17/10/2018 01:31
728 x 90

Azərbaycanda təzə rus səfirinin əsas vəzifəsi açıq deyildi, ABŞ-ın təzə səfiri hansı missiya ilə gələcək...

“ABŞ-ın yeni səfirinə də ölkəmizdə öz dövlətinin maraqlarındakı prioritet istiqamətlər üzrə fəaliyyət göstərmək tapşırığı veriləcək”

img

Elşən Həsənov: “Apardığım müşahidələrə əsasən deyə bilərəm ki, ABŞ və Rusiya Azərbaycana təcrübəli diplomatlarını səfir kimi göndərirlər”

 

Rusiyanın Azərbaycana yeni təyin olunmuş səfiri Mixail Boçarnikov artıq öz səlahiyyətlərinin icrasına başlayıb. Rusiya günü ilə bağlı keçirilən qəbulda o deyib ki, Azərbaycan və Rusiya prezidentləri bu yaxınlarda yenidən prezident seçiliblər: “Bu o deməkdir ki, dostluğumuz və əməkdaşlığımız sabit şəkildə davam edəcək".

O bildirib ki, isti dostluq münasibətləri dövlət başçılarının dostluq əlaqələrindən irəli gəlir: "Bu il də əlaqələrimizin inkişafına dair ənənə davam edəcək. Əlaqələrimiz bütün səviyyələrdə davam edir. Parlamentlərarası əlaqələr yüksək səviyyədədir. Onların gələcəkdə inkişafı üçün yeni addımlar atılacaq. Bu, humanitar sahəyə də aiddir. İqtisadi sahədə də ticarət dövriyyəsini artırmaq istiqamətində işlər görülür".

Qeyd edək ki, bu günlərdə Rusiya Xarici İşlər Nazirliyi Azərbaycandakı yeni səfiri Mixail Boçarnikovun işindən gözləntilərinin müsbət olduğunu bəayn edib. Rusiya XİN rəsmisi vurğulayıb ki, yeni səfir təcrübəli diplomat və hörmətli şəxsdir: “M.Boçarnikovun qarşısında dayanan vəzifə Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlığın inkişaf etdirilməsi və gücləndirilməsi istiqamətində işləməkdir”.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putinin 29 may tarixli fərmanı ilə Mixail Boçarnikov Rusiyanın Azərbaycandakı səfiri təyin edilib.

Məlumdur ki, dünyanın başqa bir supergücü olan ABŞ-ın da Azərbaycanda səfir kreslosu müvəqqəti olaraq boşdur. Yəqin ki, yaxın vaxtlarda biz həmin ölkənin Bakıya səfir təyinatının şahidi olacağıq. Rusiya səfirindən iki dövlət arasındakı strateji tərəfdaşlığı inkişaf etdirəcəyini gözləyir. Bu o deməkdir ki, səfirə prioritet olaraq həmin istiqamət üzrə fəaliyyət tapşırılıb. Maraqlıdır, ABŞ-ın ölkəmizə yeni təyin ediləcək səfiri hansı istiqaməti özünün prioritet fəaliyyəti sayacaq?

Təhlükəsizlik məsələləri üzrə ekspert Elşən Həsənov hesab edir ki, Rusiya və Azərbaycan arasında diplomatik münasibətlər digər dövlətlərlə müqayisədə bir qədər fərqlidir: “Rusiya üçün Azərbaycanın böyük önəm kəsb edən ölkə olduğu hamıya məlumdur. Əvvəla biz qonşuyuq. İkinci tərəfdən isə, dünyanın supergücü olan Rusiya öz yaxın qonşuluğunda başqa güclərin hegemonluğunu istəmir. Bu səbəbdən də belə yaxın ölkələrlə strateji tərəfdaşlığı dərinləşdirmək istəyirlər. Rusiya ilə ölkəmiz arasında münasibətlər bütün istiqamətlər üzrə normaldır. Moskva təcrübəli diplomatları vasitəsilə bu mehribanlığı daha da dərinləşdirmək istəyir. Düşünürəm ki, yeni səfir Moskvadan olan təlimatlar üzrə gündəlik işləri ilə məşğul olacaq və fəaliyyəti də əvvəlki səfirin fəaliyyətindən kəskin fərqlənməyəcək. Çünki hələ ki, dəyişikliyə səbəb olacaq faktorlar ortada yoxdur. ABŞ-ın Azərbaycana təyin edəcəyi yeni səfirin adı hələ açıqlanmayıb. Bildirilir ki, keçmiş səfir təqaüdə çıxmağa qərar verib. R.Sekuta Azərbaycanda səfir kimi 2015-ci ilin fevralından fəaliyyət göstərib. Bir qayda olaraq, səfirlər təmsil olunduğu ölkələrdə öz dövlətlərinin siyasətini yürüdürlər. ABŞ-ın yeni səfiri də həmin missiyanı icra edəcək. ABŞ-ın Azərbaycandakı prioritet maraqları isə bəllidir. Bunlar təhlükəsizlik, enerji maraqları, demokratiya və terrorla mübarizə sahəsindəki əməkdaşlığın olduğu kimi saxlanmasıdır. Çünki bundan əvvəl ABŞ rəsmiləri bu sahələr üzrə Azərbaycanla əməkdaşlıqdan məmnunluq ifadə ediblər. Demək ki, ABŞ-ın yeni səfirinə də ölkəmizə öz dövlətinin maraqlarındakı prioritet istiqamətlər üzrə fəaliyyət göstərmək tapşırığı veriləcək. Apardığım müşahidələrə əsasən deyə bilərəm ki, ABŞ və Rusiya Azərbaycana təcrübəli diplomatlarını səfir kimi göndərirlər”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər