18/06/2018 05:47
728 x 90

Naxçıvanın Günnüt kəndi məsələsi Ermənistan elitasını parçaladı...

“Günnüt kəndi və strateji yüksəkliklərin işğaldan azad edilməsi Paşinyan üçün soyuq duş effekti yaratdı”

img

Məhəmməd Əsədullazadə: “O nə qədər çalışsa da, bu məğlubiyyətdən sığortalanmayacaq”

 

2016-cı ilin şanlı aprel döyüşlərindən sonra Ermənistan ordusu ikinci ağır məğlubiyyəti Naxçıvanda aldı. Belə ki, ötən həftə Azərbaycan Ordusunun Naxçıvan istiqamətində 11 min hektar ərazini düşmən işğalından azad etməsi xəbəri böyük rezonansa səbəb oldu.

Sözügedən qələbədən sonra işğalçı ölkənin rəsmiləri ciddi narahatlıq keçirirlər. Təqribən 10 gün əvvəl Ermənistanın yeni müdafiə naziri David Tonoyan jurnalistlərə açıqlamasında “cəbhədə hər şey qaydasındadır, vəziyyətə nəzarət edirik, üstünlük bizdədir”, - demişdi. Bu bəyanatdan bir neçə gün sonra Azərbaycan Ordusunun 11 min hektar ərazini işğaldan azad etməsi xəbəri işğalçı ölkədə çaxnaşmaya səbəb oldu.
Bununla yanaşı, Ermənistanda Nikol Paşinyan hakimiyyətə gəlsə də, parlamentdə əsas çoxluq hazırda müxalifətə keçən Respublika Partiyasındadır. Bu isə, faktiki olaraq, İrəvanda ikihakimiyyətliliyin yaranmasına səbəb olub. İşğalçı ölkədə Paşinyan hakimiyyətə yiyələnsə də, Serj Sarkisyan tərəfdarları məğlubiyyətin acısını çıxmaq üçün çalışmaqda davam edirlər. Ermənistanda mövcud olan ikihakimiyyətlilik fonunda aydın məsələdir ki, bu ölkədə mövcud olan ağır vəziyyət daha da pisləşəcək. Çünki hər bir tərəf öz marağını güdərək, digərinin həyata keçirmək istədiyi addımların qarşısına sipər çəkəcək ki, bu da sonda düşmən ölkədə yaşanan ağır sosial-iqtisadi durumu daha da gərginləşdirəcək.

Maraqlıdır ki, Nikol Paşinyan Günnüt məğlubiyyətini keçmiş hakimiyyətin üstünə atmaq istəyir və bu minvalla məsuliyyətdən yayınmağa çalışır. Erməni mətbuatının yazdığına görə, Paşinyan iddia edir ki, guya Serj Sarkisyanın ordudakı adamları buna şərait yaradıb. O səbəbdən ki, Paşinyan hörmətdən düşsün. Əslində isə bu belə deyil. Sözügedən qələbə məhz Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində mümkün olub.

O baxımdan maraqlıdır, sözügedən məsələni ekspertlər necə şərh edirlər?

Məsələyə münasibət bildirən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, məlum qələbə Azərbaycan Ordusunun rəşadəti sayəsində mümkün olub: “Ermənistanın işğalçı siyasəti nəticəsində 25 ildir Qarabağ konflikti həll edilmir. Bu da regionda müharibə risqini artırır. Ermənistanda 20 ilə yaxın hakimiyyətədə olan Qarabağ klanının imitasiya xarakterli siyasəti danışıqlar prosesində status-kvonun qorunmasına hesablandı. Hərbi xuntanın hakimiyyətdə olduğu illərdə, demək olar ki, danışıqlar aparılsa da, nəticə etibarilə, mümkün danışıqlar sabotaj edildi. Serj Sarkisyanın küçə etirazıları nəticəsində hakimiyyətdən devrilməsi və Nikol Paşinyanın baş nazir olması, ilk gündən yeni hakimiyyətin Qarabağda verdiyi bəyanatlar kəskin şəkildə danışıqlar prosesinə zərbə vurdu. İndiki Ermənistan hakimiyyətinin Qarabağ siyasəti, demək olar ki, danışıqların dayanmasına və Ermənistanın birtərəfli olaraq danışıqlardan çəkilməsinə hesablanıb. Təbii ki, rəsmi İrəvanın hazırkı ritorikası ciddi şəkildə gərginliyin artmasına aparır. Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt kəndi və strateji yüksəkliklərin işğaldan azad edilməsi Paşinyan üçün soyuq duş effekti yaratdı. İlk gündən belə bir acı məğlubiyyətlə üzləşmək Paşinyan üçün çox ağır idi. O üzdən, o bunun günahlarını Serj Sarkisyanın apardığı idarəetmə sistemində gördü. Hesab edirəm ki, Günnüt əməliyyatı bir daha sübut etdi ki, Ermənistan ordusu Azərbaycan Ordusu qarşısında acizdir və ölkəmiz istənilən situasiyada zərbə endirməyə hazırdır. Günnüt əməliyyatı Paşinyan üçün ağır zərbədir və o nə qədər çalışsa da, bu məğlubiyyətdən sığortalanmayacaq. Hesab edirəm ki, Ermənistanın yeni hakimiyyəti məğlubiyyətə məhkumdur və Qarabağ danışıqlarına tezliklə başlamasa, onları ağır məğlubiyyət gözləyir”.

Vidadi ORDAHALLI 

Son xəbərlər