkkəb layihədir, biz bunu birgə icra etdik. TANAP 7 ölkəni birləşdirir, “Cənub Qaz Dəhlizi”nin tərkibinin bir hissəsidir.

“Cənub Qaz Dəhlizi” 4 elementdən ibarətdir. Bura “Şahdəniz-2”, Cənubi Qafqaz Kəməri, TANAP və TAP daxildir. TAP-ın 72 faizi icra olunub. Əminəm ki, bu layihə də yaxında tam icra olunacaq. Dəyəri 40 milyard dollar olan “Cənub Qaz Dəhlizi” Azərbaycan qazının qısa yolla və şaxələndirilmiş formada çatdırılmasını təmin edəcək. “Cənub Qaz Dəhlizi” enerji təhlükəsizliyi layihəsidir. Bu layihə vasitəsilə Azərbaycan qazı Türkiyə və Avropaya çatdırılacaq. “Cənub Qaz Dəhlizi” yeni qaz mənbəyidir və enerji şaxələndirilməsinə xidmət göstərir. “Cənub Qaz Dəhlizi” Avrasiyada yeni əməkdaşlıq formatıdır. Gələcəkdə 3 ölkə də tərəfdaşlarımız kimi layihədə iştirak edəcək. Biz Azərbaycan qazının Avropaya çatdırılması istiqamətində daha böyük işlər görməyə çalışmalıyıq”.

Göründüyü kimi, ölkə başçısı “Cənub Qaz Dəhlizi”nə Avrasiyada yeni əməkdaşlıq formatı tərifini verib. İki qitəni birləşdirən yeni əməkdaşlıq formatı deyəndə nə nəzərdə tutulur?

İqtisadçı Elşən Əliyev qəzetimizə bildirdi ki, CQD-nin fəaliyyətə başlaması onu göstərir ki, Azərbaycan bütün hədəflərinə çatmağa qadirdir: “Bu layihənin iştirakçı dövlətləri Azərbaycanı regionda öz sözünü deyə bilən oyunçu kimi qəbul edirlər. CQD çoxşaxəli layihədir. Bu layihədə geosiyasi və iqtisadi amillər, əməkdaşlıq şəraiti - hamısı nəzərə alınıb. Bu amillər nəzərə alındığı üçün belə irimiqyaslı layihə gerçəkləşdirilir. Azərbaycan bu layihəni həyata keçirərkən regiondakı vəziyyəti, iqtisadi tendensiyaları nəzərə alıb. Bu da iştirakçıların Azərbaycanla əməkdaşlıqda marağını artırır. Belə layihələrdə müxtəlif güclərin təmsil olunması regionda təhlükəsizlik baxımından vacibdir. Bu həm də bölgənin təhlükəsizliyinin artırılmasına xidmət edir. Bəli, bu, iki qitəni birləşdirən mühüm əməkdaşlıq nümunəsidir. Məhz buna görədir ki, “Cənub Qaz Dəhlizi” layihəsinə Asiya və Avropanın aparıcı beynəlxalq maliyyə qurumları, o cümlədən Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnfrastruktur İnvestisiya Bankı, Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı və Dünya Bankı qrupunun digər üzvü olan Çoxtərəfli İnvestisiya Təminatı Agentliyinin (MİGA) qarşılıqlı zəmanəti ilə bir sıra kommersiya bankları tərəfindən birbaşa kredit vasitəsilə dəstək göstərilib. Bir sıra dövlətlərin əlaqədar qurumları rəsmilərinin və Avropa İttifaqının müvafiq təşkilatlarının yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə keçirilən Məşvərət Şurasının iclaslarında da “Cənub Qaz Dəhlizi”nin beynəlxalq və transmilli əhəmiyyətindən danışılıb. Layihə Avropa ölkələrinin enerji təminatı imkanlarını artıracaq, qaz tədarükü mənbələrinin şaxələndirilməsinə, yeni alternativ marşrutlardan istifadəyə şərait yaradacaq. Enerji təhlükəsizliyinin təminatında xüsusi əhəmiyyəti ilə seçilən bu layihənin strateji əhəmiyyəti, ölkələrarası qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsində rolu daha böyükdür. “Cənub Qaz Dəhlizi”nin reallaşması Avropa İttifaqı ilə Azərbaycan arasında yeni mərhələ, Cənubi Qafqazda davamlı sülhün qorunması üçün göstərilən səylərin davamıdır. Bəllidir ki, Avropa İttifaqına üzv dövlətlərin üçdə bir hissəsi ilə Azərbaycanın strateji tərəfdaşlıq haqqında bəyannamələri, yaxud sazişləri var.

Azərbaycanın enerji diplomatiyasının növbəti uğuru olan TANAP, TAP layihələri “Cənub Qaz Dəhlizi”nin həyata keçirilməsi istiqamətində mühüm mərhələ kimi dünya enerji bazarında  müzakirə olunan məsələ kimi aktuallığını saxlayır, neft strategiyası Azərbaycanın iqtisadi müstəqilliyini şərtləndirir. Bütün bu amilləri nəzərə aldıqda, iki qitəni birləşdirən meqalayihə çərçivəsində mühüm əməkdaşlıq modeli ortaya çıxmış olur.

Ən vacib detal isə burasındadır ki, bu layihənin reallaşmasına etiraz edən yoxdur, bütün iştirakçı, hətta birbaşa iştirakı olmayan ölkələr bundan yalnız xeyir götürəcək. Bu layihənin kiməsə zərəri dəyməyəcək”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər