17/10/2018 01:50
728 x 90

Lavrovun bəyanatına araşdırmaçı düzəliş – qondarma Qarabağ rejimi heç vaxt danışıqlarda tərəf olmayıb...

“Dağlıq Qarabağ separatçıları müstəqil tərəf olaraq heç vaxt danışıqlar prosesində iştirak etməyib”

img

Fikrət Sadıqov: “Mən həmin yanlışlığı texniki xəta kimi qəbul edirəm”

 

Ermənistanda baş verən hakimiyyət dəyişikliyindən sonra Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı yeni məzmunlu müxtəlif fikirlərə, təkliflərə rast gəlirik. Ermənistanın yeni baş naziri Nikol Paşinyanın separatçıların müstəqil tərəf olaraq danışıqlar prosesində iştirak etməsilə bağlı irəli sürdüyü təklifi Azərbaycan birmənalı olaraq rədd etdi. Rusiya da rəsmi səviyyədə bəyan etdi ki, danışıqlar əvvəlki formatda aparılmalıdır.

Lakin bu xüsusda Rusiyanın xarici işlər naziri Lavrovun verdiyi bəynatda diqqəti vacib bir nüans çəkdi. Rusiyanın baş diplomatı deyib ki, Moskva Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyini dəyişməz olaraq saxlayır: “Bu mövqe münaqişənin Minsk Qrupu vasitəsilə, danışıqlar yolu ilə həllindən ibarətdir. Biz əminik ki, bu, ən optimal variantdır. Minsk Qrupunun digər həmsədrləri ilə birlikdə Bakı və İrəvanın razılığa gəlməsinə imkan verən şəraitin yaradılması üçün ümumi maraq kəsb edən, bir-birinə zidd olmayan xətt aparırıq. Bu iş uzun illərdir davam edir. O ki, qaldı Dağlıq Qarabağın danışıqlarda tərəf kimi iştirakı məsələsinə, danışıqların hansısa mərhələsində Dağlıq Qarabağ tərəf kimi iştirak edib, sonra tərəflərin razılığı ilə danışıqlar formatı dəyişdirilib, indiki halını alıb".

Göründüyü kimi, Lavrov bəyan edir ki, danışıqların hansısa mərhələsində Dağlıq Qarabağ tərəf kimi iştirak edib. Maraqlıdır ki, bu fikir ətrafında erməni mediası böyük bir ajiotaj yaradıb. Lavrovun fikrini əsas tutaraq bəyan edirlər ki, bir vaxtlar mövcud olan prosesi bərpa etmək mümkündür. İndiyə kimi aparılan danışıqlar prosesində Dağlıq Qarabağ nə vaxtsa müstəqil tərəf kimi danışıqlar prosesində iştirak edibmi?

Politoloq Fikrət Sadıqov qəzetimizə açıqlamasında bildirdi ki, Dağlıq Qarabağ separatçıları müstəqil tərəf olaraq heç vaxt danışıqlar prosesində iştirak etməyiblər: “Əvvəlcə Lavrovun həmin açıqlamasını diqqətlə oxumaq lazımdır. O məhz Paşinyanın  Dağlıq Qarabağın tərəf kimi danışıqlar prosesinə qatılmasının zəruriliyinə dair mövqeyini şərh edərkən belə bir fikir işlədib. Amma orada deyib ki, mövcud olan format məqbul sayılır. Yenisinə də ehtiyac yoxdur. Lavrov Bişkek protokolunu nəzərdə tutub. Orada göstərilir ki, münaqişədə əsas iki tərəf var. Bunlar Azərbaycan və Ermənistandır. Münaqişənin maraqlı tərəfi isə Dağlıq Qarabağın azərbaycanlı və erməni icmasıdır. Əminəm ki, Lavrov bunu nəzərdə tutub, sadəcə, fikrini sona qədər ifadə edə bilməyib. Mən bunu texniki yanlışlıq kimi qəbul edirəm. Çünki belə bir hal olsaydı, ermənilər onu əllərində tutub bayraq edərdilər, nəinki Lavrova istinad etmək yolunu tutardılar. Bu həm də ona görə mümkün deyil ki, dünya birliyi Dağlıq Qarabağı tərəf kimi tanımır. Hətta Ermənistanın özü tərəfindən həmin qurum tanınmır. Ora terrorçular tərəfindən yaradılmış nəzarətsiz bir zonadır. Əgər oranı heç bir ölkə tanımırsa, o zaman danışıqlarda necə iştirak edə bilər? Sübut olundu ki, Paşinyanın Dağlıq Qarabağ rejiminin də tərəf kimi danışıqlarda iştirak etməsi fikri qondarma məsələdir. Bu məsələ ermənilər tərəfindən də bir necə dəfə qaldırılıb, ancaq beynəlxalq təşkilatlar buna münasibət bildirmişdilər ki, bu qeyri-mümkün olan bir məsələdir. Bu baxımdan da ermənilərin Lavrova istinadən etdikləri canfəşanlıq əbəsdir. Biz elə həmin açıqlamada Rusiyanın mövqeyinin nədən ibarət olduğunu aydın gördük. Mən həmin yanlışlığı texniki xəta kimi qəbul edirəm”.

Xatırladaq ki, Lavrovun həmin ifadələrinin yanlış və tarixə uyğun olmadığını qəzetimizin baş redaktoru Aydın Quliyev qəzetin 8 iyun tarixli sayında bildirmişdi.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər