17/10/2018 01:39
728 x 90

Azərbaycanın enerji siyasətinə məzmunlu qiymət – Rusiya ilə sərt rəqabətsiz əməkdaşlıq, Avropaya qaz...

img

Bu gün qardaş Türkiyənin ehtiyac duyduğu başlıca məqamlardan biri də enerji resursları, o cümlədən təbii qazla etibarlı şəkildə təmin olunmaqdır. Real vəziyyətin təhlili göstərir ki, qeyd olunan xüsusda Türkiyə üçün ən sərfəli, etibarı mənbə qismində Azərbaycan çıxış edir. Hazırda Türkiyə ən ucuz qazı məhz Azərbaycandan alır. "Transanadolu” (TANAP) təbii qaz boru kəmərinin işə düşməsi ilə Türkiyə həm ölkəmizdən daha çox qaz alacaq, həm də Azərbaycan burada enerji sektorunda daha güclü mövqenin sahibinə çevriləcək.

Enerji iqtisadiyyatı üzrə türkiyəli ekspert Gürkan Kumbaroğlu bildirir ki, TANAP Avrasiyanın enerji təchizatında bütün sağlam rəqabətlərə davam gətirmək iqtidarında olan beynəlxalq layihədir. Onun mövcudluğu həlledici gücə malikdir. O bildirib ki, TANAP və onun ardınca istifadəyə veriləcək TAP boru kəməri yüz illər boyu fəaliyyət göstərəcək: "Bu boru kəmərləri texniki imkanları nəqletməyə davam gətirdiyi müddətdə istifadə olunacaq. Hesablamalara görə, TANAP-ın keçdiyi coğrafiyaya yaxın olan bütün ölkələr yaxın gələcəkdə bu və ya digər halda bu xəttə qoşulmağa maraq göstərəcəklər. Bu kəmər istifadəyə verilən kimi TAP layihəsində iştirak edən ölkələr öz öhdəliklərini daha tələskən şəkildə yerinə yetirəcəklər. Ortada heç bir süni əngəl qalmayacaq”.

TANAP-ın Azərbaycan və Türkiyənin səmimi dostluq və təmənnasız qardaşlıq münasibətlərinin ortaq bəhrəsi olduğunu vurğulayan G.Kumbaroğlu qeyd edir: “TANAP-ın bir sıra özəllikləri var. Əvvəla, bu xəttin tikintisi qənaətli bir maliyyə xərci ilə gerçəkləşib. İkincisi, bu kəmər əlavə qoşulmalar üçün açıq olmaqla bərabər, geniş daşıyıcılıq gücünə malikdir. Ən əsası isə, TANAP Azərbaycan və Türkiyənin geosiyasi və enerji təchizatındakı gücünü daha da artıracaq”. Türkiyənin digər eksperti Erdal Tanas Karagöl də bildirir ki, Türkiyədə həyata keçirilən ən önəmli enerji layihələrdən biri olan TANAP eyni zamanda bölgədə enerji siyasətinə təkan verə biləcək strateji layihədir. Onun fikrincə, TANAP-ın həyata keçirilməsi yeni böyük enerji layihələrinə təkan verib və enerji sahəsində sərmayədarların gözündə Türkiyənin rolunu yeni səviyyəyə qaldıracaq: "TANAP Azərbaycandan Avropaya uzanan təbii qaz ixrac boru kəməri kimi görünsə də, əslində bu layihə bölgədə Şərqlə Qərb arasında əsas təbii qaz koridorunu açmış oldu".  O əlavə edib ki, TANAP və "Cənub Qaz Dəhlizi"nin növbəti qolu olan TAP qaz kəməri Türkiyə və Avropanın Rusiya qazından asılılığını azaltmağa imkan yaradacaq. Ekspert onu da vurğulayıb ki, TANAP Türkmənistan, İraq, İran və Şərqi Aralıq dənizi regionu ölkələrindən olan qazı da Avropaya ixrac etməyə imkan yaradacaq.

Məsələ ilə bağlı  rusiyalı ekspert Darya Qrevtsova da bildirir ki, TANAP layihəsi çox uğurludur: "O, Azərbaycanın maliyyə imkanlarının genişlənməsinə imkan verəcək". Onun sözlərinə görə, TANAP ölkənin gəlirlərinin artırmasına imkan verəcək: "Bu məhsulun məhz Avropa İttifaqı ölkələrinin bazarına çatdırılması tam təbiidir. Çünki Avrozona çoxsaylı iqtisadi fəal insanlara, çox inkişaf etmiş iqtisadiyyata və enerji resurslarına böyük tələbat deməkdir". Qrevtsova Rusiyanın enerji resurslarını Avropa İttifaqı bazarına çıxarmaqda çox maraqlı olduğunu qeyd edib: "Məlum olduğu kimi, hazırda Rusiya "Şimal axını"nın ikinci xəttini, "Türk axını"nı inşa edir, "Drujba" neft kəməri ilə neft təchiz edir, bununla belə, Azərbaycanı böyük iqtisadi qələbə münasibətilə təbrik etmək lazımdır. Bu, Rusiyanın maraqları ilə necə bağlıdır? Əlbəttə ki, Azərbaycan qazı Rusiya qazı ilə rəqabət aparır, lakin Azərbaycan və Rusiya müdrikcəsinə davranır. Avropa İttifaqı Azərbaycan və Rusiyanın sərt rəqabət aparmasını və iki ölkədən Avropa dövlətlərinə təchiz edilən enerji resurslarının qiymətlərinin azalmasını istərdi. Amma Rusiya və Azərbaycan resurslarının çatdırılmasının sərt rəqabətə səbəb olmaması üçün siyasətini razılaşdırır, qiymətlərin azalmasına imkan vermir. Məhz bu səbəbdən Rusiya və Azərbaycanın əməkdaşlıq etməsi vacibdir. İdeal halda bu iki enerji nəhəngi qiymətləri razılaşdırmalı, şirkətlərinin və büdcələrinin daha çox qazanması üçün enerji resurslarının çatdırılma qiymətlərini maksimuma qaldırmalıdır".

Rusiyalı ekspert həmçinin bildirib ki, TANAP üçün şərtlər Rusiyanın "Şimal" və "Cənub" axınlarının şərtlərindən daha yaxşıdır, çünki Avropa İttifaqı ölkələri Azərbaycanı geosiyasi təhdid hesab etmir. Gürcüstanın sabiq xarici işlər naziri İrakli Menaqarişvili isə vurğulayır ki, TANAP təkcə Türkiyəni deyil, həm də Avropanı qazla təmin edəcək: "TANAP Gürcüstan, Azərbaycan və Türkiyənin 90-cı illərin ortalarından tikdikləri dəhlizin davamıdır. TANAP təkcə Türkiyəni deyil, həm də Avropanı qazla təmin edəcək. Ona görə böyük enerji dəhlizi layihəsinin bu mərhələsi bütün iştirakçılar, o cümlədən Gürcüstan üçün, sözsüz ki, xüsusi əhəmiyyətə malikdir". Bütün bunlar isə öz növbəsində Azərbaycana mühüm üstünlüklər qazandırır.

Tahir TAĞIYEV

Son xəbərlər