17/08/2018 13:44
728 x 90

Sarkisyan klanının Qarabağda son “qalasının” süqutu, ya Paşinyana qarşı Sarkisyan-Saakyan bloklaşmasının başlanğıcı…

“Saakyanın 2020-ci ilə hesablanmış açıqlamasını Paşinyanın “Qarabağ” klanı üzərindəki tam qələbəsi saymaq olmaz”

img

Elşən Mustafayev: “Serj Sarkisyan-Bako Saakyan ittifaqı gələcəkdə Paşinyanın hakimiyyətinə problem yarada bilər”

 

Azərbaycanın işğal altındakı torpaqlarında yaranmış qondarma “Dağlıq Qarabağ Respublikası”nın rəhbəri Bako Saakyan 2020-ci ildə yeni “seçki”lərdə namizədliyini irəli sürməyəcəyini açıqlayıb. Ermənistan KİV-ləri xəbər verirlər ki, o bu addımı “demokratik prinsipləri” və separatçı regionda sabitliyi saxlamaq üçün atdığını deyib. Buna qədər, separatçı lider 2030-cu ilə qədər daha 2 müddətə “prezident” postunda qalmağı planlaşdırırdı. 

Xatırladaq ki, iyunun 4-də Xankəndidə mülki vətəndaşların döyülməsinə görə başlayan etirazlara görə “baş nazir” Araik Arutunyan və daha bir neçə “nazir” istefa vermişdi. Separatçıların liderinin atdığı bu addımı Paşinyanın “Qarabağ” klanı üzərində qazandığı tam qələbə kimi xarakterizə etmək olarmı?

Azərbaycan Milli İstiqlal Partiyasının funksioneri Elşən Mustafayev qəzetimizə açıqlamasında bildirdi ki, separatçıların lideri bu açıqlamanı təsadüfən verməyib: “Bilirsiniz ki, Paşinyan hakimiyyətə gələndən sonra Dağlıq Qarabağda kütləvi aksiyalar baş qaldırdı. Bunun məqsədi bəlli idi. Paşinyan Serj Sarkisyanın son dayaq nöqtəsi sayılan Dağlıq Qarabağda da hakimiyyəti tam əlinə almaq istəyir. Həssas bölgə olduğu üçün, prosesi bir qədər sakitliklə həyata keçirir. Bako Saakyanın yaxın ətrafı məcbur edilərək istefaya göndərilib. Separatçıların liderinin bu açıqlamasından belə nəticəyə gəlmək olar ki, o, Paşinyandan vaxt istəyir. Ancaq inanmıram ki, Paşinyan onu bu qədər gözləsin. Yəqin ki, müxtəlif üsullarla ona təzyiqlər davam edəcək ki, istefa versin. 2020-ci ilə kimi vəzifədə qalmaq şansına gəldikdə isə, Saakyan bunu edə bilər. Gərək Paşinyanın dedikləri ilə oturub-dursun. Paşinyan hakimiyyətə gələn gündən Dağlıq Qarabağ kartı ilə oynayır.

“Danışıqlarda bizim üçün Dağlıq Qarabağın statusu əsasdır”, “Dağlıq Qarabağ təmsilçiləri danışıqlarda iştirak etməlidirlər” kimi fikirlər səsləndirir. Birmənalıdır ki, onun bu mövqeyi Ermənistanın özündə də mütləq mənada qəbul olunmur. Bu səbəbdən də o, Dağlıq Qarabağ kartını öz inanılmış adamları ilə oynamaq istəyir. Bako Saakyan keçmiş prezident və baş nazir Serj Sarkisyanın adamıdır. Bu isə Paşinyan üçün hər an təhlükə yarada bilər. Ermənistanda siyasi ab-havanı həm də Dağlıq Qarabağdakı vəziyyət müəyyənləşdirir. Yaxın tarix də bundan xəbər verir. Zamanında Levon Ter-Petrosyan prezident olanda da onun əsas opponentləri məhz Qarabağdakı separatçılar idi və elə onu devirənlər də Qarabağdan gələnlər oldu. Əgər Paşinyan keçmiş şefinin bu səhvindən gərəkli nəticə çıxarıbsa, Dağlıq Qarabağda Bako Saakyanı sakitcə öz tərəfdarı ilə dəyişməyə çalışacaq. Əks halda, Serj Sarkisyan-Bako Saakyan ittifaqı gələcəkdə Paşinyanın hakimiyyətinə problem yarada bilər. Bu səbəbdən də Saakyanın 2020-ci ilə hesablanmış açıqlamasını Paşinyanın “Qarabağ” klanı üzərindəki tam qələbəsi saymaq olmaz”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər