17/08/2018 13:45
728 x 90

Erməni ideoloqlarının yeni uğursuz tezisi – Qarabağ prosesində “xoş dalan vəziyyəti”…

“Bu “dalanın” bizim üçün xoş sayılacaq heç nəyi yoxdur”

img

Vüqar Qədirov: “Onlar hər dəfə prosesləri müxtəlif dalanlara salmaqla danışıqları pozurlar və bunun da nəticəsində...”

 

Ermənistan KİV-ləri Dağlıq Qarabağla bağlı aparılan sülh danışıqlarının hazırkı vəziyyətini “xoş dalan” kimi xarakterizə ediblər. Onlar qeyd edirlər ki, bunu iddia etməyə əsas verən  üç fərqli mövqe var.

Birinci ondan ibarətdir ki, Paşinyan hökumətin yeni proqramını təqdim edərkən parlamentdəki çıxışında bildirib ki, separatçı qurumun prosesdə müstəqil tərəf kimi iştirakının təmin olunmaması effektiv sayıla bilməz. Bu xüsusda erməni KİV-ində dərc edilən analitik yazıda qeyd edilir ki, Rusiya isə prosesin əvvəlki formatda davam etdirilməsinin tərəfdarıdır. Lakin Serqey Lavrovun fikirlərindən gətirilən sitatda bildirilir ki, Rusiya prosesin Minsk Qrupu çərçivəsində, yəni əvvəlki formatda davam etdirilməsini istəsə də, bir vaxtlar separatçı qurum  müstəqil tərəf kimi danışıqlar prosesində iştirak edib. Erməni mediası bunu belə əsaslandırır ki, tərəflər “DQR”in danışıqlarda iştirakına razılıq versə, Rusiya buna etiraz etməz. Sözügedən məqalədə Azərbaycanın da mövqeyindən bəhs edilərək bildirilir ki, rəsmi Bakı yeni təklifləri qeyri-konstruktiv sayır və hesab edir ki, bütün bunlar status-kvonu saxlamaq və danışıqlar prosesini pozmağa hesablanıb. Erməni mediası sonda qeyd edir ki, Lavrovla onların yeni xarici işlər naziri məhz bu “dalandan” çıxmağın yollarını müzakirə ediblər. İddiaya görə, guya Dağlıq Qarabağın tərəf kimi prosesdə iştirakına yalnız rəsmi Bakı etiraz edir.

Hazırda sülh danışqları prosesində yaranan vəziyyəti “xoş dalan” kimi qələmə vermək nə dərəcədə doğrudur?

Politoloq Vüqar Qədirov qəzetimizə açıqlamasında bildirdi ki, erməni mediasının mövzunu öz xeyirlərinə istiqamətləndirməsində qeyri-adi nəsə görmür: “Biz informasiya müharibəsinin içindəyik. Ermənilər bir gün də olsun bizə qarşı bu informasiya terrorunu dayandırmayıb. Prosesə onların “xoş dalan” adını verməsi maraqlıdır. Razıyam ki, proseslər dalana dirənib. Bu, Paşinyandan əvvəl də belə idi. Ancaq bu “dalanın” bizim üçün xoş sayılacaq heç nəyi yoxdur. Ermənilər üçün xoş sayıla bilər. Çünki onlar hər dəfə prosesləri müxtəlif dalanlara salmaqla danışıqları pozurlar və bunun da nəticəsində öz xeyirlərinə olan status-kvonu olduğu kimi saxlayırlar. Paşinyanın “DQR”in prosesdə iştirakı məsələsini ortaya atması da məhz bu taktikanın tərkib hissəsidir. Onlar gözəl bilirlər ki, Azərbaycan bununla razı olmayacaq. Nəinki Azərbaycan, hətta Rusiya da narazılığını ifadə edib. Onlar, sadəcə, Lavrovun düzgün anlaşılmayan bir ifadəsini əsas götürüb prosesi başqa istiqamətə yönəltməyə çalışırlar. Bizə məlumdur ki, Ermənistan danışıqlar prosesində hər zaman qeyri-konstruktivlik ortaya qoyub. Bunun da nəticəsində problemin həll edilməməsini indiyə kimi sürüyüb gətirib. Hazırkı mərhələdə isə buna “xoş dalan” adını vermək istəyirlərsə, yanılırlar. Azərbaycan tərəfi mövqeyini konkret bildirib. Danışıqlar prosesi əvvəlki formatda aparılmalıdır. Artıq biz ordumuzun müxtəlif istiqamətlərdə uğurlu əməliyyatlarının şahidi oluruq. Bunun özü ermənilərə və dünya birliyinə bir mesaj olmalıdır ki, Ermənistan substantiv danışıqlara gəlməsə, məsələnin hərbi yolla həlli qaçılmaz olacaq”.

Məhəmmədəli QƏRİBLİ 

Son xəbərlər