17/10/2018 01:30
728 x 90

Azərbaycanın “Polonez” və “LORA”ları “İsgəndər”lərin Ermənistan üçün əhəmiyyətini heçə endirir...

img

Müdafiə Nazirliyinin Raket Qoşunlarının “N” saylı hərbi hissəsinin iyunun 11-də baş tutan açılışı Azərbaycanın Ermənistan üzərində hərbi üstünlüyünün daha da artdığını göstərən növbəti mühüm amil oldu.  Ekspertlər qeyd edir ki, əslində, yeni hərbi hissənin açılışı və burada müşahidə olunan silahlar Ermənistana çox ciddi yeni mesajdır. Düşmən artıq Azərbaycanın onun istənilən nöqtəsini yüksək dəqiqliklə vuran yeni silahlara malik olduğunu yenidən əyani şəkildə görür.

Qeyd edək ki, sözügedən hərbi hissədə ilk diqqət cəlb edən Belarusun “Polonez” yaylım atəşli reaktiv sistemləri oldu. Ekspertlər bu raketləri Bakının Rusiyanın Ermənistana verdiyi “İsgəndər” komplekslərinə cavabı kimi qiymətləndirir.  Rus hərbi ekspert Mixail Barabanov “Polonez” komplekslərini yol və şəbəkələri, aerodromları, şəhər və hərbi infrastrukturu, o cümlədən düşmənin canlı qüvvəsini məhv etməyə qadir olan qorxunc silah adlandırır, bunu rəsmi Bakının uğuru sayır.  Digər ekspert Oleq Qaydukeviç bildirir ki, “Polonez” “İsgəndər”dən daha effektivdir: “Bu çox effektiv və güclü silahdır. Ancaq “Polonez”ləri “İsgəndər”lə müqayisə etmək olmaz. Çünki onlar hərbi baxımdan bir qədər fərqli fəaliyyət göstərir.  Ancaq ümumilikdə bu iki kompleks hava hücumundan müdafiə sistemi kimi bir-birini tamamlayır. Ola bilsin ki, “Polonez” “İsgəndər”dən daha effektivdir. “Polonez” Azərbaycanı qorumaq gücünə malikdir. Bu silahın gücünü ruslar da etiraf edib”. 

“Polonez” döyüş əməliyyatları zamanı həm düşmənin əsas cəmləşmə rayonlarına, iri hərbi infrastrukturuna, döyüş texnikasına kütləvi zərbələr endirməyə imkan verən reaktiv yaylım atəşi sistemidir, eyni zamanda, kiçik hədəflərə dəqiq zərbələr endirə bilən silahdır. O, döyüşə nəzarət vasitəsini, nəqliyyat yükləmə maşınını və müxtəlif təyinatlı raketlərini özündə birləşdirir. Bütün elementlər Belarus istehsalı yüksək keyfiyyətli təkərli şassi üzərində qurulub. Altı hərbi maşından ibarət “Polonez” bölüyü eyni anda 100 kvadrat kilomet ərazidə 48 fərqli hədəfi məhv etmək qabiliyyətinə malikdir. “Polonez”in yeni M20 raketləri ilə təmin olunması sistemi yeni keyfiyyətlə təmin edib. Bu raketlərdən sonra sistem operativ-taktiki raket kompleksinə çevrilib.

 “Polonez” raket kompleksləri ilə yanaşı, Azərbaycan malik olduğu “LORA” operativ-taktiki raket komplekslərilə də indi erməniləri çox qorxuya salır. “LORA” kompleksləri İsrailin istehsal etdiyi ən müasir operativ-taktiki raketlərdir. Bu raketlərin işlənib hazırlanmasını “İsrael Aircraft İndustries” korporasiyası həyata keçirib, istehsalçı isə “İsrael Aerospace İndustries” korporasiyasıdır. Raketlər hermetik bağlı nəqliyyat-buraxılış konteynerlərində yerləşdirilir və səhra şəraitində saxlama müddəti 7-10 ildir. Kompleks dörd buraxılış-nəqliyyat konteynerindən ibarət paket halında daşınır. Həm təkərli şassilər üzərində, həm gəmilərdə quraşdırmaq mümkündür.

Bu raketlər düşmən ərazisinin dərinliklərində infrastruktur obyektlərini, hərbi bazaları, Hava Hücumundan Müdafiə batareyalarını və digərlərinə yüksək dəqiqliklə məhv etmək üçündür. Raketin döyüş başlığı 570 kiloqramdır. Öz göstəricilərinə görə “LORA” ABŞ-ın ATACMS operativ-taktiki raketlərinə və Rusiyanın “İsgəndər-E” operativ-taktiki raketlərilə eyni sinif raketlər hesab edilir. Türkiyə və Hindistanın İsraildən bu raketləri almağa maraq göstərdiyi haqda məlumatlar var, lakin bu sövdələşmələr baş tutmayıb. Ona görə də Azərbaycan İsraildən “LORA” raketlərini alan ilk ölkə hesab edilə bilər.

“LORA” raketlərinin uçuş məsafəsi 400 kilometrə yaxındır və onlar hədəfi 10 metr dəqiqliklə vurur. Raketlər hazırlıqsız döyüş mövqelərindən də buraxıla bilər. Yeri məlum olan istənilən obyekt hücum barədə qərar veriləndən 10 saniyə sonra “LORA” tərəfindən vurulur.

“LORA” raketləri uçuş trayektoriyasına görə ballistikdir, ancaq raketdən müdafiə sistemlərindən yayınmaq üçün proqramlaşdırılmış və ya ixtiyari manevrlər edə bilir. Bu səbəbdən onu kvaziballistik raket də adlandırırlar. Raket həm GPS sistemi, həm operator tərəfindən idarə edilə bilər.

Xatırladaq ki, bundan əvvəl Azərbaycan İsraildən 150 kilometr mənzilli “Extra” operativ-taktiki raketlərini alıb. Bu raketlərin bir hissəsi Naxçıvanda yerləşdirilib və oradan Ermənistan paytaxtını vurmaq imkanındadır.

Beləliklə, Azərbaycan regionda Rusiyadan və İrandan sonra ən güclü raket potensialına malik ölkəyə çevrilib. Ordumuzun silahlanmasında nəinki son vaxtlara qədər Ermənistanın hər fürsətdə lovğalandığı, 250 kilometr mənzilli “İsgəndər-E” raketləri ilə müqayisə oluna bilən, hətt eyni döyüş imkanlarına görə ondan daha üstün olan və daha uzaq məsafəli operativ-taktiki raketlərin ən azı iki tipi mövcuddur. Bu isə “İsgəndər”lərin Ermənistan üçün əhəmiyyətini heçə endirir.

NAHİD

Son xəbərlər